atatv.az
atatv.az

Dahilərlə görüş (qəzəl karvanı)

30-12-2019, 12:16

Namiq Atabəyli (-Ata Şirvani)
( E-mail: [email protected])
Dahilərlə görüş (qəzəl karvanı)














Dahilərlə görüş (qəzəl karvanı)
1869-2019-ci il: Seyid Əzim Şirvani tərəfindən yaradılmış ilk
Milli Məktəbimizin qeyd edilməmiş 150 İlliyi münasibətilə...


”Nə xoşdur hər zaman bir dilbərin eşqində zar olmaq,
Ümidi-vəsl ilə hicrində müddət biqərar olmaq.”
(Seyid Əzim Şirvani)

Yusifi-Misri tək zindanə düşmək eşq səbəbindən,
Çəkib Züleyxayi-zülmü, nəhayət, tacidar olmaq.

Yarın çeşmi-xatirində əziz olmaq üçün bir gün,
Bütün ömrü nəzərlərdə biqədri-etibar olmaq.

Haramdır eşq aləmində aşiqə şan ilə ölmək,
Gərəkdir aşiqə hər gün xar ilə xakisar olmaq.

Canın Şirinə verməyən həvəs göstərməsin eşqə,
Əlin üzməkdi canından Fərhadi-kuhisar olmaq.

Ədu-əğyar ilə daim durub ərseyi-eşq içrə,
Cihadi-eşq aparmaqdır cani-canana yar olmaq.

Ey Ata, min məhəbbətlə yad edəcək səni ellər,
Neçin kim bir fəxarətdir: Seyiddən yadigar olmaq!..

***

“Məcnunla mənim dərdimin əfsanəsi birdir,
Söz ayrısa da, aşiqi-divanəsi birdir.”
(M.Füzuli. Fars divanı.Tərcümə: Mirmehdi Seyidzadə)

Saqi, gətir ol odlu şərabdan mənə xumla,
Kəm-kəm içim ol muğ ilə meyxanəsi birdir.

Fərhadı, ya Qeysi, ya ki Vamiqi çağır sən:
Eşqin dəlisi, aqili, fərzanəsi birdir.

O telləri xət-xətt az ayır gəl belə, ey şux,
Zülfündəki biçarələrin şanəsi birdir.

Züleyxayi-eşq ilə məni zindana saldır,
Yusif yolunun Misridə əfsanəsi birdir.

Füzuli, Seyid, Vahidi, Mirmehdini sev ki,
Ey dil, oların könüldə kaşanəsi birdir.

Atanı bu gün qəzəldə bir şah tanı, ey dil,
Beytin, kəlamın dəhridə şahanəsi birdir.

***

“Gözlərin kim aşiqə məxmur(i) şəklin göstərir,
Əhli-fəqrə mərdümi, məğrur(i) şəklin göstərir.”
(Abbasqulu ağa Bakıxanov Qüdsi. 1794-1847)

Gözün, ey cani-çeşmim, bir nuri şəklin göstərir,
Kim gözün səndən çəkər, öz kuri şəklin göstərir.

Canımı canana qurban eyləmişəm mən özüm,
Çünki gündüz-gecə o öz huri şəklin göstərir.

Museyi-İmranam, ey şux, hüzuruna gəlmişəm,
Astanan bu nur üzümə Turi şəklin göstərir.

Dar ağacı altda qurban olum mən o cəllada,
Haqlının haqsızlara Mənsuri şəklin göstərir.

Badeyi-gülfam içib məst olaram bir rindi tək,
Onda ki yar gözümə məxmuri şəklin göstərir.

Bir çəyirtgə qanadı da dost payı tək ucadır,
Çün Süleyman təxtinə öz muri şəklin göstərir.

Ata açıb könlünü bir xəzinə tək dünyaya,
Hatəmi Tai kimi məşhuri şəklin göstərir.

***

“Dərdim elə bir dərd deyil, izhar ola bilsin,
Ya hər sənəmə taqəti-didar ola bilsin.”
(Abbasqulu ağa Bakıxanov Qüdsi. 1794-1847)

Ol eşqə tutul ki, ürəyin yar ola bilsin,
Dərdin o gözəl dildara izhar ola bilsin.

