atatv.az
atatv.az

Şüursuz “cəmiyyət”, “standartlaşmış” həyat.

17-12-2019, 15:51

Şüursuz “cəmiyyət”, “standartlaşmış” həyat.

Şüurlu həyatdan danışarkən ilk növbədə “şüur nədir”? “şüurlu həyat nədir”? suallara cavab tapmalıyıq. Şüurlu həyat deyəndə düşünülmüş həyat nəzərdə tutulur. Bəs düşünülmüş həyat deyəndə nə nəzərdə tutulur? Düşünən insan özünə daim “niyə” sualını verən insandır. Ömründə bir dəfə belə olsun bu sualı verməyən insanın düşünülmüş həyat yaşadığını iddia edə bilmərik. Vatson “Maşınlar düşünən bilərmi?” sualına gözəl cavab verir: “Məsələ maşınların düşünüb düşünməməsi deyil, insanların düşünməsidir”.
“Niyə” sualını verən şəxs daim bir araşdırma içində olur, həyatını sorğulayır. Bəlkə də sorğuladığı, araşdırdığı məsələlərə tam olaraq cavab tapa bilmir, amma buna cəhd etməyin özünü də ilk addım kimi qəbul etmək olar. İnsanın və heyvanın oxşar xüsusiyyətləri vardır – eşitmək, qoxu duymaq, aclıq, seksual tələbat, ölüm qorxusu və s. Anatomik cəhətdən insan və heyvan arasında bu cür oxşarlıqların olmasına baxmayaraq, bir neçə fərqli xüsusiyyətlər də var. Bu xüsusiyyətlərdən ən əsası şüurdur. Hər bir insan doğulanda şüura qabil olur. Daha sonra müəyyən proseslər nəticəsində şüurlu şəxsiyyətə çevrilir. Bəs niyə biz “şüurlu həyat” və “şüursuz həyat” anlayışlarını bir-birindən ayırırıq. Cəmiyyətdəki şəxslər necə olur ki şüura malik ola-ola “şüursuz həyat” yaşayırlar? Şüurlu həyatın düşünülmüş həyat olduğunu qeyd etdik. Göründüyü kimi “ düşünülmüş həyat” hər şeyi düşünərək, qərar verərək yaşanılan həyatdır. “Şüursuz həyat” isə kor-təbii düşünmək ehtiyacı olmadan yaşamaqdı. İnsanın ən təbii haqqı düşünməkdi. İnsanın anatomik quruluşunda bir problem ola bilər. İnsan məhdudiyyətli dünyaya gələ yaxud sonrakı yaşayışı nəticəsində fiziki qüsurları ola bilər. Amma insanın düşüncələrini, həyata baxışını, özü ilə söhbətini heç kəs dəyişə, əlindən ala bilməz. Əgər bu haqq Yaradan tərəfindən yalnız insana verilibsə o bu şansdan istifadə etməlidir. İnsan özünü düşünməyə təhrik, ən azından buna cəhd etməlidir. Düşünmək insanlar üçün ən ağrıdıcı şey ola bilər. Bəzən insan lazım olan nəticəyə varmaya bilər, amma bu düşünmənin qarşısında duran bir maneə olmamalıdır. Bugün insanlar daha asan həyata yaxud “standartlaşmış həyat” a üstünlük verirlər. Məsələn standart olaraq dərsə, işə getməyi, ya da gün ərzində eyni işləri görməyə öyrəşiblər. Bu məsələləri o qədər standartlaşdırıblar ki “ şüursuz” olaraq artıq bu prosesi vərdişə çevirib. Məsələnin ən pis tərəfi burasındadır ki, heç kəs yaşadığı bu həyatı sorğulamır. Bəlkə də sorğulasalar lazım olmadıqları, istəmədikləri yerdə olduqlarının fərqinə vararlar. Əslində bütün məsələlər fərqində olmaqla başlayır. Əgər biz fərqində varsaq ki, bugün olduğumuz yerdə yox, zamanında istədiyimiz yerdə olmalıyıq onda çox şey dəyişərdi. Bəlkə də insan bu halda daha rahat, daha xoşbəxt olardı. Bu məsələyə bir atalar sözü ilə də misal gətirmək istəyirəm, “ziyanın yarısından dönmək də xeyirdir”. İnsanların “şüursuz həyat” yaşamasının digər bir səbəbi isə seçimlərdi. Yanlış seçimlər! Çox təəssüflər