atatv.az
atatv.az

İrəvandan Qarabağa müəmmalı səfərlər - düşmənin müharibə təlaşı

4-11-2019, 10:42

İrəvandan Qarabağa müəmmalı səfərlər - düşmənin müharibə təlaşı

ATƏT-in Minsk Qrupu həmsədrləri bu il də Qarabağ məsələsində yadda qalan təşəbbüslə çıxış etmədilər. Onların regiona builki səfərləri də ciddi heç bir hadisə ilə yadda qalmadı. Yalnız ənənəvi şablon bəyanatlara verməklə öz işlərini bitmiş hesab etdilər. Bu il də vasitəçi dövlətlərin işğalçı Ermənistana münasibəti işğala məruz qalan tərəfə - Azərbaycana münasibətdən fərqlənmədi. Əksinə, bir çox hallarda təcavüzkar ölkənin xeyrinə oldu. Həmçinin, məsələyə yanaşmada “ikili standart” siyasəti davam etdi. Bu, eyni dərəcədə hər üç vasitəçi dövlətə - Rusiya, ABŞ və Fransaya aiddir.

Nəticə etibarilə özünü tam cəzasızlıq mühitində hiss edən Ermənistan, onun rəhbərliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı konstruktiv mövqe tutmaq əvəzinə, daha radikal, daha avantürist, kövrək sülh ümidlərini də basdıran kurs götürdü. “Qarabağ Ermənistanındır və nöqtə” bəyan etməklə hətta gizli ermənipərəstlər olan üç həmsədr dövlətin təmsilçilərini belə təəccübləndirdilər.

*****

“İkili standart” siyasətinin növbəti ən bariz təzahürünü ötən həftə ABŞ-ın timsalında gördük. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təmsilçisi, özünü “xarici işlər naziri” adlandıran Masis Mayilyan ad-soyadlı separatçı ABŞ-a sərbəst şəkildə səfər edərək, orada görüşlər keçirdi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə hədyanlar söylədi.

Xəbər verildiyi kimi, bununla bağlı ABŞ-ın ölkəmizdəki səfiri Örl Litsenberqer Xarici İşlər Nazirliyinə çağırılıb və ona XİN-in etiraz notası təqdim edilib. Notada ABŞ tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindən səfər edən qondarma qurumun nümayəndələrinə viza verilməsinə etiraz bildirilib və bunun Ermənistan-Azərbaycan münaqişəsi üzrə sülh prosesinə zərbə vurduğu qeyd edilib. Vurğulanıb ki, bu kimi səfərlərə icazə verilməsi ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri mandatında vasitəçi kimi öhdəlikləri, eləcə də dövlətlərin suverenliyinə hörmət, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi beynəlxalq hüququn təməl prinsipləri ilə ziddiyyət təşkil edir.

Öz növbəsində səfir Ö.Litzenberqer ABŞ Konqresinin bəzi üzvləri tərəfindən Dağlıq Qarabağdan səfər edən şəxslərin Vaşınqtonda qəbul edildiklərindən xəbərdar olduqlarını bildirərək, ABŞ-ın Minsk Qrupu prosesini dəstəklədiyini və Dağlıq Qarabağdakı rejimi tanımadığını vurğulayıb.

Bunun ardınca ABŞ Dövlət Departamenti də açıqlama yayaraq, bəyan etdi ki, Vaşinqton Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması üzrə işini davam etdirəcək. Məlumatda qeyd olunur: “Biz bilirik ki, Konqresin bəzi üzvləri Dağlıq Qarabağ regionundan qonaqları qəbul edir. ABŞ bütün digər ölkələr kimi Dağlıq Qarabağdakı rejimi tanımır, ATƏT-in Minsk Qrupu prosesini dəstəkləyir və münaqişənin Helsinki yekun aktında əks olunan güc tətbiq olunmaması, ərazi bütövlüyü və xalqların müqəddəratını təyin etmə prinsipləri əsasında danışıqlar yolu ilə nizamlanmasına nail olmaq üçün işini davam etdirəcək”.

