atatv.az
atatv.az

Qlobal iqtisadiyyat böhran təhdidi altında - TƏHLİL

18-03-2020, 14:26

Qlobal iqtisadiyyat böhran təhdidi altında - TƏHLİL

Dünyanın 150-dən çox ölkəsində yayılmış koronavirus pandemiyası ilə əlaqədar olaraq dövlətlər arasında iqtisadi bağlar ya tam kəsilib, ya da zəifləyib.

Koronavirusun qlobal iqtisadiyyatı təhdid edəcək səviyyəyə çatması dünya dövlətlərini həyəcan təbili çalmağa sövq edib. Bir neçə ölkədə koronavirusla bağlı fövqəladə vəziyyət elan olunub. Yaranmış bu vəziyyət isə ərzaq problemini gündəmə gətirib. Yəni ölkələr sərhədlərini bağladığı üçün ərzaq qıtlığı məsələsi gündəmə gəlir. Qıtlığın yaranması isə bahalaşma faktorunu doğurur.

Çünki iqtisadi prinsipə uyğun olaraq tələb təklifi üstələyirsə, qiymətlər avtomatik qalxır. Məhsul qıtlığı və bahalaşma isə kiçik və orta sahibkarlara ziyan vurur. Bu isə biznes mühitinin zəifləməsinə, hətta çöküşünə səbəb olur. Bunu nəzərə alan Amerika, Rusiya kimi dövlətlər koronavirus səbəbi ilə zərər çəkən sahibkarlara dəstək məqsədi ilə xüsusi yardım fondları yaradırlar. Belə ki, ABŞ prezidenti Donald Tramp ölkə vətəndaşlarına, eləcə də kiçik və orta sahibkarlara koronavirusun iqtisadi nəticələrini məhdudlaşdırmaq üçün üç aylıq vergi güzəşti tətbiq ediləcəyini bildirib.

Tramp koronavirusdan ziyan çəkmiş firmaların kapital və likvidliyini təmin etmək üçün Kiçik Bizneslə İş üzrə İdarəyə səlahiyyətlərini istifadə etməyi tapşıracağını bildirib. ABŞ prezidenti Konqresdən Kiçik Bizneslə İş üzrə Sahibkarlıq İdarəsinə 50 milyard dollar əlavə vəsaitin ayrılmasını xahiş edəcəyini deyib.

Rusiya da koronavirusun yayılacağı təqdirdə iqtisadiyyatı dəstəkləmək üçün xüsusi plan hazırladığını bildirib. Bu planda anti-böhran fondunun yaradılması nəzərdə tutulur ki, bura da 300 milyon rubl vəsait cəlb olunacaq. Fond əhali, bölgələr, dövlət şirkətləri və biznesin dəstəklənməsi istiqamətində tədbirlər görəcək.

“Cümhuriyət”ə açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli iqtisadiyyatı idxaldan asılı olan ölkələrdə ciddi problemlər yarana biləcəyini deyib:

“Yerli tələbatının böyük hissəsini özü ödəyən ölkələr üçün belə təhlükə yoxdur və ya çox azdır. Amma bu iqtisadiyyatı daha çox idxaldan asılı olan ölkələr üçün, o cümlədən də Azərbaycan üçün çox təhlükəlidir. Çünki biz ölkənin yerli tələbatının çox böyük hissəsini idxal hesabına ödəyirik. Zamanla məhdudiyyətlər artdıqca ölkəyə idxal problemləri yarana bilər. Bu yalnız koronavirusun yaratdığı ajiotajla bağlı deyil. Digər məsələ neftin qiymətinin ucuzlaşmasıdır. Neftin qiymətinin ucuzlaşması ilə əlaqədar əhali banklara axın edərək dollar almağa çalışırlar. Banklar isə həmin valyutanın satışını məhdudlaşdırır. Amma bir zümrə də var ki, bunlar banklardan daimi dollar alır. Bunlar sahibkarlardır. Çünki sahibkarlar xaricdən ölkəyə idxal etdiyi malı dollarla alır. Hazırda sadə vətəndaşlar kimi sahibkarlar da banklardan dollar almaqda çətinlik çəkirlər. Beləliklə, ölkədə yaranmış dollar qıtlığı səbəbi ilə idxal edilən malların həcmi azalacaq. Bu da sonda məhsulun bahalaşmasına gətirib çıxaracaq. Çünki satış mərkəzlərində ərzaq qıtlığı yaranacaq. Digər tərəfdən əhali arasında olan təlatüm də qıtlığa təsir edir. Son günlərdə marketlərdə etdiyimiz müşahidələr göstərir ki, əhali günlük tələbatını deyil, hətta aylıq tələbatını almağa çalışır. Tələbin də təklifdən çox olması qiymətlərə təsir göstərir. Bunun qarşısını almaq üçün ölkədə yerli istehsalı formalaşdırmaq lazımdır. Hazırda ölkə iqtisadiyyatı ciddi təhlükə qarşısındadır. Neft gəlirləri də azalmaqda davam edir. Azərbaycan iqtisadiyyatı qarşısında ciddi problemlər görünməyə başlayır. Bunun qarşısını almaq üçün Azərbaycan hökuməti ciddi təbirlər görməlidir. Bu tədbirlər planı həm qısamüddətli, həm də uzunmüddətli olmalıdır. Yəni ölkənin neftdən və idxaldan asılılığının azaldılması istiqamətində ciddi proqramlar həyata keçirilməlidir. Bu 2005-ci ildən başlayaraq həyata keçirilməli idi. Çünki o zamanda bu barədə siqnallar var idi. Hazırkı problem isə Azərbaycan hökumətinin qarşılaşdığı ikinci qəzadı”.

Ekspert hesab edir ki, Azərbaycanda iqtisadiyyatın idarə edilməsi donorluq prinsipindən sahibkarlığın inkişafı prinsipinə keçməlidir:

“Azərbaycanda kiçik və orta sahibkarlığa dəstək fondu indiyə kimi də olub. Hesab edirəm Azərbaycan hökuməti bu gün elan edirsə ki, 40 milyard dollar valyuta ehtiyatımız var. Həmin valyuta ehtiyatı hazırda sahibkarlığa yardım fondunun formalaşdırılmasında mənbə kimi istifadə edilə bilər. Hələ ki, Azərbaycan hökumətinin imkanları tükənməyib. Amma qarşıdakı dönəmdə bu imkanlar tükənəcək. Həmin imkanlar tükənənə qədər ölkə daxilində iqtisadi qaynaqların formalaşdırılması üçün sözügedən valyutadan istifadə etmək lazımdır. Çünki manatın məzənnəsini sabit saxlamaq üçün biz hər il 7 milyarddan çox vəsait xərcləməli oluruq. Bu da neft gəlirlərindən əldə olunurdu. Artıq neft gəlirləri azaldığı üçün bu vəsaiti əldə edə bilməyəcəyik. Məcbur qalıb ehtiyatlardan istifadə edəcəyik. Ona görə də düşünürəm ki, iqtisadiyyatın idarə edilməsi fəlsəfəsi dəyişilməlidir. Yəni iqtisadiyyatın idarə edilməsi donorluq prinsipindən sahibkarlığın inkişafı prinsipinə keçməlidir. Biz büdcəni neftdən gələn gəlirlərlə təmin etməməliyik. Onu sahibkarlıqdan gələn gəlirlərlə formalaşdırmalıyıq. Bunun üçün isə iqtisadi qaynaqlar yaradılmalı, yerli istehsal olmalıdır. Digər tərəfdən də bu sahədə şəffaflıq olmalıdır ki, istehsalçılar qanuni vergilərini ödəsinlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930