Məcnuni-məhəbbətdə gərək tək çəkəsən dərd,
Qəm ki deyil ol qəm, ona qəmxar ola bilsin.

Hər eşqə düşən Misridə Yusif ola bilməz,
Yusif odu, zindanda da əhrar ola bilsin.

Sevməz ürəyim hər canı-cananı dəhirdə,
Cananə o candır: cana dildar ola bilsin.

Bir bülbüli-şeyda kimi dil-dil ötərəm mən,
Ol bağidə ki, könlümə gülzar ola bilsin.

Mey süz mənə, saqi, təzə sağər əyağından,
İçdikcə içim, əqlimi hüşyar ola bilsin.

Ey Ata, sənin şüğli-şəhamətlə nə karın,
Ol karə yetiş, içində əfkar ola bilsin.

***

“Yazıb bir namə göz yaşilə ol dildarə göndərdim,
Səriri-hüsnə, yəni şah olan sərdarə göndərdim. ”
(Molla Pənah Vaqif. 1717-1797)

Səba, dərdi-halımı ol güli-rənayə göndərdim,
Gözüm yaşın töküb yarçın dərin dəryayə göndərdim.

Qara xalın sənin, ey şux, mənə Kəbə daşım oldu,
Xoca Sənana dərs verib, sənə təqvayə göndərdim.

Mənim Məcnun ürəyimdən keçər Leylayi-eşq ancaq,
Neçə Məcnunu eşq ilə neçə səhrayə göndərdim...

Sevən qəlbim bir an gülməz nədən bilməm mənim, ey dil,
Vamiqəm, öz halımı hey yazıb Əzrayə göndərdim.

Ürəyimi ədu-əğyar bu dünya tək viran etdi,
Bütün ərzi-halımı mən tamam üqbayə göndərdim.

O qanlar ki, yerə tökdün, nəfin az olmasın, ey şux,
Deyə Ata qanımı mən sənə sərmayə göndərdim.

***

“Dərdini dəhridə dil bilməyən insanə demə,
Qoy yesin qəmlər səni, ol dəli-divanə, demə.”
(Sabir Kürdəmirli. XX əsr)

Bu cahan aləminin mərcanı, şahvarı mənəm,
Uyub hali-dilimə, könlümə viranə demə.

Öz ömür günlərinin qədrini bil dünyada,
Bu həyat aləminə bomboşu əfsanə demə.

Şəm yanar, şəmə baxıb, halına pərvanə yanar,
Arif ol, hər yanana şəmlərə pərvanə demə.

Ərseyi-eşqə girən meydana baş qoymalıdır,
Hər dəli eşqə düşən kəslərə mərdanə demə.

Necə dərd versə də eşq, Züleyxaya rəhm eylə,
Yusifi-Misrin halın Yaqubi-Kənanə demə.

Ey Ata, söz qanan az, söz danışan çoxdu, fəqət
Bir qəzəl-beytini də bir dənə nadanə demə!

* **

“Min qəmim vardır, birin mindən bir adəm bilməyir,
Həm bu bir qəm ki, min adəmdən biri qəm bilməyir.”
(Məşədi Azər, və Ə.Vahid)

Süz mənə gülçin şərabı, sağəri-dostum, tez ol,
Dəmbədəm dəm olmasam, bu könlüm heç dəm bilməyir.

Bülbüli-şuridəyəm mən, narilərdir məskənim,
Atəşi-hicrin üzündən gül üzüm nəm bilməyir.

Səhreyi-kuhilər içrə Fərhadi-Məcnun mənəm,
Dövrani-dun bu halimi bilir həm, həm bilməyir.

Muğilər, meyxanələrdən çəkməyin əyaği siz,
Nə xərabatidir ol Muğ: camı ki Cəm bilməyir?

Açmışam öz könlümün söz süfrəsin cahanə mən,
Etmişəm çox səxalər bu xəlqə, Hatəm bilməyir.

Ateyi-pir nazimi-ustadidir Şirvan üçün:
Şeyri o, Azər, nə Vahiddən bu gün kəm bilməyir.

