atatv.az
atatv.az

Minanın 2 adaxlısı, "xəyanətkar" Oksana, Nüşabənin tez-tez "sevgili" dəyişməyi, Niyamın saqqal hənası, Xatirənin 4 minlik istəyi və ... — ŞOUMIZ

17-02-2020, 15:34

Minanın 2 adaxlısı, "xəyanətkar" Oksana, Nüşabənin tez-tez "sevgili" dəyişməyi, Niyamın saqqal hənası, Xatirənin 4 minlik istəyi və ... — ŞOUMIZ



Vüsalə Balayevanın təqdimatında “Şoumız” rubrikasının növbəti sayını təqdim edirik.
Hər dəfə bu rubrikanı yazanda beynimdə həftənin şou hadisələrini sıralamağa çalışıram. Hər yazımda da özüm üçün həftənin baş qəhrəmanını seçirəm. Məqalədə yazmasam da, deyirəm, bismillahı mövzudan edim. Fikrimcə bu həftənin “Şoumız”ının baş qəhrəmanı Oksana Rəsulova və Mina Hüseynlidir. Birincini ha düşündüm ki, necə təqdim edim -rəqqasə, yoxsa aktrisa? Deyirəm, elə Oksana Rəsulova desəm, yəqin ki, hamı məni başa düşər. Deməli, Rəsulova əvvəl film qalası keçirərək tamaşaçılara “Sevgi romanı”nı təqdim edib. Filmin qısa məzmunu belədir ki, Cəmilə (Oksana Rəsulova) Xanlarla evli olur. O, varlı iş adamının qızıdır, həyat yoldaşı onu öldürüb var-dövlətinə sahib çıxmaq istəyir. Həyat yoldaşının bu niyyətindən xəbər tutan Cəmilə evdən qaçır və yolda Eldarla qarşılaşır. Birgə kəndə gedən və ikilikdə zaman keçirən cütlüyün səmimi səhnələri diqqət çəkir.

Zorakılığa məruz qalmış Cəmilə həyat yoldaşına xəyanət edir, Eldarla yatır. Hə, burda deyirlər e şap elə bilir şupdadı, şupda elə bilir şapdadı.

Oksananın xəyanətkar qadın rolunda çıxış etməyinə hirslənən tamaşaçının əsəbi getməmiş, Rəsulovanın verdiyi “ayın açıqlaması” lap ocağın üstünə benzin töküb. Verilişlərin birində qayıdasan ki, bəzi kişilərin özləri istəyirlər ki, arvadları başqa kişi ilə görüşsün. Pah, atonnan bu sözlərdən sonra sosial şəbəkə istifadəçilərinin ağzını bağlamaq olar? Necə deyərlər, camaat yumub gözünü, açıb ağzını.

Vallah, nə deyim, hardan yazım, bilmirəm. Müğənni Mina çox kinli qızdır. Ona xəyanət edəni qapısında yatsa belə, bağışlamır. Deyir, mən sözü bir dəfə deyirəm. Mina həm də gözəl qızdır. Bu səbəbdən düşünürəm ki, onu incitmək olmaz. Buradan onun sevgilisinə müraciət etmək istəyirəm ki, insafın olsun, o cür qıza da xəyanət edərlər? Ayıb olsun! Elə bunu demişdim, bir də baxdım ki, yeni sevgilisi “Sevgililər günü”ndə ona evlilik təklifi edib. Sən demə, Minaya görə narahat olmağım boşuna imiş. Sevgilisi “Malakan” bağında eləmə tənbəllik diz üstə çök, Minaya “Mənimlə evlənərsən?” sualını ver. Minanın da bundan qəti xəbəri yox imiş, qız elə təəccüb içində qalmışdı yolun ortasında. Day, gerisini bilmirəm. Yadımdan çıxmamış deyim ki, “O olmasın, bu olsun” filmindəki kimi, sən demə, qızın iki adaxlısı varmış. Kempo üzrə dünya çempionu Mirzə Məmmədov da çıxıb efirdə deyib ki, Minanı çox bəyənirəm. Bu "məhəbbət üçbucağı"nın sonu necə bitəcək, onu zaman göstərəcək.