Göründüyü kimi, bu, heç də Mail Masis Mailyan kimilərin bundan sonra da ABŞ ərazisinə separatçı qurumun təmsilçisi kimi daxil olmasına əngəl yaradacaq bir mövqe deyil. Halbuki ABŞ Abaziya, Cənubi Osetiya, Krım separatçılarının öz ərazisinə girişinə rəsmən qadağa qoyub. Onu da qeyd edək ki, Birləşmiş Ştatlar Ermənistan xaric, dünyada yeganə dövlətdir ki, Dağlıq Qarabağdakı separatçı və qanunsuz rejimə hər il yardım ayırır. Ancaq bundansa, Vaşinqton ixtilafın həllinə real töhfə versəydi, elə ermənilərin də faydasına olardı. Çünki o halda həm Azərbaycanın tərkib hissəsi kimi Dağlıq Qarabağ bölgəsi və onun əhalisi, həm də Ermənistan əhalisi rifaha qovuşar, Amerikanın maliyyə yardımlarına lüzum qalmazdı.

Bunlar olmadıqca regionda müharibə riski də öz aktuallığını saxlayır . Hansı müharibə ki, işğalçı tərəfin radikal siyasəti üzündən hər an qızışa bilər və Ermənistana yeni fəlakətlər vəd edir. Çünki işğalçı ölkənin Azərbaycanla uzun müddətli müharibə aparmaq üçün iqtisadi və insani resursları yetərli deyil. Bunu əcnəbi analitiklər də təsdiqləyirlər...

*****

Maraqlıdır ki, bu arada Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan işğal edilmiş Dağlıq Qarabağ bölgəsində olub. Qriqoryan səfər çərçivəsində işğal bölgəsindəki separatçıların başçısı Bako Saakyan və qondarma “müdafiə naziri” Karen Abramyanla görüşüb. Erməni qaynaqları bildirir ki, görüşlərdə bölgədəki son vəziyyət, ələlxüsus da təmas xəttindəki durum müzakirə olunub.

Düşmənin həşiri və təlaşı boşuna deyil. Erməni tərəfi yaxşı bilir ki, nəticəsiz danışıqların sonu sülh və ya atəşkəs deyil. Müharibədir. 2016-cı ilin 4 günlük savaşı isə göstərdi ki, geniş miqyaslı əməliyyatlarda işğalçı ordunun indiki mövqelərini əlində saxlaması mümkün deyil və məğlubiyyətə məhkumdur. Ermənistanın işğalçı ordusunda hökm sürən başıpozuqluq, fərarilik bunun daha bir bariz təsdiqi sayıla bilər. Erməni valideynlər öz övladlarını orduya göndərmək istəmirlər. Bu da növbəti fakt.

“Ermənistanın Qafan rayonunda yerləşən hərbi hissəsindən qaçan erməni əsgərinin yenidən xidməti yerinə qaytarılması həyatını cəhənnəmə çevirib”. Bu barədə Ermənistanın Jurnalistlər İnsan Haqları naminə təşkilatının sədri Janna Aleksanyan məlumat yayıb. Aleksanyan adının açıqlamaq istəmədiyi əsgərin böhtan və təhqirlərə məruz qaldığını bildirib (Teleqraf.com).

“Hərbi hissənin tərk edən hərbçiyə olan münasibət Ermənistanın hərbi elitasının müdafiəsiz bir əsgərlə necə rəftar etdiyini göstərir. Halbuki həmin əsgər böhtandan, yersiz cəzalardan və alçaldılmaqdan yayınmaq üçün hərbi hissəni icazəsiz tərk edib. Lakin onun yenidən bölməyə qaytarılması həyatını cəhənnəmə çevirib. Hərbi Polis İdarəsinin rəisi Artur Bağdasaryan və Müdafiə Nazirliyi nin səlahiyyətli nümayəndəsi Artsrun Hovhannisyan əsgərin hərbi hissəni guya cinsi oriyentasiyasına görə tərk etdiyini bildirir. Hərbi elitanın səlahiyyətli nümayəndələri ona böhtan atır, bu yalana görə alçaldır və cəzalandırır”, - deyə o qeyd edib.

