atatv.az
atatv.az

“Sergey Yesenin” silsiləsi – II

11-10-2019, 18:35

“Sergey Yesenin” silsiləsi – II
Namiq ATABƏYLİ
“Sergey Yesenin” silsiləsi – II


















1
Yox, asan deyildir şairlik etmək,
Sözün ağrısını yaşamaq qəlbən.
Tənhalıq, qəriblik yolunu getmək:
Daim uzaq düşmək sevdiklərindən…

Xeyr, asan deyil şairin işi:
Qəlbinin qanıyla misralar yazmaq!
Susdurub büsbütün çərxi-gərdişi,
Bir könlün səsini dinləmək ancaq!

Xalqın da şair olmaq istəməz,
Yalnız gözəllikdən ilham alanlar.
Şair öz mandatın gəzdirən bir şəxs:
Gərək deyil ona boş parlamanlar…

Bəşərin ən ağır məşhər günündə
Bu yerin, bu göyün sahibi kimi;
Bütün öldürülmüş Eşqlər önündə
Şairdir dünyanın könül hakimi…

Allahlıq etməkdir sözü xəlq etmək-
İlahi bir güc var şair sözündə!
Yox, asan deyildir bu yolu getmək
Allahlı, bəndəli bu yer üzündə.

2

Yaşamaq, Yesenin, dərdə gülməkdir,-
Bülbül dilə gələr solanda çiçək…
Gözlərdən, könüldən uzaq ölməkdir
Əsl şairlərin nəsibi: sən tək!..
“Sergey Yesenin” silsiləsi – II
























Mən də Məcnun ilə Fərhad kimiyəm,
Səhra, dağ dönübdür indi vətənə.
Dərdin dənizində batan gəmiyəm-
Ölüm sahillərdən əl edir mənə.

Nifrətə çevirib mən ilk sevgimi
Səbrimin başında yarla görüşdüm.
Qanadı qırılmış kəpənək kimi
Həsrətin ayağı altına düşdüm...

Şeir misrası tək sıraya durub,
Axırı nöqtədir ərzə gəlməyin.
Sonuncu gülləni özünə vurub,
Çətindir əzabı tənha ölməyin…

Sinədən vurulmuş bir cüyür kimi
Ataraq titrəyən dizimi yerə;
Uydurub eşqdən son hekayəmi
Əlvida deyirəm sonuncu şeirə…

3
“Sergey Yesenin” silsiləsi – II
























Dünya dedikləri futbol meydanı,
Ümidlər ayaqda oynanılan top.
Yenməyə çalışır insan şeytanı,
Azıb qəlbə düşür hər yanılan top.

Günəş hamı üçün səhəri açmır,
Daş yağır kasıblar doğulan günə.
Düzlük axtaranın ulduzu saçmır:
Zamanın axarı dönüb tərsinə…

Umberto Ekonun “Qızıl gül”ü tək
Tarix bataqlığa çəkir doğrunu.
Patrik Züskində bağlanmış ürək
Qasset, Derridadan salır yolunu.

Yesenin! Dünyaya göz açan gündən
İlk kəz iməkləmək öyrəndik, heyhat.
Bəşərin çoxusu süründüyündən
Ayağa duranı öldürür həyat!..

4
“Sergey Yesenin” silsiləsi – II














Qıvrım tellərini kəmənd eyləyib,
Ruhumu tutan qız, gəl, burax, gedim.
Çoxdan Gün başını qüruba əyib,
Dövrəndən kölgə tək yox olub itim.

Vəfasız adamlar əyri ağacdır,
Yonub yontamağa dəyməz heç biri…
Demə, moizəyə könül möhtacdır,
Səbirdən qısadır şairin ömrü.

Nöqtəsi qoyulub bu eşqin, gülüm,
Cümlə tək uzatma gözümdə yaşı.
Uzaq üfiqlərdən qopubdur əlim,
Mən özüm düşmənəm özümə qarşı!..


5

Gülləyə çevrilib hər şeyrim, sözüm
Buruqdan asılmış ərəb gənci tək.
Heç kimə məhyəbbət bəsləmir gözüm,
Bakını seyr edən qara zənci tək.

6

“Sergey Yesenin” silsiləsi – II













Hələ bir şey deyil azad doğulmaq,
Azadca yaşamaq: ən əsas budur!
Doğma birindən də asılı olmaq
Zindanda yatmaqdan çox çətin olur…

Gül yazdan asılı, bulbul nəğmədən,
Əbədi ahəng var təbiət içrə.
Asılı təsəvvür eyləmirəm mən
İnsanı insandan cəmiyyət içrə.

Tiranlıq eyləmək arifə yaddır,
Bütə də dönməsin gərək heç gözəl!
İnsan o şəxsdir tamam azaddır:
Yoxdur qarşısında maneə, əngəl!..

7

“Sergey Yesenin” silsiləsi – II












Sən mənim ilk eşqim, ilk kədərimsən-
Unuda bilmədim səni heç zaman.
Sən mənim taleyim, öz qədərimsən-
Sənsiz bu dünyada nə vardır: Yalan!

