atatv.az
atatv.az

Erməni yalanları beynəlxalq platformalara necə yol tapır? - GƏLİŞMƏ

16-08-2019, 11:23

Erməni yalanları beynəlxalq platformalara necə yol tapır? - GƏLİŞMƏ

Rusiyanın Pyatiqorsk şəhərində keçirilmiş "Maşuk-2019” Şimali Qafqaz Gənclər Forumu çərçivəsində Ermənistanın bu ölkədəki səfiri tədbir iştirakçıları ilə keçirilən görüşü zamanı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı yolverilməz fikirlər səsləndirib. Bu, forumda iştirak edən "Gənclərin Bakı klubu” İctimai Birliyinin sədri Sabir Rüstəmovun haqlı etirazına səbəb olub və nəticədə xoşagəlməz insident baş verib.
S.Rüstəmov bununla bağlı səfirliyə müraciət ünvanlayaraq hadisənin mahiyyətini açıqlayıb və səfirlikdən dəstək istəyib. Məsələnin ciddiliyini, Azərbaycan ictimaiyyətində doğurduğu əks-sədanı nəzərə alaraq, səfirlik Rusiya Xarici İşlər Nazirliyinə rəsmi nota göndərib.
Bundan əlavə, səfir Polad Bülbüloğlu, daha əvvəl əldə olunmuş razılığa baxmayaraq, Pyatiqorsk şəhərinə səfərdən, yuxarıda qeyd olunan Forumda iştirakdan və planlaşdırılmış görüşlərdən imtina edib.
Xəbərdən də bəlli olur ki, ermənilər istər rəsmi şəkildə, istərsə də vətəndaş cəmiyyəti olaraq hər zaman öz işğalçılıq siyasətlərinə müxtəlif şəkildə "haqq” qazandırmağa çalışırlar. Lakin heç də hər zaman buna nail ola bilmirlər. Ermənistanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarından fərqli olaraq, bütün dünyada vətəndaş cəmiyyəti institutları sülhə çağırış edir. Amma ermənilər bu müstəvidə də öz şovinist əməllərindən əl çəkmir.
Beynəlxalq təşkilatlarda, forumlarda Azərbaycanı qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil edir. Bəs görəsən vətəndaş cəmiyyəti institutları ermənilərin təxribatları ilə tez-tez qarşılaşır?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki, Rusiyada və başqa ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə ermənilər də iştirak edib: "Özüm belə tədbirlərdə dəfələrlə iştirak etmişəm. Daha çox gənclərin və o cümlədən gənclər təşkilatlarının təmsil olunduğu tədbirlərdə təəssüflər olsun ki, erməni gəncliyinin hansı psixoloji vəziyyətdə olması tam aydınlığı ilə sezilir. Baxmayaraq ki, o gənclərin bir çoxu heç müharibəni görməyib və Qarabağ savaşından sonra dünyaya gəliblər. Lakin indiki erməni gəncləri əvvəlki nəsil kimi valideynləri tərəfindən millətçi və şovinist ruhda, türklərə qarşı aqressiv şəkildə böyüdülür və tərbiyə alırlar. Biz ermənilərdən fərqli olaraq, öz mövqeyimizi istər tarixi, istərsə də beynəlxalq hüquq əsasında bildiririk. Lakin ermənilər mücərrəd çıxışlar edirlər və bu addımları ilə tez-tez Azərbaycanın nümayəndə heyətlərini, tələbələri, gəncləri təxribata çəkməyə çalışırlar. Bu dəfə də Maşukda olan beynəlxalq forumda Ermənistanın Rusiyadakı səfirinin tədbirin mövzusuna aid olmayan Qarabağla bağlı çıxışı, təbii ki, Azərbaycan nümayəndə heyətinin haqlı olaraq qəti etirazına səbəb olub. Bunu istər təşkilatçılar, istərsə də ermənilər əvvəldən bilməli idi. Bundan başqa, harada azərbaycanlılar varsa, onlar heç vaxt imkan verməz ki, ermənilər beynəlxalq auditoriyaları öz yalanları ilə aldatsınlar. Ermənilər mütləq şəkildə ifşa edilməlidir”.
Z.Məmmədov qeyd etdi ki, üçüncü ölkələrdə olan belə tədbirlərdə erməni nümayəndələri daha çox iştirak edirlər: "Erməni nümayəndələri həmin ölkələrin yerli politoloqları, ekspertləri, qeyri-hökumət təşkilatlarının üzvləri olurlar və bununla da özlərini qonaq kimi deyil, həmin ölkənin vətəndaşı olaraq aparmağa çalışırlar. Birmənalı şəkildə bilməyik ki, ermənilər tarixən, istər XIX, istərsə də XX əsrdə və bu gün də Azərbaycan xalqına düşmən obrazında baxırlar. Bunu biz onların sadə vətəndaşlarında və ya siyasətçilərinin çıxışlarında görürük. Təbii ki, erməni ictimaiyyətinin bu cür fikirləşməsinin ən əsas səbəbi Koçaryan-Sarkisyan və indi də Paşinyan rejiminin apardığı təbliğatla bağlıdır. Amma ermənilər başa düşməlidirlər ki, tarix heç də erməni tarixçilərinin qələmə aldığı kimi deyil”.