***

“Vəfa məğzi nə mümkündür ola hər baş arasında,
Bu bir sərmayədir kim aşiqi-qəllaş arasında.”
(Nişat Şirvani. Şamaxı. 1675-1745)

Nədir eşqin mükafatı aşiqə bilmək istərsən,
Şirini Xosrov ilə gör, Fərhadı daş arasında.

Nədir bir cəllad əlində dara çəkilmək, ey Mənsur,
Canım qalmış dar ayaqda neçə fərraş arasında.

Əcəldən qaçmağın yoxdur cana dünyada bir xeyri,
Ölüm hazır dayanıbdır göz ilə qaş arasında.

Ey Adəmin oğulları, nədən qana susayıbsız,
Nə Qabil-Habil lafıdır, gedir qardaş arasında?..

Zaman bəddir, aralı dur, könül, hər cür xəlayiqdən,
Nə vəfa var vəfadarda, nə sirr sirdaş arasında.

Ey Ata, Əsli deyü çox Kərəm tək yanma gəl odda:
Bu atəşdə yox əsla fərq quruyla yaş arasında!

***
“Hal əhli olan, qəlbi duyan həmdəmim olsa,
Sıxmaz məni könlümdə nə dərdim, qəmim olsa.”
(Mir Mehdi Seyidzadə. 1907-1976)

Hər gün dolanıb başına pərvanəyə dönnəm,
Yannam oduna daima sən tək şəmim olsa.

Bircə sənə, ey şux, görə bu dünyaya bəndəm,
Tərk eyləmərəm mən onu min aləmim olsa.

Lap cənnəti bəxş eyləsə Tanrım yenə getməm,
Zülfün kimi bir rövzeyi-sünbül zəmim olsa.

Dərdin-qəmin içrə batıram dəryayi-eşqdə:
İmdad diləməm rəbbimə Nuh tək gəmim olsa.

Dövrəmdə dövr eyləyə min huriyi-qılman,
Baxmaz birinə bir gözüm onlar mənim olsa.

Ey Ata, Qəzəl aləmi ariflər üçündür,
Bir beyti deməm cahilə dərya dəmim olsa!!!

***


“Əzəl katibləri üşşaqi bəxtin qarə yazmışlar,
Bu məzmun ilə xət ol səfheyi-rüxsarə yazmışlar.”
(Məhəmməd Füzuli. 1494-1556)

Əzəl katibləri, ey dil, səni cananə yazmışlar,
Canı-cananın hər dərdin bizim bu canə yazmışlar.

Derəm yoxdur bu dünyada nəyi dersən, fəqət, ey can,
Səni ol cani-cananə verəm imkanə yazmışlar.

Götür, ey dil, başını tez, yürü Mənsur kimi darə,
Məhəbbət əhlinin başın verə meydanə yazmışlar.

İçə bilmək üçün cürmü meyi-nabın, Saqi, çoxdur:
”Səbuh” üçün mənə dürdi-meyi şəbanə yazmışlar.

Könül dərdim mənim, ey şux, sənə zərrə təsir etməz,
Dəvanı dərdə yox, dərdi mənə dərmanə yazmışlar.

Bu nə sirdir, əcəb, ey yar, bizə dərdi verən sənsən,
Nədən cövri-sitəmləri bütün dövranə yazmışlar?!

Ey Ata, gəl, Füzuliylə az ovut bu könül dərdin:
Onu Kərbübəlaya, bil, səni Şirvanə yazmışlar!..

***

“Dünya duracaq yer deyil, ey can, səfər eylə,
Aldanma onun alinə ondan həzər eylə!”
(İ.Nəsimi. Şamaxı: 1344-1404 :Hələb.)

Ey Xızri! Sənin içdiyin ab kövsəri-cənnət,
Ya bir ləbi-cananədi, lütfən xəbər eylə!

Zülmət gecələr içrə yanan tək şəməm, ey can,
Ey şəmsi-ümid, doğ, günümü al səhər eylə!

Fərhadi-hünər əhli nə bilsin nədi şər ruh,
Ey Şirini-tac, ömrümü gəl az zəhər eylə!..

