atatv.az
atatv.az

Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA

18-02-2020, 15:05

Bəzi məcburi köçkün qadınlara verilən "çörəkpulu" niyə kəsilib? - RƏSMİ AÇIQLAMA


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkün olan və eyni statusu daşımayan şəxslərlə ailə quran qadınlara verilən müavinətin dayandırılmasına aydınlıq gətirib.

Atatv.az "Report”a istinadən xəbər verir ki, bu məsələ mövcud qanunvericilik əsasında tənzimlənir.

Dövlət Komitəsindən verilən məlumatda qeyd olunub ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilən "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na uyğun müəyyən edilir.

Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir: "Məcburi köçkün statusu olan qadın ailə qurduqdan sonra ona verilən müavinət dayandırılmır. Bu hal yalnız, ərazisi işğal olunmuş rayondan olmayan şəxslə ailə qurduqda şamil olunur. Nazirlər Kabinetinin 11 saylı qərarının 2-ci bəndi məcburi köçkün statusu olan şəxslərə vahid aylıq müavinətin hansı hallarda şamil edilmədiyini göstərir. 11 nömrəli qərarın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara müavinətin verilməsi şamil edilmir”.

Həmçinin, Dövlət Komitəsindən bildirilib ki, məcburi köçkün statusuna malik olan şəxslərin xarici ölkəyə getməsi ilə bağlı müavinətin dayandırılması prinsipləri Nazirlər Kabinetinin 11 saylı qərarının 2.8 və 2.9-cu bəndlərdə əks olunub:

"2.8-ci bəndə əsasən "məcburi köçkün” statusuna malik olub, təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olan məcburi köçkünlərə müavinət verilmir. 2.9-cu bənddə isə göstərilir ki, "məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Burada istisna hal kimi qeyd edilir ki, başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir. Müraciət qanunauyğun formada araşdırılır və müvafiq tədbir görülür. Təəssüf ki, xarici ölkədə qalma müddətinin səbəbləri ilə əlaqədar istisna hal tətbiq olunmur”.

Dövlət Komitəsi məcburi köçkün statusunda olan şəxsin adında ev olduğu təqdirdə ona verilən müavinətin kəsilməsinə də aydınlıq gətirib: "Bu da Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə tənzimlənir.

Qaydanın 2.1-ci bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, I dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) vahid aylıq müavinətin verilməsi şamil edilmir. Qaydada yalnız, yaşayış sahəsi olan məcburi köçkünlər haqqında bənd vardır. Nəqliyyat vasitəsi, yaxud digər mülkü olan məcburi köçkünlərlə bağlı heç bir tədbir nəzərdə tutulmur və icra edilmir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930