atatv.az
atatv.az

Zülmətdə gizlənən QƏZALAR - Bakının "BƏXTİ QARA" yolları

23-09-2019, 15:27

Zülmətdə gizlənən QƏZALAR - Bakının "BƏXTİ QARA" yolları

Qaranlıq Bakı gecələri və bu zülməti aydınlatan gur işıqlar, amma...

“Əmma”sı odur ki, bu mənzərəni əsasən Bakının mərkəzi küçələrində görə bilərik. Sıra ilə düzülən işıq dirəklərini qıraq-bucaqdakı, ətraf yollarda ya görmək olmur, yada var, sadəcə işıqlar yanmır. Hətta elə yerlər var ki, avtomobillərin intensiv hərəkət zolağı olsa da, işıqlandırma yoxdur. Təbii ki, bu cür yollarda qəzaların baş verməsi qaçılmaz olur. Vay o günə ki, gecə vaxtı yolu keçən piyada da qara geyimdə ola. İndi gəl, ay sükan arxasında oturan, seç, gör, yolu seçirsən, ya piyadanı?!

Bir müddət əvvəl Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirələrin birində, küçə işıqlandırılmasının qənaətbəxş olmadığını xüsusi olaraq vurğuladı:

"Küçə işıqlandırılması hələ də lazımi səviyyədə deyil. Şəhərin mərkəzi təbii ki, işıqlandırılır. Ancaq bəzi yerlərdə bu, ürəkaçan səviyyədə deyil. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".

Ancaq hələ də, məsələ öz həllini tapmayıb. Çox uzağa getmədən, Sulutəpədən Müşfiqabada gedən yoldan danışaq. Həmin yolda da bu gün işıqlandırmayala bağlı ciddi problem mövcuddur.

Maraqlıdır, yolumuzu işıqsız qoyanlar kimlərdir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Redaktor.az-a açıqlamasında bildirib ki, yolların işıqlandırılmaması təmsil olunduğu qurumu narahat edən məsələdir:

“AAYDA avtomobil yollarının tikintisi, təmiri ilə məşğuldur. Yolun əsaslı şəkildə yenidən qurulması işləri həyata keçirilərsə və zərurət varsa, bu zaman işıqlandırma işləriylə məşğul oluruq. Həmin iş o layihəyə salınır və layihə əsasında işıqlandırma sistemi quraşdırılır. Bundan sonra onun istismarı aidiyyatı üzrə müvafiq quruma təhvil verilir. Həmin istiqamətdə gələcəkdə yenidənqurma işləri həyata keçirilərsə, layihəyə salınıb orada işıqlandırma sistemi qurula bilər. Amma mövcud qanunvericiliyə əsasən, hazırda o ərazidə işıqlandırma sisteminin quraşdırılması yerli icra strukturlarının səlahiyyətində olan bir məsələdir”.

A.Nəcəfli qeyd edib ki, bununla bağlı aidiyyatı qurumlarla birgə təkliflər üzərində iş gedir:

“Təkliflər arasında həmin və digər yolların işıqlandırılması məsələsi var ki, bu, dövlət proqramına salınıb və həyata keçirilməsi üçün tərəfimizdən addımlar atılır”.

Sözügedən ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsi iddiasıyla bağlı Redaktor.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi mayor Rüfət Quliyev sözügedən ərazidə qəzaların baş verdiyini istisna etməyib:

“Bəli, qəzalar olur, amma çox olması barədə məlumat düzgün deyil. Hər hansı çatışmazlıq, nöqsan, sürücülərimizi narahat edən fakt varsa, tövsiyə edirik ki, avtomobil sahibləri bizim idarəyə müraciət etsinlər. Araşdırıb qiymət verəcəyik və problem aradan qaldırılacaq”.

Qəzaların səbəbinə gəlincə, R. Quliyev əlavə edib ki, qəzalara işıqlandırma, hava, insan və digər faktorlar səbəb ola bilər.

Məsələ ilə bağlı Bakı Şəhər İşıqlandırma İdarəsinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, idarə servis xidmətini həyata keçirir. Bu göstərişləri onlara Bakı Şəhər İcra Hakimiyyəti verir.

Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, mətbuat xidmətinin rəhbəri zəngimizə cavab vermədi. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq...

Odur ki, Sulutəpədən Müşfiqabada gedən yoldan istifadə edən sürücülər, hələ bir müddət qaranlıq yolun torunda qalmağa məcbur olacaqsınız. “Yaxşı yol”...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031