Əğyari-ədulardadı top, oynama, ey dil,
Çövkandı ömür, bəxtini az çap, kəhər eylə.

Bülbül kimi, ey gül, yaza çıxdım sənin üçün,
Dil-dil ötürəm bağçada, xoş bir nəzər eylə.

Badəm kimi hey fırlanır aləm başım üstə,
Ya Rəbb, Atayam, halımı ondan betər eylə!..

***

“Könlümü hansı gecə ayrılığın qan etməz,
Hansı çarən bu sınıq qəlbimi nalan etməz.”
(Məhəmməd Fəlaki Şirvani. 1125-1155)

Naleyi-zaram, a can, canıma min dərd saldın,
Hansı aşiqdir onu eşqi peşiman etməz.

Dərdi-dilimi bütün aləmə məhşur etdim,
Nədən ol şuxum özü dərdimə dərman etməz?

Canı canana özüm könüllü verdim qurban,
O nə aşiqdir özün canana qurban etməz?

Yoxdu qorxum bu cahan içrə ədu-əğyardan,
Cana nə qəsddir onu könlümə canan etməz?!

Yüsifi-Misrəm, əziz Züleyxam, öz eşqimdə,
Nədən ol daş ürəyin könlümü mehman etməz?

Ədu-əğyarilərin bəxti gülər hər üzünə,
Çərxi-dun bircə kərə aşiqə dövran etməz.

Yara büt tək yanaşıb, Allaha qarşı çıxdım,
Elə küfr etdi könül, heç onu Sənan etməz.

Fələki tək Atanın bağrına dağ çəkdi fələk,
Varmı bir şahi-gəda Şirvanı zindan etməz?..

***

“Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,
Qan oldu könül kim o gülü xar ilə gördüm.”
(Seyid Əzim Şirvani)

Məcnunu uzaq Leylidən bir quli-biyaban,
Sənanı da bir deyridə zünnar ilə gördüm.

Hər kimdə könül vardı: yıxıq saray kimiydi,
Hər kimdə qızıl var idi, şahmar ilə gördüm.

Tar çal, oxusun “Rəhab”ı xanəndə bizimçin,
Hər yerdə könül rəhbanını tar ilə gördüm.

Ey kim ki, deyir: eşqü-məhəbbətdə səfa var,
Aşiq ürəyin şamü-səhər zar ilə gördüm.

Zindana atar aşiqini Züleyxayi-eşq,
Mən Yusifi də axırda əhrar ilə gördüm.

Satma bu nazı-qəmzələri aşiqə, ey şux,
Karın güdəni həmişə tüccar ilə gördüm.

Gəzmə qayalar çapanı gəl ağulu düzdə,
Şirin sevəni dəhridə kühsar ilə gördüm.

Ey dil, Atada kimsəyə yoxdur bi(r) təmənna,
Hər beytini min dürr ilə, şəhvar ilə gördüm.

***

“Tərk edib getdin məni, get-get, sənə qurban olum,
Naz edirsən , nazənin, et-et, sənə qurban olum.”
(Şəmsəddin Məhəmməd Hafiz Şirazi. 1300-1389
Tərcümə Əbülfəzl Hüseyninindir.)

Aşiqi tərk elədin, et, et sənə qurban olum,
Budusa məqsuduna yet, yet sənə qurban olum.

Mən müsəlmana sən öz qaşını mehrab elədin,
Küfrə verdin imanı, ey büt, sənə qurban olum.

Bir zaman eşqimizə aləm bizə dastan dedi,
Etmə gəl bu eşqə sən nifrət, sənə qurban olum.

Yarını əğyarinə dəyişmə gəl, ey bivəfa,
Etmə gəl böylə siyasəət sənə qurban olum!

Məcnunu çöl, Fərhadı dağ, Vamiqi dərya udub,
Məni də eyləyəcək məhvi, əlbət, qurban olum.

Nə bəladır, de, bu göz, de, bu baxış, nazlı nigar,
Al, yazıq könlümücə sən did, sənə qurban olum.

Ateyi-pirəm, axır eşqimi sən məhv elədin:
Ta hara istər isən, çıx get, sənə qurban olum!

