atatv.az
atatv.az

Əsrlərin musiqi sədasını səsləndirən “Detaşe”

29-11-2019, 12:38

Əsrlərin musiqi sədasını səsləndirən “Detaşe”

Müstəqil Azərbaycanın musiqi sənəti gənc, istedadlı kadrların ildən-ilə püxtələşən peşəkarlığı nəticəsində durmadan inkişaf edir. Xüsusilə təcrübəli ustadların nəzarəti altında sistematik formada baş tutan tədrisin uğurlu nəticələri göz qabağındadır. Noyabrın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında “Detaşe” violinoçular ansamblının növbəti konserti qeyd olunanlara bariz misaldır. On iki illik uğur yoluna çıxan kollektivin bədii rəhbəri, özünün hərtərəfli istedadı ilə dinləyicilərin qəlbinə yol tapmış Xalq artisti, professor Zəhra Quliyevadır. Kollektivin yaradıcı siması da, bu baxımdan bir qədər fərqlidir. Əvvəla adından da, göründüyü kimi iştirakçıların hamısı violin ifaçılar olmaqla yanaşı, kollektivin konsertmeysteri, istedadlı pianoçu Səbinə Muradava ilə birlikdə zərif cinsin nümayəndələridir.

Eyni mənşəli alətlərdə çoxsəsli əsərlər ifa edən musiqiçilərin yaradıcı üslubu ilə, klassik tərkibli heyətlərdən tam fərqlidir. Belə ki, əsərin alətləşdirməsində bəstəkar və ya aranjemançı klassik orkestr tərkibinə daxil olan alətlərin tembr və texniki imkanlarını nəzərə alaraq çoxsəsli bölgü apardığı halda, konkret violinoçular kimi ansambl heyətində bir alətin inkanlarından yararlanmalıdır. Burada qarşıya qoyulan yaradıcı problemin həllində ifaçıların həssas tərəfmüqabili duyumu vacib şərtdir. Belə orijinal kollektivlərin fəaliyyətində, bu amil həmişə diqqət mərkəzində olur. Məsələn, yarım əsrdən çox fəaliyyət göstərən Böyük Teatrın violinoçular ansamblı deyilənlərə bariz nümunədir.

İkinci məqam əvvəldə qeyr etdiyim kimi kollektivin iştiraçılarının zərif cinsin nümayəndələri olmasıdır. Bəllidir ki, hələ XVII əsrdə İtaliyada xanimlardan ibarət peşəkar musiqi kollektivləri fəaliyyət göstərirdi. Belə bir ilkin təşəbbüskarı isə görkəmli italyan violino ifaçısı və bəstəkarı Antonio Vivaldi olmuşdur. Təsadüfü deyil ki, 1989–cu ildən fəaliyyət göstərən və xanımlardan ibarət “Vivaldi - orkestr” adına Rusiya Dövlət Akademik kamera orkestri yaramasının əsas səbəbi italyan sənətkarı tərəfindən təməli qoyulan ənənənin müasir dövrdə yaşatmaq ideyasından doğurdu. “Detaşe” violinoçular ansamblını yaratmaq Zəhra xanımın əvvəldə qeyd etdiyim iki ənənənin milli ifaçılıq praktikasında yaşatmaq niyyətindən irəli gəlib.

Kollektiv çox zəngin, müxtəlif üslublu repertuar malikdir. Akademiyada baş tutan konsertdə ansambl maraqlı musiqi çələngi ilə dinləyiçilərin görüşünə gəlmişdi. Kollektivin bədii rəhbəri Zəhra Quliyeva həmçinin aparıcı-natiqlik missiyasını böyük uğurla yerinə yetirdi. Onun uzun illər istər teleradio məkanında, istərsə də, çoxsaylı yerli və beynəlxalq tədbirlərdə solist, maraqlı informasiyalarla zəngin çıxışları hamıya məlumdur.

