atatv.az
atatv.az

“Rus NATO-su”nun Qarabağ həyəcanı - GƏLİŞMƏ

26-09-2019, 17:37

“Rus NATO-su”nun Qarabağ həyəcanı - GƏLİŞMƏ

Rusiyanın diktəsi və rəhbərliyi ilə yaradılan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birgə Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni bəyanatla çıxış edib.

Sidorov münaqişənin regionun təhlükəsizliyinə təhdid törətdiyini dilə gətirib. Maraqlıdır ki, bu məsələ dəfələrlə Azərbaycan tərəfindən səslənsə də, KTMT indi belə bir qənaətə gəlib. Rus generalın sözlərinə görə, indi siyasi nizamlama prosesi intensivləşib, lakin tam atəşkəs üçün hələ çox iş görülməlidir:

"Bu baş verməyincə, Qarabağ münaqişəsi regional təhlükəsizliyə əsas təhdid mənbəyi olaraq qalır”.

Maraqlıdır ki, KTMT rəsmisi bu bəyanatı bu günlərdə Ermənistan parlamentinin deputatı Arman Babacanyan Rusiyanın əleyhinə işlətdiyi ifadələrdən sonra səsləndirib. Ekspertlər bu bəyanatı həm də erməni deputata cavab kimi dəyərləndirir. Qeyd edək ki, Arman Babacanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin tənzimlənməsinə dair qanunvericilik dəyişikləri ilə bağlı müzakirələr zamanı çıxış edərək deyib ki, Ermənistan Rusiya ilə münasibətləri əsnasında öz dövlət maraqlarını qurban verir, Rusiyaya hər şey verir, əvəzində isə heç nə almır:

"Bizim KTMT ilə bağlı istənilən fəaliyyətimiz ancaq Ermənistanın ləyaqəti və suverenliyi hesabına onun Rusiya maraqlarına qulluq edən qurum statusunu dərinləşdirir".

Qarabağ münaqişəsinin səbəblərinin və problemin aradan qaldırılması üçün Ermənistanın üzərinə düşən məsuliyyəti hər kəsə bəllidir. Ermənistan Azərbaycan torpaqlarını işğal edib və həmin əraziləri qeyri-şərtsiz boşaltmağa məcburdur.

Maraqlıdır, bəs KTMT-ni həyəcanlandıran səbəb nədir?

Politoloq Fikrət Sadıqov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, KTMT belə bəyanat verirsə, münaqişənin həlli ilə bağlı tədbir görməlidir:

“Azərbaycan hər dəfə deyir ki, Dağlıq Qarabağ probleminin həll olunmaması region üçün ciddi təhlükədir. Yəni bu yeni bir açıqlama deyil. Hər zaman böyük dövlətlərə və beynəlxalq təşkilatlara bəyan etmişik ki, bu problemin həll olunmaması hər zaman region üçün təhlükə olaraq qalır. Əgər nə zamansa münaqişə alovlansa, bu təkcə münaqişə tərəfləri olan Ermənistan və Azərbaycanı əhatə etməyəcək. Bura bir sıra oyunçular da cəlb oluna bilər. Amma bundan sonra nələr baş verəcək, hansı proseslər gedəcək, bunu proqnozlaşdırmaq olar. Çünki söhbət Azərbaycan torpaqlarının işğaldan azad olunmasından gedir. Bu istiqamətdə Azərbaycan əlindən gələni edəcək ki, Qarabağ problemini öz maraqları çərçivəsində həll etsin. KTMT-nin rəsmi nümayəndəsi belə bir bəyanat verirsə, deməli, onlar bunu nəzərə alaraq tədbir görməlidir. Onlar müttəfiqləri olan Ermənistana təzyiq etməli, ona başa salmalıdırlar ki, bu təhlükənin mənbəyidir. Bu problemin əsas səbəbkarı Ermənistandır. Beynəlxalq hüquq normaları var və Ermənistan bu normalara əməl etməli, işğal olunmuş ərazilərdən çıxmalıdır. Regionda təhlükəsizlik təmin olunmalıdır. Əsas məsələ məhz budur”.

Politoloq hesab edir ki, bəzən bu məsələdə təhriflərlə də məşğul olurlar:

“Sanki Azərbaycan Ermənstanı işğal etmək istəyir, ona təhlükə yaradır. Bu belə deyil. Söhbət ancaq Azərbaycan torpaqlarının azad edilməsindən gedir. Əminəm ki, Azərbaycan bunu edəcək. Bundan KTMT, BMT və digər beynəlxalq qurumlar sadəcə olaraq, nəticə çıxarmalıdırlar”.

Fikrət Sadıxovun fikrincə, KTMT-nin bəyanatında Rusiyanın mövqeyi daha qabarıq şəkildə ifadə olunur:

“Çünki Rusiya bu təşkilatın aparıcı oyunçusudur. Rusiya bu təşkilatın “aparıcı oyunçu”su olaraq bir sıra proseslərə, hətta rəhbərlik edir. Bunu biz də yaxşı başa düşürük. Amma eyni zamanda KTMT-də Qazaxıstanın, Belarusun, Qırğızıstanın da öz mövqeyi var. Onlar da müəyyən dərəcədə nəyəsə nail ola bilərlər. Onlar da Azərbaycanın maraqlarını nəzərə alıb, Ermənistana təzyiq göstərməlidirlər. Əgər onlar bu regionda təhlükəsizliyin təmin olunmasını istəyirlərsə, Ermənistana təzyiq etməlidirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930