atatv.az
atatv.az

XX əsrin 20-ci illərində Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ və siyasi əngəllər

26-10-2019, 13:18

XX əsrin 20-ci illərində Azərbaycan-Türkiyə əlaqələrində yeni mərhələ və siyasi əngəllər

Azərbaycan ilə Türkiyə beynəlxalq əlaqələrinin yaranması tarixi, milli köklərlə daha çox bağlıdır. İki türk dövləti arasında mədəni əlaqələr etnik, tarixi, milli-mənəvi keçmişə əsaslanmış və çox qədim ənənələr üzərində qurulmuşdur.

Azərbaycan-Türkiyə diplomatik-siyasi əlaqələri hər nə qədər ortaq tarix, milli-mənəvi təməllər üzərində qurulsa da, ümumilikdə milli təəssübkeşliklə məhdudlaşmır. Məlum olduğu kimi beynəlxalq normalara görə, dövlətlərin xarici siyasi fəaliyyətləri milli amillərə əsaslanaraq deyil, tərəflərin mənafe razılığına əsaslanır. Xalqın soykökü, xarakteri, xarici münasibətlərinin tarixi təcrübəsi onun qurduğu dövlətin münasibətlərinə, inkişafına bu və ya digər şəkildə təsir edir. Bəzən dövlətlərarası münasibətlərin tamamən milli amilə əsaslanaraq qurulduğu iddia edilir. Dövlətlərarası münasibətlərin inkişafında etnik mənsubiyyət də rol oynayır.

Sovet dövründə Azərbaycan-Türkiyə münasibətlərinin, mədəni əlaqələrinin bütün tərəfləri təhrif edilmişdir. İstiqlaliyyətini, millət kimi varlığını itirmək təhlükəsi olduğu vaxtlarda Azərbaycan türklərinin Türkiyədən yardım istəməsi səbəbi ilə Osmanlı ordusu və Azərbaycan könüllülərindən ibarət "Qafqaz İslam ordusu"nun xalqımıza göstərdiyi yardım insafsızcasına işğal kimi qiymətləndirilmişdir.

Beynəlxalq münasibətlər sistemində Azərbaycan Xalq Cümhuriyyətinin mövqeyini təhlil edən tədqiqatçı M.Abdullayev yazır ki, mayın 28-də Milli Şura Azərbaycanın dövlət müstəqilliyi haqqında bəyannamə qəbul etdi, iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökuməti Gəncəyə köçdü. İyunun 24-də isə M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan nümayəndə heyəti İstanbula getdi. Nümayəndə heyətinin qarşısında duran əsas məsələ “Dördlər ittifaq”ı və Qafqazda yeni yaranmış dövlətlərin nümayəndələrindən ibarət konfransda iştirak edərək, Osmanlı hökuməti ilə bir sıra məsələləri müzakirə etmək idi. İstanbulda Azərbaycan heyəti mühüm görüşlər keçirərək istiqlal bəyannaməsini bu ölkələrin nümayəndələrinə təqdim etdi. İstanbul konfransının baş tutması ehtimalı azalırdı, çünki “Dördlər ittifaq”ı dövlətlərinin müharibədə vəziyyəti getdikcə çətinləşirdi. Buna baxmayaraq, Osmanlı hökuməti Azərbaycan nümayəndələrinin xahişini nəzərə alaraq Azərbaycana kitab və müəllim göndərməyə razılıq verdi.

Əsrin əvəllərində Türkiyənin ictimai-siyasi və mədəni həyatındakı mütərəqqi hərəkatın Azərbaycan ziyalılarına çox böyük təsiri olmuşdur. Eyni zamanda 1918-ci ildə Bakıya yalnız türk qoşunları deyil, həm də türk şairləri gəlmişdilər. "Azərbaycan" qəzetində oktyabrın 24-dəki sayında Əhməd Cavad türkiyəli mütəfəkkir Rövşən Əşrəfbəyin Bakıya gəlməsini xəbər verirdi. Demokratik Respublikanın yaranmasından az sonra Bakıya gələn İbrahim Şakir, Arif Üryan və başqa türk şairləri də Azərbaycan xalqının milli vətənpərvərlik duyğularını, azadlıq uğrunda mübarizələrini tərənnüm edirdilər.

Bakı ilə Ankara arasındakı diplomatik-siyasi münasibətlərin ümumi vəziyyətini qarşılıqlı anlaşma, yardım, dostluq və qardaşlıq səciyyələndirirdi. 1921-ci ilin aprelində Türkiyənin Bakıdakı səfiri Memduh Şövkət bəy, Azərbaycan Xalq Xarici İşlər Komissarlığına müraciət etdi. Müraciətdə iqtisadiyyat və neft sənayesi sahəsində Türkiyəyə yardım edilməsi xahiş olunurdu. Azərbaycan XXİK bu müraciətə böyük ruh yüksəkliyi ilə müsbət cavab verdi. Tezliklə Türkiyəyə neft məhsulları göndərildi.

