atatv.az
atatv.az

Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir

18-04-2020, 11:24


Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə işğalçı Ermənistanın silahlı qüvvələri və Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal olundu və orada yaşayan azərbaycanlılara qarşı analoqu olmayan soyqırım törədildi. Baş verən soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bugünədək də məlum deyil. Xocalı faciənin məşəqqətli anlarını yaşayan, həmin vaxtlarda gənc həyat yoldaşını itirən, bir sözlə insanlığa sığmayan addımların varlığını öz gözləri ilə görən xocalılardan biri də, məhz Mustafayeva Şəkibə Bəhrəm qızı olur. Hal-hazırda adı çəkilən bu xanım olmazın olaylarla üz-üzə qalıb. Ona görə də belə qərara gəldik ki, ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə qərar verilən ilk günlərdə həyata keçirdiyimiz çəkilişin, artıq ictimailəşdirməsi üçün zamanı çatıb. Odur ki, müəyyən problemlərlə üz-üzə qalan və imkanlı şəxslərdən beş yaşlı nəvəsinin müalicə olunmasına köməklik istəyən Şəkibə Mustafayevanı danışdıqlarına diqqət yetirək.

O, qeyd edir: “Həyat yoldaşım Novruzov Ələsgər Xanlar oğlu 1949-cu ildə Laçın rayonunun Gültacı kəndində anadan olmuşdu. İxtisasca idman müəllimi olduğundan o, 1 saylı Xocalı şəhər orta məktəbində öz ixtisası üzrə müəllimlik fəaliyyəti ilə məşğul olurdu. Kənd həyatında doğulub boya-başa çatdığından, Ələsgər Novruzovun çox yaxşı atıcılıq qabiliyyəti var idi və o, hər zaman elini-obasını qorumağa çalışırdı. Mən isə 1957-ci ildə Xocalı şəhərində anadan olmuşam və onunla ailə həyatı qurduqdan sonra, biz iki il Laçında yaşadıq. Buna baxmayaraq, Xocalı şəhəri həyat yoldaşımın olduqca xoşuna gəlirdi. Ona görə də, biz iki ildən sonra bu şəhərə köçdük və 1992-ci ilə kimi Xocalıda yaşadıq. Qanlı Xocalı faciəsi baş verən anlarda biz də orada idik. Faciənin baş verdiyi gündən əvvəl həyat yoldaşım “post”a getdi və mənə tapşırdı ki, “sən də bizim evə yığılan qonşularla birlikdə olarsan, mən qayıdacağam”. O, belə bir tapşırığını verib “post”a getsə də, son anda bir daha geri qayıtmadı. Çünki, əldə etdiyim məlumatlara görə Ələsgər Novruzov qeyri-bərabər döyüşlərin birində ağır güllə yarası alır və yaralı vəziyyətdə ermənilər tərəfindən ələ keçirilir. Əsir götürüldükdən sonra onu indiki Xankəndinə aparsalar da, o, aldığı güllə yaralarından dünyasını dəyişməli olur. 1997-ci ildə xalqımızın ulu öndəri Heydər Əliyevin imzaladığı fərman əsasında həyat yoldaşıma Azərbaycanın Milli Qəhrəmanı adı verildi.

Ələsgər Novruzov dünyasını dəyişən vaxtlarda bizim iki qız, bir oğul olmaqla üç övladımız var idi. Qız övladlarımız ailə həyatı qursalar da, hal-hazırda oğlum mənimlə birlikdə yaşayır və üç övladımızdan səkkiz nəvəm var. Qızlarımdan birinin beş yaşında Aliyə Zamanova adlı övladı var ki,. bu gün onun böyrəklərində ciddi problemlər yaşanır. Nəvəmin xəstəliyə düçar olması səbəbindən, 2017-ci ildə Avropa-Azərbaycan Cəmiyyətinə müraciət etdim və belə bir müraciətdən sonra, bizə müəyyən qədər köməklik olundu. Yəni, göstərilmiş köməklik sayəsində nəvəm Aliyə Zamanovanı Respublika Diaqnostika Mərkəzində əməliyyat etdirdik. Həyata keçirilmiş əməliyyatdan sonra, onun güclü müalicə olunmasına ehtiyacı yarandı. Onu da qeyd edim ki, uşağın ata-anası və mən nə qədər çalışsaq da, Aliyənin müalicə xərclərini tam şəkildə ödəyə bilmədik. Çünki, dövlətimiz qızıma və onun həyat yoldaşına yalnız yemək xərclərini ödəyirdi. Qızımın özü və həyat yoldaşı heç bir sahədə əmək fəaliyyəti ilə məşğul olmurlar, ona görə də onların əlavə gəlirləri yoxdur. Onların üç övladı var ki, övladlardan biri olan Aliyə Zamanova, bu gün də böyrək xəstəliyindən olduqca əziyyət çəkməkdədir. Düzdür, o, əməliyyat olunduqdan sonra bir qədər yaxşılaşsa da, həkimlər Aliyənin 12 yaşına kimi mütəmadi müalicə olunmasını məsləhət görürlər. Bizim də onun bu yöndə davamlı müalicəni həyata keçirməyə heç cür imkanımız yoxdur. Hələ bir müddət bundan öncə, nəvəmin müalicəsinə köməklik göstərilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri Hicran xanım Hüseynovaya rəsmi qaydada müraciət etmişdim. Düzdür, həmin vaxtlarda etdiyim müraciət əsasında bizə adı çəkilən Komitə tərəfindən pul köməkliyi olundu. Həmin pulla müəyyən müddət müalicə işlərini həyata keçirsək də, bu gün pulumuz tamamilə qurtarıb. Hazırda Aliyə Zamanova beş yaşının içindədir, bundan sonra o, daha yeddi il müalicə olunmalıdır. Belə bir müalicə işlərini həyata keçirmək imkanımız xaricindədir. Ona görə də, ailə üzvlərimizin vəziyyətini baş düşən hər kəsdən, ələlxüsus imkan olan şəxslərdən artıq dərəcədə xahiş edirəm ki, beş yaşlı nəvəmin müalicə olunması üçün, bizə öz köməkliklərini göstərsinlər. Kimsə köməklik göstərmək istəyərsə, o halda 077-550-00-41 mobil nömrəsinə zəng edib, bizimlə əlaqə saxlaya bilərlər”.

Hazırladı: Rasafil Bayramov

İctimai Xəbər Ağentliyinin rəhbəri



Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir
Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir
Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir
Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir
Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir
Xocalı sakini imkanlı şəxslərdən köməklik istəyir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930