“4-cü paralel”, “Naqornı”, “Sübhi…”
Bir də Müşfiqimin o tənha adı:
Bizi qoşa durmuş kəpənək kimi
De, hara çəkmədi eşqin qanadı?!.

Eşqsiz nə gül var, nə də ki bahar,
Qəlbi ayrı saldı hicran yolları…
Uzat əllərini, uzat mənə, yar,
Dərdi yarıb keçsin eşqin qolları.

Çoxdan unudulmuş Hind kinosudur,
Bizim daşa dəymiş bu ilk eşqimiz:
Hamı ağlayanda gülürdük, odur,
Filmin sonunda ağlayırıq biz!

Sən mənim ilk eşqim, ilk kədərimsən-
Unuda bilmədim səni heç zaman.
Sən mənim taleyim, öz qədərimsən-
Sənsiz bu dünyada nə varmış: Yalan!

8


“Sergey Yesenin” silsiləsi – II
























Mən Qara ağacam, bir qara ağac,
Qara taleyimin başının üstə…
Ölüm vadisində bu gün naəlac
Durmuşan gözümün yaşının üstə.

Ryazan Şirvandan çox uzaq deyil:
Şair gözümüzlə baxsaq dünyaya.
Deyirəm kaş mən də öləydim qəfil,
Səninçin gülənlər mənə ağlaya…

Mən qara ağacam: kök atıb yana,
Uzaq tənhalığa gəlib çıxmışam.
Şeir savaşında girib meydana
Məğlub qismində qalib çıxmışam!

“Sergey Yesenin” silsiləsi – II








Yesenin! Şairə mələklər ağlar!
Qartal qanadıdır şeir misrası.
Şairi qəlblərdə məhəbbət saxlar:
Ömrün davamıdır hər misra yazı!..

9
“Sergey Yesenin” silsiləsi – II

















Mən bir əlyazmasıyam,
YANDIRIN MƏNİ!..
Yanıb Oda dönərəm,
Amma ki heç vaxt
mən kül olmaram.
Aslan, Şir tinətli bir şirvanlıyam:
ÖLDÜRÜN MƏNİ!..
Ölərəm, heç zaman mən qul olmaram!..

10

Dərya üzərində gəzən köpük tək
Başı boşlardadır millətin gözü.
Ayaq altındakı qara qəpik tək
Diqqəti çəkməyir şairin sözü.

11

“Sergey Yesenin” silsiləsi – II
















Arı pətəyinə bal yığan kimi,
Siz zəhər topladız şair ömrümə.
Qolları kəsilmiş payyığan kimi,
Dostlar, inanmıram daha heç kimə…

Daha inanmıram, inanmıram mən…
Demərəm qış sonu güllü bahardır!
Qürbətə çevrilib mənimçin vətən:
Bu dünya başıma zindan tək dardır!

Həyatda satmadım mən ki heç kimi:
Yerimin içində yerim olmadı.
Cavan ölməsəm də Yesenin kimi,
Çalışdım pak qalsın şairlik adı...

Adəm də, Həvva da günah keçisi-
Hamı başqasında gəzmiş günahı.
Şeytan azdırıbdır yerdə hər kəsi-
Hamı unudubdur göydə Allahı.

Qaçır məhəbbətdən, qızlardan ürək,
Dolduqca misramın qara gözləri.
Durur bədəndəki bıçaq yeri tək,
Şair taleyimdə eşqin izləri…

Əlvida, acı eşq, yarımçıq şeir!
Əlvida, ey vüsal, ey qara hicran!
Ürəyim “sən özgə birisən” deyir,
Sevgisiz bir yerdə olduğum zaman.

Əlvida, ey Bakı!.. Yalançı dostlar!
Vaxtdır: Sığırlıya gərəkdir dönüm.
Kəndimdə dostluğa sadiq bir it var:
Yolumu gözləyir çoxdandır mənim…

12
“Sergey Yesenin” silsiləsi – II












Gülşəndə idim seyridə, bir can idi, bir mən,
Bir bülbül idi, bir də gülüstan idi, bir mən.

Mənsur kimi min darə çəkirdi məni hər dun,
Bir hakimi, bir məhkumi-dövran idi, bir mən.

Əğyar ilə, ey şux, səni mən gördüm: o gündən
Əşkimdə də, eşqimdə də əfqan idi, bir mən.

Gəncineyi-xəznəmdə mənim var idi min zər,
Bundan o yana sonrası viran idi, bir mən.

Yusif kimi hər haqqımı, ey şux, sənə verdim,
Səndən də mənə çatdığı zindan idi, bir mən.

Ey nazlı mələk, tez də unutdun, demə bilməm:
Bir qəlb idi, bir əhd idi, peyman idi, bir mən.

Vahidlə bitir məqteyi-beyti, ey Ata, gəl,
Ətrakda da son: bir o qəzəlxan idi, bir mən!!

Bakı: 3- 10 oktyabr 2019

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930