1921-ci ilin avqustunda Ankaradakı nümayəndəliyin tərkibi belə idi: səlahiyyətli nümayəndə, birinci katib, ikinci katib, işlər müdiri, təsərrüfat müdiri, mühasib, diplomatik kuryer, kargüzar, makinaçı, həkim. Nümayəndəliyin tərkibi 50-60 nəfər olmalı idi. Lakin 1921-ci ilin 4 avqust tarixli məlumatına görə, nümayəndəlikdə 28, 1922-ci ilin payızında isə 54 nəfər əməkdaş çalışırdı. 1921-ci ilin sonunadək səlahiyyətli nümayəndəlik mehmanxanada yerləşirdi.

Sovet Azərbaycanı ilə TBMM hökuməti arasında siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin yaranması elm və təhsil sahəsində əlaqələrin də inkişafına şərait yaratdı. Azərbaycanla Türkiyə arasında dövlət səviyyəsində mədəni əlaqələr hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə təşəkkül tapmışdı.

Azərbaycan parlamentinin 1919-cu il 9 iyulda qəbul etdiyi qərara əsasən Bakı, Gəncə, Qazax, Şəki, Şuşa, Quba, Zaqatala və Salyanda iki aylıq pedaqoji kurslar açılmış, dərs deyənlərin əksəriyyəti İstanbuldan dəvət edilmiş müəllimlər idi.

Azərbaycan hökuməti Türkiyədən müxtəlif fənlər üzrə müəllimlər dəvət edərək, onları əsasən orta tədris müəssisələrində işə qəbul edirdi. Türkiyədən ilk müəllim qrupu 1919-cu il noyabrın 5-də Bakıya gəlmişdi. Onların sayı 50 nəfər idi.

Türkiyədən gəlmiş müəllimlərdən Kamal bəy, Fətih bəy, Rəşid Sürəyya, Nurulla Əfəndi, Mirzə Möhsün xan Bakı Kişi Seminariyasında, Rəmziyə xanım, Saimə xanım, Rəbiə xanım, Nacidə xanım, Nəbahət xanım və başqaları Bakı Qadın Seminariyasında çalışırdı. Türk müəllimlər Qazax Seminariyasında, Gəncə Seminariyasında, qadın və kişi gimnaziyalarında pedaqoji fəaliyyətlə məşğul olurdular.

1920-ci ilin sentyabrın 1-8-də Bakıda keçirilmiş “Şərq xalqlar”ının I qurultayına TBMM-dən yüzdən artıq nümayəndə gəlmişdi. Qurultayın başa çatmasından sonra buraya gəlmiş bəzi heyət üzvləri geri qayıtmayaraq, Azərbaycanın SSR-in bir sıra təhsil müəssisələrində çalışmışmağa davam etmişdilər. Bununla yanaşı, Sovet Azərbaycanı alimləri də Türkiyənin tarixi, mədəniyyəti, incəsənətinin öyrənilməsi sahəsində bir sıra işlər görmüşlər. Onların əsərləri 20-ci illərdən başlayaraq, həm Bakıda, həm də Türkiyənin özündə çap olunmağa başlanmışdır. Türkiyədə Atatürkün təşəbbüsü və rəhbərliyi altında həyata keçirilən mədəni maarif dəyişikliklərinə, dilçilik sahəsindəki islahatlara Azərbaycan ilə Orta Asiya respublikalarının mədəni quruculuq təcrübələrinin də mühüm rolu olmuşdur. Türk Respublikalarında aparılan əlifba islahatlarının Türkiyədə keçirilən əlifba islahatının keçirilməsinə böyük təsiri olmuşdur.

Türkiyə Respublikasında maarif sahəsində keçirilən islahatlara Cənubi Qafqaz respublikalarının pedaqoji ictimaiyyəti yaxından kömək etmişdir. Məktəb islahatı ilə əlaqədar olaraq Türkiyə Maarif Nazirliyi 1925-ci ildə Sovet səfirliyi vasitəsilə “Xariclə Ümumittifaq Mədəni Əlaqə Cəmiyyəti” idarəsindən xahiş etmişdir ki, Sovet İttifaqında xalq maarifinin vəziyyətini əks etdirən müxtəlif növ materialları tezliklə Türkiyəyə göndərsin.

