atatv.az
atatv.az

Azərbaycan qışa hazırdırmı? - ARAŞDIRMA

8-11-2019, 11:59

Azərbaycan qışa hazırdırmı? - ARAŞDIRMA
.
.Artıq havalar soyuyur. Necə deyərlər, qış qapını alır. Tezliklə havalar daha da soyuyacaq.

Bu aylarda əhalinin yaşayışına təsir edən, narahatlıq yaradan məsələlər, əsasən, işıq, qaz, su, istilik və yollarda olan problemlərdir.

Bəs qurumlar qışa hazırdırmı?

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı qurumlara qışa hazırlıq səviyyəsi ilə bağlı müraciətlər ünvanlayıb.

“Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev bildirib ki, istiliklə təchizat respublikanın dağlıq və dağətəyi rayonlarında noyabr 1-dən başlanılıb:

“Digər ərazilərdə, o cümlədən, Bakı şəhərində noyabrın 15-dən başlanılması planlaşdırılır. Mövsüm ərzində cəmiyyətə məxsus 550 qazanxana istismar edilməklə, 3850 yaşayış binası, o cümlədən, 180 mindən artıq mənzil, 290 məktəb, 150 uşaq bağçası, 160 səhiyyə müəssisəsi və 1600-ə yaxın digər sosial və təsərrüfat obyektlərinin istiliklə təmin edilməsi nəzərdə tutulur”.

R.Əliyev bildirib ki, 2019-2020-ci illər istilik mövsümünə hazırlıq tədbirləri planına əsasən, 550 qazanxana və 90 istilik məntəqəsi kompleks yoxlanılıb:

“530 odluq təmir olunub, 930 ədəd qazan aqreqatı əsaslı və cari təmir olunub, 1190 ədəd qazan mexaniki və kimyəvi üsulllara təmizlənib, qazanlarda 1810 m2 izolyasiya örtüyü təmir olunub.

İstilik şəbəkələrində 22780 ədəd siyirtmə və ventil təftiş olunub, onlardan 12915 ədədi əsaslı və cari təmir olunub, 825 ədədi isə yenisi ilə əvəz edilib. Magistral və məhəllədaxili istilik xətlərində 16375 m2 istilik örtük qatı, qazanxana və istilik məntəqələrində 11020 m2 dam örtüyü təmir edilib”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərovun sözlərinə görə, qurum qışa hazırlığı davam etdirir:

“İstismar müddəti başa çatmış qaz kəmərlərin yenilənməsi işlərinə xüsusi fikir verilib, Bura kəmərlərin təmiri də daxildir. 1370 kilometrdən çox qaz xətti yenilənib, 480 kilometrdən çox qaz xətti isə əsaslı təmir olunub.

Səkkiz regional qaz istismar idarəsi, Bakı regional qaz istismarı departamenti, Sumqayıt qaz istismar sahəsi var ki, bunlar da özləri daxili imkanlarına 246 kilometrdən çox qaz xəttinin yenilənməsi və əsaslı təmir işini həyata keçiriblər”.



Qurum rəsmisi bildirib ki, qış mövsümündə diqqət çəkən məsələ sərfiyyata uyğun qazın təzyiqinin tənzimlənməsidir ki, bu işlərin həyata keçirilməsi üçün birliyin rəhbərliyi tərəfindən xüsusi tapşırıq verilib. Soyuq havalarda bu məsələyə ayrıca diqqət ayrılacaq:

“Son günlər xüsusən Maştağa və bir neçə yerdə qazın təzyiqi ilə bağlı problemlər yaşandı. Buna baxmayaraq, birliyin rəhbərliyi bu məsələlərlə ciddi məşğul olmaları üçün aidiyyəti qurumların rəhbər şəxslərinə göstəriş verib. Bu il ərzində qazlaşdırma apardığımız bölgələrdə işləri sürətləndirmişik ki, ilin sonuna kimi tamamlansın.

61 yaşayış məntəqəsi və 31 yaşayış massivində qazlaşdırma işləri həyata keçirilir. Buna uyğun olaraq artıq biz 34 yaşayış məntəqəsində və 21 yaşayış massivində işləri tamamlamışıq”.

“Qazanxanalarla bağlı “Azəristiliktəchizat”la müəyyən borc məsələləri var ki, onların həllini gözləyirik. Qazanxanalara verilən qaza görə “Azəristiliktəchizat” ASC-nin ödəyəcəyi məbləğ bu ilin oktyabrın 1-nə olan məlumata görə, 28 milyon manatdan çoxdur. Borcun məbləği böyük olsa da, bu məsələdə problem olmayacaq”, - deyə C.Səfərov qeyd edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, qış mövsümündə Bakı şəhərinin küçə və prospektlərinə, həmçinin, respublika yollarına xidmət məqsədilə yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib:

“Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədilə lazımi miqdarda yanacaq-sürtkü materialları ehtiyyatı toplanıb. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir. Bunun üçün texniki duzun alınması ilə bağlı müqavilə də imzalanıb”.



“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib ki, qurum qışa hazırdır:

“Ötən dövrdə kanalizasiya xətləri, yağış barmaqlıqları, kanal kollektorları işlək vəziyyətə gətirilib. Xətlər kənar əşyalardan təmizlənib. Su təchizatı ilə bağlı heç bir problem yoxdur. Su kanalları, təmizləyici qurğular normal, istismara hazır vəziyyətdədir. Qış mövsümündə suyun təminatı ilə bağlı, qurumun balansında olan boruların, xətlərin donvurması ilə bağlı heç bir problem olmayacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930