atatv.az
atatv.az

Son yanğınlar sahibkarları necə “yandırıbsa”... - sığorta şirkətlərinə elçi düşüblər

18-12-2019, 17:20

Son yanğınlar sahibkarları necə “yandırıbsa”... - sığorta şirkətlərinə elçi düşüblər

Son bir neçə ildə böyük ticarət obyektlərində ard-arda yanğınlar baş verir. Axır günlərdə “EuroHome” və “3-cü mikrorayon bazarı”ndakı yanğınlar problemi yenidən aktuallaşdırıb. Belə ki, yanğınlar nəticəsində yüzlərlə sahibkara külli miqdarda zərər dəyir.

Bəs, niyə sahibkarlar əmlaklarını sığortalamırlar? Yaxud son yanğınlardan sonra əmlak sığortasına maraq artıbmı? Yanğınlardan sonra sığorta bazarında qiymətlər bahalaşıbmı? AYNA əməkdaşı bu suallara aydınlıq gətirməyə çalışıb.

Sığorta mütəxəssisi Şahin İsmayılovun sözlərinə görə, obyekt iki cür sığorta olunur: “Birincisi, daşınmaz əmlakın icbari sığortası (burada obyektin mövcud olduğu bina nəzərdə tutulur), ikincisi, daşınan əmlakın sığortası (burada binada olan sahibkarların mallarının sığortalanması nəzərdə tutulur. Sahibkarlar bəzən düşünürlər ki, daşınmaz əmlakın icbari sığortası varsa, deməli onların da malları avtomatik olaraq sığortalanıb. Amma bu, belə deyil”.

“Daşınan əmlak mütləq sığortalanmalıdır ki, sabah hər hansı bir hadisə baş verərsə, dəymiş ziyanın bir hissəsi sığorta tərəfindən ona ödənmiş olsun. Təəssüflər olsun ki, Azərbaycanda əksər sahibkarlar son zamanlaradək daşınan əmlakın sığortası ilə maraqlanmırdı”, - ekspert bildirib.

İsmayılov öz təcrübəsindən də danışıb: “Son illərə kimi sahibkarlara yaxınlaşıb daşınan əmlakın sığortasını təklif edirdim. Hər bir sahibkar sanki arxayın idi ki, onların malları qorunur. Ona görə də mallarını sığorta etdirməkdən imtina edirdilər. “Diqlas” ticarət mərkəzinin yanması ilə vəziyyət dəyişdi. Artıq həm obyekt sahibləri, həm də sahibkarlar əmlaklarını sığorta etdirməkdə maraqlıdırlar”.

Həmsöhbətimiz başqa bir problemi də dilə gətirib: “Bəzi obyekt sahibləri icbari sığortaya çox pul ödəməsinlər deyə, sığorta şirkətləri ilə danışığa gedib, obyektin qiymətini sənədlərdə dəfələrlə az göstəriblər. Bu da yanğın baş verəndə üzə çıxıb. Bu gün heç bir sığorta şirkəti böyük ticarət mərkəzlərinin sığortalanmasında maraqlı deyil. Sığorta şirkətləri obyekt sahiblərindən yanğına qarşı ciddi tədbir görmələrini tələb edir. Əks halda standarta cavab verməyən obyektləri sığortalamırlar. Eyni zamanda daşınan əmlakın sığortasında da sənədlər yerli-yerində olmadığı halda sığortadan imtina edirlər. Ard-arda ticarət obyektlərində yanğınlar baş verməsi nəticəsində sığorta şirkətləri belə obyektləri sığortalamır. Bu məsələ qanuni şəkildə nizamlanmasa, hələ çox problemlər olacaq”.

“Hətta belə bir fikir yayılıb ki, ticarət obyektlərini məhz sığorta şirkətlərinin işçiləri yandırırlar. Amma bu, heç də doğru fikir deyil. Axı sığorta şirkətləri belə obyektləri bu günkü şərtlərlə sığortalamaqda maraqlı belə, deyil. Əksinə belə obyektlərin standartlara cavab verməməsini əsas göstərərərk sığortalamaqdan imtina edirlər”, - deyə Şahin İsmayılov vurğulayıb.

Sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı da deyib ki, baş verən yanğınlar sığorta bazarında qismən canlanma yaradıb: “Amma sənədləri düz olan sahibkarlar mallarını sığortalaya bilirlər. Belə ki, malları rəsmi uçota alınıbsa, sahibkarın biznes fəaliyyəti şəffaf və rəsmidirsə, yanğın təhlükəsizliyi, o cümlədən saxlama vəziyyəti standartlara cavab verirsə, o halda sığorta şirkəti daşınan əmlakı sığortalayır”.

“Qiymətlər daha çox obyektin təhlükəsizliyindən və standartlarından asılı olaraq dəyişir. Onu da bildirim ki, “Binə”, “Sədərək” kimi ticarət mərkəzlərini milyon manata da sığortalamazlar. Çünki, kütləvi ticarət mərkəzləri, bazarlar və sair bu tələblərə cavab vermir”, - müsahibimiz əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930