“Uzunçuluq bir şey deyil” rubrikasını bitirib, keçirəm söhbətin əsas məğzinə. Yəni olmayan şou-biznesin nümayəndələrinin həftə ərzində verdiyi açıqlamalara, atmacalara…

Əməkdar artist Nüşabə Ələsgərli deyib ki, uşaq vaxtı tez-tez aşiq olurmuş. Bu gün sevdiyini sabaha unudurmuş. Meyxanaçı Samirəyə də bir dəfə Ərəbistandan qayıdanda təyyarədə 2-3 mahnı oxudub, sonra da pulunu verməyiblər. Müğənni Niyam Səlami isə yeni təklif irəli sürüb. Deyib ki, çimərlikləri hamam kimi ayırmaq lazımdır, kişilər ayrı çimsin, qadınlar ayrı. Ədəb-ərkan yaxşı şeydi. Deyəsən, Niyamın bu çıxışı özünün gözlədiyindən də qüvvətli alınıb. Bundan ilhamlanaraq, bir qadın elə canlı efirə gələrək ona öz sevgisini etiraf edib. Deyib, 17 ildir dayanmadan, durmadan, təmənnasız səni sevirəm. Burada deyiblər e qızda fərasətə bax. Hə, bir məqamı yazmağı unutdum. Niyam milli dəyərlərdən danışanda yenicə rəngdən çıxmış saqqalı studiyanın rəngbərəng işıqlarının altında bərq vururdu. Görəsən hansı hənadan istifadə edir, rəngi çox xoşuma gəldi, lap saçımın rəngini dəyişmək həvəsinə düşdüm.

Xalq artisti Rafael Dadaşovun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bilinib. Lakin müğənni Lalə Dadaşova xəbəri təkzib edərək, jurnalistlərə bərk əsəbləşib. Onları əsassız, sübutsuz xəbər yaymaqda ittiham edib. Nə deyək, Allah Xalq artistinə şəfa versin.

Aparıcı Hacı Nuranın da səhhətində yenidən problem yaranıb. Allah şəfa versin. Yadımdadır, keçən səfər aparıcı xəstəxanada yatanda yanına poni gətirmişdilər, bu dəfə də aparıcı Zaur eləmə tənbəllik “Sevgililər günü” münasibətilə xəstəxanaya gəlin göndərib. Yaxşı ki, müdiriyyət bu dəfə ayıq çıxıb, gəlini xəstəxanaya buraxmayıb. Bununla da Hacıya böyük yaxşılıq etmiş olublar.

Sən demə, müğənni Talıb Tale də nişanlısından ayrılıb. Ötən il ayrılmalarına baxmayaraq, xəbər gecikib. İlyarım nişanlı qaldıqdan sonra iki tərəf də bir yerdə ömür sürə bilməyəcəklərini anlayaraq, yollarını ayırıblar. Yəqin müğənni özünü bununla reklam etmək istəməyib. Sadəcə, xəbər hardansa bir yol tapıb, gəlib Zaura çatıb.

Kulminasiya nöqtəsin bu dəfə də Zaur Kamalla qoymaq istəyirəm. Deyirəm də bu Zaurla kiminsə qəsdi-qərəzliyi var. Uşağa gün verib, işıq vermirlər, nə istəyirlər, nə veriblər ala bilmirlər, vallah mən də bilmirəm.

Ancaq deyim ki, onda da az yoxdur ha, məclisə şuluqluq salır. Denən ay rəhmətliyin nəvəsi, sənə lazımdır Şəbnəm Tovuzlunun 22 il əvvəl çəkilmiş videosunu efirə verəsən? Salırsan bu camaatı yazıq Şəbnəmin üstünə, başlayırlar ağızlarına gələni yazmağa ki, ay başdan-ayağa estetik əməliyyat etdirmisən, ay sən nə gündə olmusan? Qoy oturub da, bir parça çörək pulunu qazanır. Niyə bu qızı salırsan dilə-dişə?

Müğənni Xatirə İslam isə 4000 manatlıq telefon istəyir. Zaur Kamaldan məsləhət istəyib ki, necə eləyim ki, bu telefon mənim olsun? O da öz qızıl məsləhətlərini Xatirədən əsirgəməyib. Deyib, kişiyə denən 3 aylıq maaşını yığsın, alsın sənin üçün. Olanlar da bundan sonra olub, Zaurun bu sözü ifaçının ərinin xoşuna gəlməyib. Deyib, sən o Zaura denən ki, o məbləğ mənim 3 aylıq yox, yarım aylıq maaşımdır. Özün demişkən “Ay Zaur” sən bilmirsən ki, 5 dil bilən, 5 min işçisi olan ərə belə söz deməzlər?

Ölkə.Az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930