Türkiyəyə göndərilmiş bütün bu materiallar əsasən Azərbaycan dilində idi. Azərbaycan SSR bu işdə aparıcı rol oynayırdı. Respublikadan Türkiyəyə Azərbaycan dilində pedaqoji ədəbiyyat göndərilməsi sonrakı illərdə də davam etdi. 1926-cı ildə M.Kamalın təklifi ilə Türkiyə Maarif Nazirliyinin məsul işçilərindən ibarət heyət SSR-yə gələrək, burada Xalq Maarifinin qoyuluşu ilə tanış olmuşdu. Nümayəndə heyəti digər respublikalarla yanaşı Azərbaycanda da olmuş, burada maarif sahəsində toplanmış təcrübəni öyrənmişdi.

1926-cı il fevralın 1-də aşağıdakı türk alimləri türkoloji qurultayda iştirak etmək üçün dəvət olunmuşdu: professor Köprülüzadə Fuad bəy, professor Nəcibə Assim, professor Hüseynzadə Əli bəy, tarixçi Şəmsəddin bəy, muzey direktoru Ethem bəy və başqaları.

Ədəbiyyatşünas İsmayıl Hikmət 1925-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin “Şərq fakültəsi”ndə Azərbaycan və türk ədəbiyyatı tarixindən, Fuad Köprülüzadə isə türk ədəbiyyatı fənnindən mühazirələr oxumuşdu. Onların mühazirələri ayrıca bir kitab halında da çap edilmişdi.

Azərbaycan Kitab Palatası və Ədliyyə Komissarlığının Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə verdikləri məlumatda deyilirdi: “Ankara ali hüquq məktəbinin Azərbaycan dilində istədiyi SSRİ konstitutiyası və başqa məcəllələr artıq Türkiyəyə göndərilmişdi”. Bundan başqa, 1929-cu ilin dekabrında Zaqafqaziya Xariclə Mədəni Əlaqə Cəmiyyətinin sədri Azərbaycan Dövlət nəşriyyatının idarə heyətinə müraciət edirik, İran və Türkiyəyə göndərmək üçün iqtisadi, maliyyə, sənaye sahələrini əhatə edən əsərlərin daha çox göndərilməsini xahiş etmişdi.

1920-ci illərdə davam edən Azərbaycan-Türkiyə münasibətlərini təhlil edən zaman aydın olur ki, hər iki ölkə arasında elm, maarif, mədəni əlaqələr davam etdirilmişdi. 20-ci illərdə Azərbaycan Sovet rejimi təsiri altında olsa da, etnik-mənəvi, tarixi yaxınlıq münasibətlərdə mühüm rol oynamışdır. Mədəniyyət sahəsində əlaqələrin davam etdirilməsi Azərbaycan xalqının mənəvi və etnik birliyinin qorunub saxlanılmasına müsbət təsir edən amil olmuşdur.



Ədəbiyyat.

1. Abdullayev M. Beynəlxalq münasibətlər tarixi (XX əsr). Bakı, 2003, 540 s.

2. Əmirova Y. XX əsrin 20-ci illərində Sovet Azərbaycanının Türkiyə ilə elm və təhsil sahəsində əlaqələri. // Bakı Avrasiya Universiteti, elmi-nəzəri jurnal // Bakı, 2016, 3-cü (27) buraxılış, s. 178-187

3. Hüseynova F. Müstəqillik dövründə Azərbaycan-Türkiyə əlaqələrinin kulturoloji aspektləri (elm, təhsil, mədəniyyət) Bakı, 2007, 302 səh.

4. İsgəndərov A. Azərbaycan Xalq Cümhuriyyəti 1918-1920. Bakı: Bakı Universiteti nəşriyyatı, 2003, 52 s.

5. Rəsuli İ. Dramaturgiyamızda Türkiyə. Bakı, 2001, 168 s.

6. Sofiyev M. Güney Qafqaz respublikaları Sovet-Türkiyə əlaqələrində (1922-1936-cı illər). Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı, 2000, 351 s.

7. Süleymanlı M.A. Azərbaycan-Türkiyə kültür ilişkilərinde M.Emin Resulzadenin rolu. "Çizgi" kültür, sanat, elm və düşünce dergisi, Türkiye (Erzurum), 2003, sayı: 8, s. 24-26

8. Abdullayev M. Azərbaycan ilə Türkiyə arasındakı diplomatik politik ilişkilərin özəllikləri. "Azərbaycan", ocak-şubat 2000, sayı 331, s 10-17

9. Дадашев Т. Великий Октябрь и установление советско-турецких культурных связей (20-30-ые гг) // Известия АН Азербайджанской ССР, серия история, философия, право, 1977, №3, с.60-69

10. Иоффе А.Е. Интернациональные научные и культурные связи Советского Союза 1928-1932. Москва: Наука, 1969, 200 с

AMEATarix İnstitutunun doktorantı,

Selcan Məmmədzadə

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930