olsun ki insanlar öz fikirləri ilə hərəkət etmirlər, bura təhsil, ixtisas seçimi, ailə həyatı, karyera və digər seçimləri göstərə bilərik. Bunlarla yanaşı həyatmızda bir çox seçimlər arasında qalırıq. Bəzən bir seçim insan həyatını köklü şəkildə dəyişir. Məsələn ən sadə olaraq universitet seçimini göstərə bilərik. Ailəsinin istədiyi, özünün sevmədiyi ixtisası seçən bir gənc gələcəkdə istədiyi peşəyə yiyələnmirsə, yaxud seçdiyi ixtisası ömrünün sonuna qədər sevmirsə və “standartlaşmış” həyatı yaşayırsa deməli bu həyatın “şüursuz həyatdan” fərqi yoxdur. Niyə? Çünki bu gənc öz istədiyi həyatı yaşamır. Kimlərinsə seçimləri üzərinə bir həyat qurub 50, 60, 70 illik yaşanılan həyata ”şüurlu” demək düzgün deyil. Seçimlərdən danışırıqsa gənc yaşda qurulan ailələrə də diqqət yetirək. Erkən nikah 18 yaşına qədər uşaqların valideyn tərəfindən məcburi şəkildə evləndirilməsidir. Özəlliklə də qız uşaqlarının. Bu proses əsasən ucqar dağ rayonlarında gedir. Həmin rayonlarda “qızımı indi ərə verməsəm evdə qalacaq” kimi streotiplər hal-hazırda da qalmaqdadır. Erkən yaşda nikah həm psixoloji cəhətdən, həm də anatomik cəhətdən yanlışdır. Həyat yoldaşı, ana olmağı dərk etməyən bir qadın necə ana ola bilər. Erkən yaşda evləndirilən xanımların bir çoxu orta təhsilini belə tam ala bilmir, onlar 8-9 cu siniflərdə məktəbdən ayrılırlar. Gələcəkdə isə təhsil olmadığı üçün ən çətin işlərdə işləmək məcburiyyətində qalırlar. Bununla bərabər gənc qızların çoxları istəmədikləri şəxslə evlənir. Anatomik cəhətdən də bir çox problem sonradan üzə çıxır. Belə ki, 15-16 yaşında qadında olan proseslər tam getmədiyi üçün həkimlər erkən nikaha qarşıdırlar. Erkən ailə qurub uşaq dünyaya gətirən xanımlarda bəzən sağalması çox çətin olan problemlərlə nəticələnir. Erkən nikah yuxarıda qeyd etdiyim iki xüsusla: fərqinə varmamaq və seçimlə bağlıdır. Valideynlər fərqinə varsaydı ki, erkən yaşda uşaqlarını evləndirərək həm öz uşaqlarına, həm də cəmiyyətə ziyan vururlar bəlkə də heç vaxt belə əmələ boyun olmazdılar. Seçimləriylə niyə bağlıdır bəs? Bu məsələyə aydınlıq gətirək. Biz bütün bu gedən prosesləri tam olaraq valideynlərin səhvi olaraq yalnız onların günahlandıra bilmərik. Bəzən uşaqlar özləri də belə bir şeyə addım atırlar. Soruşanda ağla sığmayan, “şüursuz” cavablar verirlər. Bir çox yeniyetmə evliliyi çıxış yolu kimi görür. Münasibətləri uzlaşmayan, onlar (valideyn-övlad) arasında böyük uçurum olan ailələrdə bir çox yeniyetmə (əsas da qızlar) düşünür ki, evlənsəm canımı qurtara bilərəm. Amma bu arzu əksər hallarda uğurlu olmur, evlənib daha da acınacaqlı duruma düşürlər. Düşünülməmiş bir qərarın ziyanını ömürlərinin sonana qədər çəkirlər. Özümün qarşılaşdığım bir misalla erkən nikahla bağlı söhbətimə yekun vururam. Erkən nikah qurmuş bir qıza sual verdim ki səni nə vadar elədi belə tez evliliyə? Cavabında: “Artıq etməyə bir işim yox idi, məktəbi artıq bitirəcəm, oxumağa da həvəsim yoxdu boş qalmayım deyə evləndim” çox təəssüflər olsun ki nə qədər yeni texnologiyalar çıxsa da, müəyyən qədər maarifləndirilmə aparılsa da 21-ci əsrdə bu cür düşünən şəxslər var.