***


“O gün olsun ki, səni məclisi-səhbadə görüm,
Genə dəstində qədəh, meylini minadə görüm.”
(S.Ə.Şirvani)

Düşüm ol Züleyxayi-eşq yolunda zindanə,
Təki Yusif olub öz yarımı azadə görüm.

Mən Acı aşiqiyəm, Dərd dağıdı külüng yerim,
Şirin eşqi nə verib, göstərin Fərhadə görüm?

Canı cananım üçün könüllü qurban demişəm,
Çıxmayım səbbaha sağ, əgər yarda fayda görüm.

Axıdın göz yaşımı, eşqi-sitəm əhli, müdam,
Özümü göz yaşımın içində dəryadə görüm.

Mən yarı əğyar ilə görə bilməkdənsə ayıq,
Yatıban ömrü boyu razıyam röyadə görüm.

Alaraq canı, tökər min qanı əğyari-ədu,
Ləbi-busəyə dəyir, başqa nəyə badə, görüm?

Atanın yadigarı Sözdü kəmal əhli üçün,
Nə qalıb Harundan, göstərin, dünyadə görüm?!

***

“Bir söz dedi canan ki, kəramət var içində,
Dün gecəyə dair bir işarət var işində.”
(Ahmet Nedim. Osmanlı şairi. İstanbul. 1681-1730.)

Süz, süz meyi, yarım, qədəhindən mey içim mən:
Ləli-ləbinə çünki şəbahət var içində.

Min loğman ola, dar günü bir kəs dada yetməz,
Bir dost ətəyin tut ki, səxavət var içində.

Çəkdir mənə hər zilləti, hər möhnəti, əğyar,
Xoşdur o cəfa: əhdə dəyanət var içində.

Hər məclisə, hər məhfilə varmam deyə-gülə,
Qan ordadı hər sözdə zərafət var içində.

Ey Əsli, səni vardı Kərəm tək sevən aşiq,
Tutmaz elə eşq: köhnə ədavət var içində...

Getməm o yolu min də Zülxeyxam ola,Yusif,
Qardaş ilə qardaşa xəyanət var içində.

Məcnun ilə Fərhadı mənə etməyin həmtay,
O, sevgi deyil, dərdi-məlamət var içində.

Ey Ata, sənin şüğli-şəhamətlə nə karın,
Ol bəzmə yetiş əhli-səlamət var içində.

***

“Ey gözüm, tərk elə bəsdir, meyi-nab içməginən,
Getmə meyxanəyə, ey xanə xərab, içməginən!”
(Səfa Maştağalı, Nəbiyev. 1916-1960)


Ey gözüm, fəxr edirəm mən meyi-nab içmək ilən,
Qəlbi feyzab edirəm odlu şərab içmək ilən.

Bil, fəna mülküdü bu, çoxdu ağır dərdü-qəmi,
Çəkilər başda olan hər bir əzab içmək ilən.

Çıxıb hər sübh üzü minbərdən edər zahid vəzz,
Gecə-gündüz edərəm mən də xitab içmək ilən.

Mənə min cövr eləyə Züleyxayi-tac əhli,
Edərəm eşqidə min zülmə də tab içmək ilən.

Atayam, ömrümü meyxanələr içrə sürdüm,
Görmədim keyfim ola, Səfa, xərab içmək ilən.

***

Gülşəndə idim seyridə, bir can idi, bir mən*,
Bir bülbül idi, bir də gülüstan idi, bir mən.

PS*: Nəzirə Ə.Vahid üçün yazılıb:
“Gülşəndə idim seyridə, bir yar idi, bir mən,
Bir bülbül idi, bir də çəmənzar idi, bir mən.”


Mənsur kimi min darə çəkirdi məni hər dun,
Bir hakimi, bir məhkumi-dövran idi, bir mən.

Əğyar ilə, ey şux, səni mən gördüm: o gündən
Əşkimdə də, eşqimdə də əfqan idi, bir mən.

Gəncineyi-xəznəmdə mənim var idi min zər,
Bundan o yana sonrası viran idi, bir mən.