Konsert alman bəstəkarı İ.S.Baxın 3 saylı D-dur orkestr süitasından “Ariya” ilə açıldı. Musiqi axşamının prelüduyası olan bəstə, dinləyiçiləri konsertin axarına köklədi. Növbəti əsər müasir alman bəstəkarı İoahim Yohovun “Antonionun yuxusu” adlanaraq, italyan sənətkarı Antonio Vivaldiyə həsr edilib. İfadan qabaq əsər haqqında məlumat verən Z. Quliyeva qeyd edib ki, İ. Yohov müxtəlif tərkibli kollektivlər üçün kiçik həcmli əsərlər yazaraq internet məkanında yayır. Digər tərəfdən müəllif əsərlərində, əsasən klassik bəstəkarların üslub elementlərini bu və ya digər formada öz dəstxətti mizanından əks etdirərək dinləyicilərə təqdim edir. Doğurdan da, “Antonionun yuxusu” əsərinin ilk notundan Vivaldinin hər kəsə tanış musiqi ruhuna alman bəstəkarının ciddi yanaşması özünü göstərdi. Digər tərəfdən bu əsər ümumən proqram boyu royalın iştirakı olmadan səsləndirilən yeganə əsər idi. İfaçılar solist səviyyəsində yazılan partiyaların öhdəsindən uğurla gəldilər.

Fransız bəstəkarı Qabriel Forenin “Oyanıs” romansı axşama romantik ab-hava gətirdi. Zəngin ekspressiyalı romans ansamblın ifasında dolğun səslənərək, əsərin emosional məzmunu yeni çalarlarla açıqladı.

Proqramın növbəti iki əsəri milli bəstəkarımız Səid Rüstəmovun “Qurban adına” və “İntizar” mahnılarının işləmələri idi. Zəhra xanım çıxışında kollektivin fəaliyyətinin ilk zamanlarında BMA-nin rektoru, SSRİ Xalq artisti Fərhad Bədəlbəylinin xeyir-duası və dəstəyi ilə yarandığını dinləyicilərin diqqətinə çatdırdı. Həmçinin S.Rüstəmovun iki mahnısının bilavasitə kollektivin repertuarına salınması ideyasının Fərhad müəllimə məxsus olduğunu bildirdi. Əməkdar incəsənət xadimi, bəstəkar Yaşar İmanovun aranjemanında səslənən hər iki mahnıda ansambl, vokal ifaçılığına məxsus melodik xəttin instrumental transkripsiyasını parlaq nümayiş etdirə bildi.

Növbəti əsər M.Lermantovun “Çovğun” pyesinə rus bəstəkarı Q.Sviridovun musiqi illüstrasiyası silsiləsindən “Romans” nömrəsi idi. Rus milli musiqi üslubunda yazılan romans simfonik orkestrin imkanlarına hesablansa da, materialın daxili zənginliyi digər alət tərkibli heyətlərin ifasında uğurlu səslənməsini labüd edir.

Konsertin gedişatı boyu təşkilatçının repertuarın seçimində bir çox cəhətləri nəzərə alaraq tərtibatı diqqət çəkirdi. Bu amil musiqi axşamının son üç əsərinin səslənməsində özünü göstərdi. İlk olaraq moldov bəstəkarı Yevqeni Doqanın “Mənim mehriban, zərif məxluqum” kinofilminə yazdığı məşhur “Valsı” səsləndi. Zəhra xanım həmin əsərin UNESKO tərəfindən rəsmi olaraq XX əsrin ən yaxşı beş melodiyadan biri kimi siyahıya salındığını diqqətə çatdırdı.

Növbəti əsər isə macar bəstəkarı İ.Bramsın “6 saylı Macar rəqs”i idi. Bu rəqs rus violino ifaçısı Vladimir Spivakovun rəhbərlik etdiyi “Moskva virtuozları” orkestrinin repertuarında yer tutaraq olduqca virtuoz xarakterli əsərdi. Zəhra Quliyeva məhz həmin rəqsin ansamblının repertuarına salınmasında yetirmələrinin çətinlikləri üstələyərək, gələcəkdə böyük peşəkar olmaq arzusundan yarandığını qeyd edib. Yekun olaraq ifa olunan Karlos Qardelin “Tanqo”su musiqi axşamına yeni çalar qataraq onu bitirdi. Həmin axşam dinləyicilər zərif, amma olduqca istedadlı gənc xanımlardan ibarət “Detaşe” violinoçular ansamblı vasitəsilə müxtəlif coğrafi paralellərdə yaşayan fərqli üslublu bəstəkarların musiqi dünyasına səyahət etdilər.

Yeni qələbələrin sədasını eşitmək arzusu ilə sənə uğurlar “Detaşe”!!!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031