Jana Aleksanyan baş verənlərlə əlaqədar müdafiə naziri David Tonoyandan açıqlama tələb edib. Sünik bölgəsində baş verən məlum olayın təfərrüatı bundan əvvəl “Joxovurd” qəzetində yayımlanıb.

Qraparak" (“Meydan”) qəzeti isə yazıb ki, Ermənistan ordusunun zabitləri palamentdə 2016-cı ilin 4 günlük aprel döyüşlərini araşdıran komissiyanın fəaliyyətindən narazıdır və etiraz olaraq bir çoxları ordunu tərk etməyə hazırlaşır (Virtualaz.org). Bildirilir ki, həmin döyüşlərdə iştirak etmiş hərbi qulluqçuların, zabitlərin istintaq komissiyasına ifadə verməyə çağırılması Ermənistanın hərbi dairələrində çox ciddi narazılıq yaradıb.

Adının açıqlanmasını istəməyən zabit bu haqda deyib: “Əgər hakimiyyət tərəfindən, Nikol Paşinyan tərəfindən hər zabit şübhə altındadırsa, o zaman, ümumiyyətlə, bizə sərhədi qorumağı niyə tapşırıblar? Bizim üçün belə yanaşma təhqiredicidir. Biz hüquqşünasla məsləhətləşirik və əgər məlum olsa ki, komissiyada iştirakımız mütləqdir, o zaman dərhal ordudan ayrılmaq barədə raport yazacağıq. Qoy Nikol özünün ”addımçılarını" (“Mənim addımım” siyasi alyansı - red.) gətirsin, qoy onlar səngərdə dayansın. İş o yerə çatıb ki, bizlərdən hər biri ilə əlaqə yaradıb özlərinə lazım olan ifadə almaq istəyirlər, bəs Yuri Xaçaturov (keçmiş Baş qərargah rəisi - red.) nəyisə düz etməyib, Ohanyan nəsə düz əmr verməyib və s. Nəsə “çıxartmaq” istəyirlər, çalışırlar bizlərdən kimsə nəsə uğursuz ifadə işlətsin və onların əlində “faktlar” olsun" - zabit deyib. Məlumata görə hərbçilər istintaq komissiyasına qarşı imza toplamağa hazırlaşırlar.

*****

Göründüyü kimi, işğalçı orduda hərbi nizam-intizamla bağlı problemlər getdikcə böyüyür. Ermənistandakı “məxməri inqilab”dan sonra da silahlı qüvvələrdəki acınacaqlı vəziyyət yaxşıya dəyişməyib. Yeni baş nazir Nikol Paşinyanın ordu ilə bağlı verdiyi vədlər isə elə boş vədlər olaraq qalır. Çünki orduda köklü islahatları üçün böyük maliyyə lazımdır ki, bunu da heç kim blokada və müharibə vəziyyətində olan, üstəlik, Rusiyanın forpostu funksiyası daşıyan Ermənistana vermir.

Yeganə çıxış yolu Dağlıq Qarabağ probleminin həllidir ki, buna da Paşinyan risk eləmir. Əksinə, Azərbaycanla böyük sülh anlaşmasını daha əlçatmaz edən avantürist və sərsəm ritorika sərgiləyir. Guya indiki atəşkəs rejimi sonsuzadək davam edəcək. Bir yandan da düşmən ölkə rəhbərliyi müharibədən ehtiyatlanır. Yada salaq ki, bir neçə ay öncə baş nazir Nikol Paşinyan Rusiya mediasına müsahibəsində Moskvanın Azərbaycanı müharibə etməyə mane olacağına ümid etdiyini söyləmişdi.

Beləcə, düşmən ölkədə bir tərəfdən, müharibə təlaşı yaşanır, o biri yandan isə onun rəhbərliyi Qarabağ danışıqlarını mənasız edən siyasət aparır. Gah sülhdən dəm vururlar, gah da faktiki sürətdə ədalətli sülhdən qorxurlar. Bu zaman unudurlar ki, diplomatların bacarmadığını adətən hərbçilər reallaşdırır. Konkret halda söhbət işğal altındakı torpaqları azad etməyə tam hazır olan Azərbaycan ordusundan gedir... //musavat.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930