Yusif kimi hər haqqımı, ey şux, sənə verdim,
Səndən də mənə çatdığı zindan idi, bir mən.

Ey nazlı mələk, tez də unutdun, demə bilməm:
Bir qəlb idi, bir əhd idi, peyman idi, bir mən.

Vahidlə bitir məqteyi-beyti, ey Ata, gəl,
Ətrakda da son: bir o qəzəlxan idi, bir mən!!

***

“Verdi mey camını saqi yenə canan əlinə,
Can fədadır kim ona, camı verib can əlinə.”
(S.Ə.Şirvani. Şamaxı . 1835-1888)

Qurbanam mən o qarışqaya ki bir çəyirtgəni
Gətirib pay elədi dostu Süleyman əlinə.

Nə qanır badi-səba türreyi-tərrarə nədir,
Yetir ol şanəni sən zülfi-pərişan əlinə.

Nədi, cürət elədik biz də çıxaq ov izinə,
Düşdü birdən-birə qəlb bir sürü ceyran əlinə.

Ruhu azad doğulur Leylaya Məcnun olanın,
Bəxti-məlunu verir onları dövran əlinə.

Allahım aslanı da salmaya çaqqal gününə,
Verə Haqq öləndə də aslanı aslan əlinə.

Nə ki qardaşlığı qəlp xaini vardır cahanın,
Qanlı köynək düşəcək, ey Ata, Kənan əlinə.

***

“Gülər iqbali-ülviyyət sənin tək can olan yerdə,
Həqiqət, çox səadət var gözəl canan olan yerdə.”
(Əlabbas Müznib. Bakı. 1882-1938)

Necə sussun, axı, bülbül gülə könül veribdirsə,
Könül ağlar gülün görməz gözü xəndan olan yerdə.

Züleyxayi-məhəbbətdən aşiq çəkər demə min zövq,
Çəkər eşqdən müsibətlər Yusif zindan olan yerdə.

Nə qanlardı tökür əllər malü-dövlət yolunda, bəs,
Necə sığar bu vicdana, bəşər-insan olan yerdə?

Çəkil, uzaq dayan daim cahillərin məkanından,
Çalış hər vaxt əyaqda dur, başı ürfan olan yerdə.

Bu xoş sağlıq qalar bizdən ürəklərdə yadigar tək:
Uca tut dost xatirini könül peyman olan yerdə.

Hacı Seyyid Əzim Şirvaniyə biz baş əyək, dostlar,
Bir Atayi-piran ilə: Azərbaycan olan yerdə!!

***

“Oturmuş yari məclisdə məni-rəncur ilə bahəm,
Süleyman əyləşib guya mühəqqər mur ilə bahəm.”
(Mirzə Hadi Sabit. Bakı. XX əsr)

Dağılmış xaneyi-xarəb içrə mən bir kef əhliyəm,
Məhşəri-imtahan verrəm dəhşəti-sur ilə bahəm.

Zill qaranlıq zəmanəmdə görünmür bir şəmsü-qəmər,
Kor olubdur bəxti-məlun gözümdə nur ilə bahəm.

Nə cənnətdən xəbər tutmam, nə cəhənnəm nədir bilməm,
Şeytanü-iblisi görrəm behişti-hur ilə bahəm.

Saqiya, bir badə lütf et, içib könlü xoş eyləyim,
Şərabi-nab, meyi-gülfam, rəzi-əngur ilə bahəm.

Seyidi-Əzəmin cəddi ərvahına dua qıllam,
Kəmini-Natəvan, Heyran, Nigar Rəncur ilə bahəm.

Nə ədalət, nə səxavət yoxdu təxti-Süleymanda,
Qalmışam darül-ədldən bayırda mur ilə bahəm.

Gəl, ey Nafiz! Gəl, ey Alim! Gəl, ey Zaur, Elnarəm, gəl...
“Şikəsteyi-Şirvan” oxu mənə bir “Şur” ilə bahəm!

Şirvanımın haqq yolunda dönməzəm bir haqq sözümdən,
Atayi-həllacam darda, bu gün Mənsur ilə bahəm.

Bakı-2019
(ardı var)

AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031