Son dövrlərdə şüursuz insanlardan istifadə edən özünü “şüurlu” adlandıran şəxslər meydana gəlib. Adlarını “təlimçi” qoyublar. Ayda iki dəfə təlim olur. Maraqlısı bundadır ki, o təlimlərdə zalda boş yer qalmır. 3 saat boyunca da eyni şeylər az qala 10 dəfə təkrarlanır. Təlimçi az qala bir mövzunu əzbərləyir, slayd hazırlayır və iş bitdi. Son 2-3 ildə biznes qurmaq istəyən “ağıllılar’ heç əziyyət çəkmir. Bir dənə kreativ ad tapır, 10-15 manata möhür alır, iki-üç dənə elmi-populyar kitab (Deyl Karnegi, Brayan Treysinin kitablarından) “oxuyuraq” təlim şirkəti açıb insanları istismara başlayırlar. Deməli bu proses necə gedir. Əvvəlcə pulsuz təlimlər keçirlər. Bura dəvət olunan təlimçilər də təşkilatçılar kimi manipulyatorlardır. Pulsuz təlimlər keçərək insanları “şirnikləşdirirlər”. Sonra da ödənişli təlimlərə keçirlər və bu təlimlərin qiyməti get-gedə artır. Hətta, qiymətlər 300-400 manata çatır. Ən dəhşətlisi isə bu təlimlərdə boş yer olmur. Sonda desinlər ki, mən “X” şəxsin təlimində olmuşam, yəni, sırf göstəriş üçün! Normalda insan istənilən mövzu haqqında danışanda sonda məqsədi olur, hansısa bir informasiya ötürmək istəyir. Təəssüf ki, belə “şirkət”lərdə heç nə ötürülmür, şüursuz insanlar da bunun qəti şəkildə fərqinə varmır. Orda, burda həmin şəxslər təriflənir. Hər yerdə reklam gedir. Ortada qalan isə yalnız manipulyasiya olunan boş beyinlərdir.

Şüursuz davranışa bir misal da çəkək – metrolarda olan vəziyyət. Günün müəyyən saatları var ki, metroya addım atmaq heç məsləhət deyil. Özəlliklə də səhər və axşam saatları. Hamı istəyir ki, metroya minsin. Hər kəsin eyni bəhanəsi var “gecikirik”. Evə yarım saat gec getsələr sanki, nə isə baş verəcək? Metroda yer olsa minməyə cəhd etsələr bunu anlamaq olar. Yer olmamasına baxmayaraq, insanlar bir-birini itələyirlər. Bu mənzərə daha çox müharibə filmlərindəki əsirləri kütləvi şəkildə darısqal qatarlara yükləmə səhnəsini xatırladır. Metroya minmək üçün öz canlarını da təhlükəyə atır, az qalırlar relslərin üzərinə düşsünlər. Həmin şəxslərə sual vermək lazımdır ki, olmazmı siz evdən daha tez çıxasınız və ya işdən-dərsdən sonra təyinat başına piyada getməklə 30 dəqiqə gec çatıb, sağlamlığınızı qoruyasınız?! Düşünürəm ki, bu proseslərin başlıca səbəbi tənbəllikdir. Texnologiya inkişaf etdikcə insanların canına qəribə tənbəllik çöküb. Normal yuxu saatının əvəzinə gecə saatlarına qədər filmə baxmağı, sosial şəbəkələrdə vaxt keçirməyi üstün tuturlar. Halbuki bəzi hormonlar məhz 01:00-02:00 arası ifraz olunur. Bu şeyləri bilə-bilə insanların sağlamlıqlarını təhlükəyə atması təəccüblüdür.
“Şüursuz” həyatın başında gələn davranış : Rüşvət və “şirinlik”. Bu əvvəlki dövrlərdə də var idi. İndi isə pik nöqtəyə çatdırılıb. Acınacaqlı olan isə rüşvətin bütün sahələrdə olmasıdır. Çox az adam tapmaq olar ki, şərəf-ləyaqətini, vicdanını rüşvətə satmasın. Dəfələrlə bunun şahidi oluruq. Ölkəmizdə rüşvəti alan isə ən çox həkimlər və müəllimlərdir. Özəlliklə də ibtidai sinif müəllimləri. Bu mövzuya dair saysız misallar göstərilə bilər. Məktəblərdə ən çox rastlaşdığım “müəllimlər günü”, “8 Mart” günü ərəfəsi təhsil şöbəsindən inspektorlar gəlib xəbərdarlıq edirlər ki, heç bir müəlliməyə hədiyyə alınmasın yaxud pul verilməsin. Amma nə olur? Həmin gün müəllimlərə o qədər gül, hədiyyə gəlir ki, yığdıqlarını aparmaq üçün taksi çağırırlar. Başqa bir misal kimi valideynlər pul yığıb müəlliməyə 600 manatlıq qızıl dəsti alır, müəllimə isə bunu geri qaytarır və şərəfini, ləyaqətini ayaqlar altına atıb, seks işçiləri kimi : “Mənim o biri müəllimələrdən nəyim əksikdi ki, mənə adam başı 50 manatdan pul yığmırsız”? Sabahısı gün “şüursuz” valideynlər müəllimə uşağıma qiymət yazsın deyə, nəinki 50 manat, 100 manatlıqlar gətirirlər. Uşaq olarkən dəfələrlə yanımızda jurnalın arasına “pullar” basılıb. Müəllimlər isə buna əsəbləşmək əvəzinə gülə-gülə pulu qəbul edib. Danışanda hamı ədalətdən danışır əməldə isə hər kəs öz mənfəətindədir. Bu 50, 100 manatlar hər bayramda gələcək. İşin ən faciəvi tərəfi isə artıq valideynlər pulu uşaqları ilə birlikdə göndərməsidir. Təbii ki, valideynlər tərəfindən bu cür “nümunəvi” tərbiyə olunan uşaq illlər sonra öz uşağı üçün də yaxşı bir şeymiş kimi rüşvət verəcək adını da qoyacaq “bura Azərbaycandır”! Müəllimlər iddia edirlər ki, bizim maaşımız azdır. Məktəb vaxtı çox gözəl xatırlayırdım ki, musiqi, əmək müəllimləri xaric demək olar ki, bütün müəllimlərin maaşı 500 manatdan çox idi. Bəlkə də bir ailəni hər tərəfli dolandırmaq üçün yetərli olmaya bilər. Amma bu heç bir halda şərəf andı içən müəllimin rüşvət almasına bəraət qazandıra bilməz! “Şüurlu” həyatın təməlində insanın öz şərəf, ləyaqətini bəzi həzzlərə, pula satmamaq durur. Düşünürəm ki, ən çətin anda belə çıxış yolu var. Az qala pul verməyən şagirdə, tələbəyə normal dərs keçilmir. Hətta pul verməyən şagirdlər (sinifdə iki-üç şəxs olar) sinifdə hamınım qarşısında alçaldılır, gülüş obyektinə çevrilir. Bununla sanki, məşhur filmlərimizdən olan “Qanun naminə” eləcə də Şənər Şənin baş rolda canlandırdığı türk kinosu olan “Namuslu” real həyatda canlanır.
Məktəblərə görə rüşvətin miqdarı dəyişir. Böyük litsey, gimnaziya tipli məktəblərdə miqdar digər məktəblərə nisbətən yüksəkdir. Məktəbə uşaq qəbulu guya elektron qaydada aparılırmasına baxmayaraq. Bəzi məktəblərdə əlavə sorğu-suala, kiçik imtahanlar həyata keçirirlər. Amma bu imtahanı uşaq yox valideyn verir. İndiki cəmiyyətdə insanın savadı valideynin pulu ilə müəyyən olunur. Rüşvətxorluqdan betər təhsil sistemi də şərəfsiz müəllim ordusu və düşüncəsiz, şüursuz valideynlərə görə acınacaqlı günə qalıb. Yeni təhsil sistemi yaradıldı – “Kurikulum”. Müəllimlərin 90%-i həmin sistemdən başı çıxmır, yalnız diaqnostik qiymətləndirmələrdə imtahandan uğurla keçmək üçün Kurikulum kitablarının içindəkilər dərk edilmədən əzbərlənilir. Mənfiləri olsa da sistemin çox gözəl tərəfləri var. Sistemin əsas mahiyyəti şagirdin müəllimdən asılılığını azaltmaq, onların müşahidə qabiliyyətlərini, kollektivlə işləmək bacarıqlarını artırmaqdır. Məktəblərə getsək və dərs prosesində iştirak etsək görərərik ki, 45 dəqiqəlik dərsin heç 20 % - i bu standartlarda qurulmur. Mahiyyəti nə şagirdlər anlayıb, nə də müəllimlər. Hələ dərsliklərdə olan səhvləri demirəm. Dərsliklərin səhv yazılmasının səbəbi də bu işə lazimi, bilikli şəxslərin cəlb edilməməsidir. Tək məktəblərdə bu belə deyil. Az qal bütün müəssisələrdə yanlış seçimlər, yanlış qərarlar verilir ki, bunun da əziyyətini digər insanlar çəkir. Hansısa bir müəsisənin rəhbərini, müavinini bu sahəyə uzaqdan yaxından zərrə qədər də olsun aiddiyyatı olmayan, özündən razı, elmə dair heç bir fikri olmayan şəxslər gətirilir. Sonra da deyirik: “Müəssisə rəhbərləri, məmurları niyə özbaşınalıq edir”? Rüşvətlə vəzifəyə gələn direktorlardan, müavinlərdən, baş həkimlərdən, polislərdən nə gözləmək olar. İstəyirik ki, övladlarımız yaxşı cəmiyyətdə yaşasın. Bunu görən uşaq özü də eyni şeyləri təkrarlayacaq. Belə olan vəziyyətdə necə yaxşı gələcək arzulaya bilərik?! Yeganə çıxış yolumuz özümüzə “niyə”? "nə üçün”? deyə, suallar verməli, düşünməli və özümüzü dəyişməliyik. Hamımızın şüuru var amma bir adam o şüurdan istifadə etmək istəmir. Gəlin biraz şüurumuza güc verək!

Fatimə Abuşova
AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031