atatv.az
atatv.az

Sahibkarlara ən böyük köməyimiz nə olardı? - TƏHLİL

28-03-2020, 12:56

Sahibkarlara ən böyük köməyimiz nə olardı? - TƏHLİL


Sözsüz ki, koronavirus epidemiyasının əsas təsiri onun tibbi-bioloji nəticələri və ya təzahürlərilə müəyyən edilir – burada insanların sağlamlığı və həyatı ən əsas, ən ümdə məsələdir.

Amma yan təsirləri də unutmaq olmaz. Hazırda dünyanın əksər ölkələrində karantin rejimi tətbiq olunub, müəssisələrin bir çoxunun işi ya dayandırılıb, ya da məhdudlaşdırılıb. Mübaliğəsiz demək olar ki, bu yeni virus həyatı iflic edib. Ekspertlər dünya iqtisadiyyatına dəyəcək ziyanını trilyonlarla dollar olacağını təxmin edirlər.

Odur ki, sahibkarların bu günlərdə qayğıları heç də siyasətçilərin və yaxud da diplomatların problemlərindən az deyil. Təsəvvür edin, işlər müvəqqəti olaraq dayandırılıb və ya məhdudlaşdırıb, insanlar – işçilər məhdud iş qrafikinə keçiblər.
Amma sahibkarlar yaranmış vəziyyətə maksimum dərəcədə anlaşıqla yanaşmalıdırlar –belə bir şəraitdə işçilərin maaşını kəsmək və yaxud da onları ixtisar etmək, işdən uzaqlaşdırmaq heç də ən düzgün addım olmazdı, əksinə belə hallar insanlar arasında bu günlərdə mövcud olan psixoloji diskomfortu bir az da artırar, sosial narazılığı gücləndirərdi. Elə bu səbəbdən sosial problemlər təkcə potensial risk mənbələri deyil, onlar həm də vətəndaş və milli həmrəylik məsələsidir.

Təsadüfi deyil ki, ölkə prezidenti bu günlərdəki müraciətlərinin birində məhz bu məsələyə diqqət çəkdi və sahibkarlara ismarış ünvanladı ki, onlar tələsik qərarları ilə, xüsusən də ixtisarlarla insanların problemlərini bir az da artırmağa çalışmasınlar.

Odur ki, bu günlərdə sahibkarların üzərinə böyük məsuliyyət düşür. Amma biz də bu zümrənin problemlərini anlamalı, onlarla bağlı tələb və umacaqlarımızı optimallaşdırmalıyıq ki, ölkənin işgüzar adamlarının üzərinə çox da ağır yük düşməsin. Bu günlərdə sahibkarların ölkəyə verə biləcəyi ən böyük töhfə əlbəttə ki, onların ixtisarlarla tələsməməsi, insaların məvaciblərini vaxtı-vaxtında ödəmələri olmalıdır. Düşünürük ki, belə də olacaq, çünki bununla bağlı prezidentin onlara müraciəti var.

Amma bir daha deyirik ki, biz də sahibkarlara qarşı addım atmalıyıq ki, onlar öhdəliklərlə həddindən artıq yüklənməsin, çiyinlərini gücləri çata biləcək işlərin altına versinlər.

Bəs bunun üçün nə etmək olar? Koronavirusla bağlı yaradılmış fond əlbəttə ki, çox faydalı və mühüm qərardır. Amma bu təşəbbüsün ağırlığı sahibkarların üzərinə tuşlanmamalıdır.

Bir az əvvəldə qeyd elədik ki, bu insanlar bir neçə ay ərzində elə bir fəaliyyət göstərmədikləri halda işçilərini vaxtlı-vaxtında maaşlarla təmin edərlərsə, bunun özü də çox böyük bir addım olar.

Burada bir detalı da qəti unutmaq lazım deyil; dövlət özü də sahibkarların problemlərini unutmur və bu məqsədlə yaradılmış daha bir fonda artıq bir milyard manat ayrılıbdır – güman edirik ki, sahibkarlara dəymiş ziyan yaxın vaxtlarda indeksləşdiriləcək. Amma proses vəsaitin bir cibdən digər cibə qoyulması və təkrarən əvvəlki cibə qaytarılmasına bənzəməməli, daha optimal və səmərəli olmalıdır.

İnanırıq ki, elə belə də olacaq. Bizim hamımız üçün əsas odur ki, bu problemdən minimal itkilərlə çıxaq. Bir daha deyirik ki, bu, ilk növbədə epidemiyanın tibbi-bioloji təsirlərinə aiddir. Amma ölkəyə dəymiş sosial – iqtisadi ziyan da heç də tamam əhəmiyyətsiz məsələ deyil.

Prezident şəxsən özü bu məsəyə də dəfələrlə aydınlıq gətirib: qeyd olunubdur ki, bu il üçün nəzərdə tutulmuş bütün sosial proqramlar yerinə yetiriləcəkdir.

Heç sözsüz ki, belə bir çox yüksək səviyyəli və ən əsası da təminat xarakterli bəyanatlar insanları bir az da ruhlandırır, lap açığı, onların ümumi immunitetini artırır. Aydın məsələdir ki, “Sağlam bədəndə sağlam da ruh olar” deyiblər və şübhəsiz ki, insanlar mənəvi cəhətdən nə qədər nikbin və gümrah olsalar, bu, onların tibbi – bioloji durumuna da təsir edər.

İnsanın çətin durumlarda müqavimətini artıran daha iki mühüm amil əlbəttə ki, ümid və inamdır. Ümid etmək lazımdır ki, ən yaxın vaxtlarda bu bəlanın da çarəsi tapılacaq. İnanmaq lazımdır ki, cəmiyyət, dövlət və ən əsası da Tanrı özü bu ağır günlərdə bizi yalqız buraxmayacaq...
Hüseynbala Səlimov //musavat.com//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031