Qhtxeber.az-ın baş redaktoru Sənan Nəcəfov bildirdi ki, ermənilər istər QHT tədbiri, istər beynəlxalq görüş olsun, hər zaman əllərində olan imkandan, iyrənc təbliğatlarını yayma şansından maksimum yararlanmağa çalışırlar: "Sanki hər şey bəlli ssenari əsasında aparılır. Tədbirdən öncə bir sərgi təşkil olunur, qonaqlara yalanlarla dolu məlumat bukleti verilir, işğal olunmuş Azərbaycan torpaqlarında qurulmuş saxta abidələrin əksi olan fotolar və hədiyyələr paylanır. Sonra tədbirin özündə əvvəldən hazırlanmış saxta məlumatlarla bəzədilmiş beyinyuma sxemi əsasında çıxış olur. Əvvəldən hazırlanmış "jurnalistlərin" sualları məsələni - yalanı yaymaq ssenarisini pik nöqtəyə çatdırır. Sonra bəlli sxem olur: tədbirdən sonra "konyak qonaqlığı", jurnalistlərə "itin quduran ilindən qalmış” konyak hədiyyələri və özlərinin hazırladıqları press-relizlər. Vəssallam, iş tamamdı.
Bəs biz nə edirik? Deməyə ehtiyac yoxdur ki, işğalçı dövlət apardığı işğalçılıq siyasətini müxtəlif formalı görüntülərlə komufulyaj edir. Məsələn, onlar beynəlxalq təşkilatların birbaşa iştirakı ilə ("konyak diplomatiyası”nın bir xətti) Azərbaycan haqqında mənfi imic formalaşdırırlar. Guya bu ölkədə insan haqları pozulur, öz vətəndaşlarına qarşı siyasi təzyiq var, hətta azsaylı xalqlara qarşı diskriminasiya aparılır - kimi yalanları uydurub dövriyyəyə buraxırlar. Bütün bunlarla dünyaya göstərmək istəyirlər ki, Azərbaycanda insan haqları pozulur, belə olan halda hər zaman nifrətlə yanaşdıqları ermənilərə bundan sonra da düşmən münasibət göstərəcəklər. Bu iki xalqın bir dövlət halında yaşaması bu səbəbdən mümkün deyil və sair. İkinci mərhələdə isə qaçıb xaricdə gizlənən soydaşlarımızdan yararlanırlar, erməni mafiyasının nəzarətində olan altqurumlar, fondlar vasitəsilə qrantlar ayırırlar. Məqsəd yalnız birdir: Azərbaycan haqda maksimum mənfi obraz yaratmaq. Leyla Yunusun Erməni Ümumavropa Federasiyasından aldığı 86 min avro vəsaitin təyinatı da bunun üçündür: Azərbaycanda "diktatura rejimi”nin mövcudluğunu yaymaq. Donora və resipiyentə bir daha diqqət yetirin. Azərbaycan səfirlikləri qarşısında keçirilən aksiyaları, ayrı-ayrı ünsürlərin ləkələmə, qarayaxma hoqqalarını da xatırlayın və o zaman situasiya aydın olacaq. Beləliklə, nə mənzərə yaranır: erməni diplomatiyası, QHT-ləri, erməni mafiyası Qarabağ mövzusunda bir yerdədirlər və hər cür yaramaz və əclaf layihələri reallaşdırırlar. Üstəgəl, Azərbaycandan olan satqın və xəyanətkar "müxaliflər". Bu barədə sonsuz misal gətirə bilərəm. 20 Yanvar, Xocalı faciəsi, 31 Mart azərbaycanlıların soyqırımı günü, Şuşanın işğalı ərəfəsində xaricdə olan satqınların daha da fəallaşmasını, diqqətimizi bu yöndə aparılacaq təbliğatdan yayındıracaq addımlarını müşahidə edirik. Situasiya bu qədər qəliz və qarışıqdır”.
S.Nəcəfov əlavə etdi ki, Azərbaycan diplomatiyası, ictimai-siyasi fəallar ermənilərin təxribat yaradacağını bilir və hər həmləyə hazır olurlar: "Məsələn, 2011-ci ildə iştirak etdiyim Şərqi Avropa Davosunda erməni tərəfi ilk gündən təxribata əl atdı. Daha sonra panellərdən birində Naxçıvanda - Culfa rayonu ərazisində çəkilmiş bir videodan çıxarılmış fotoları yayaraq azərbaycanlıların "erməni xaçkarlarını" dağıtdığı haqda bukletlər payladılar. Həmin görüşdə fotoları kənara tulladım, erməni spikerlə əlbayaxa çıxdım. Panelin işi yarımçıq kəsildi və Azərbaycan nümayəndə heyəti bu cür yanaşma, yalan məlumatların yayılması davam etdiyi halda, Forumun işini boykot edəcəyini bildirəndən sonra təşkilatçılar işə qarışıb, erməni yalanlarının yayılmasının qarşısını aldılar. Başqa bir hadisə 2017-ci ildə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində Gürcüstanda keçirilən tədbirdə baş verdi. Bu dəfə tanınmış vətəndaş cəmiyyəti təmsilçisi Sahib Məmmədov etiraz etdi və hətta bu haqda "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu geniş yazı qələmə aldı. Məsələni qəlizləşdirən o idi ki, bədnam PİN təşkilatının maliyyəsi ilə hazırlanmış anti-Azərbaycan stendinə etiraz etmiş azərbaycanlılara elə özümüzünkülər qarşı çıxdılar. Onlar sifarişləri yerinə yetirən qullardılar və təəssüflər olsun ki, arxalarında erməni əli və mafiyasının pulu dayanır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031