atatv.az
atatv.az

Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır… - GƏLİŞMƏ

2-05-2020, 13:42

Həbs növbəsi “iqtidarı biabır edən”lərin himayəçilərinə çatır… - GƏLİŞMƏ


Azərbaycanda məmur həbslərinin əhatə dairəsi genişlənəcək. Yenisabah.az xəbər verir ki, icra başçılarının həbsi daha yüksək vəzifəli şəxslərin də məsuliyyətət cəlb olunmasını şərtləndirib. Bəllidir ki, Azərbaycanda kadr təyinatlarına məmur-oliqarx korpusunun əhəmiyyətli təsiri olub.

Zaman-zaman mediada icra başçılarının hansısa oliqarx məmura yaxınlığı, onun dəstəyilə vəzifəyə təyin olunduğu barədə yazılıb. Bəzi hallarda vəzifəyə təyin olunan şəxslər də bunu gizlətməyib. Hətta Azərbaycan rayonlarının oliqarx məmurlar arasında bölündüyü dövr də olub. 2018-ci ildən bu bölgüyə son qoyulsa da, hələ də bir çox rayonların icra başçıları hansısa oliqarx məmurun patronajkığı altında fəaliyyət göstərir.

Müşahidələr göstərir ki, hakimiyyətin zirvəsində israrla bu sistemin dağıdılmasına səy göstərilir. Artıq müəyyən nəticələr əldə olunub. Yeni icra başçılarını Prezident İlham Əliyev şəxsən qəbul edib onlara tapşırıq və tövsiyələrini verir. Bu görüşlər ictimaiyyətə də açıqlanır və cəmiyyət artıq bəribaşdan yeni kadrın fəaliyyəti barədə müəyyən təsəvvürlərə malik olur.

Amma vəziyyət hələ də ölkənin birinci şəxsinin istədiyi şəkildə deyil. Hər halda son həbslər və ölkə başçısının buna münasibəti belə düşünməyə əsas verir. Prezident digər rayonlarda da neqativ halların olduğunu bəyan edir. Deməli, proses yekunlaşmayıb. Əksinə, istər həbs olunan, istərsə də qandallanan həmkarlarının taleyini yaşayacağı ehtimal olunan icra başçılarının himayədarları üçün də təhlükə yaranıb. Axı ölkə başçısının təbirincə desək, “iqtidarı biabır edən” bu şəxslər həmin himayədarların dəstəyilə vəzifəyə təyinat alıblar. Həbs olunan icra başçıları haqqında “Mən onlara etibar etmişdim” deyən Prezident həm də bu adamların təqdimatını verənlərə etibar etməyibmi?

Digər tərəfdən, bu ərəfədə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov da maraqlı bəyanatla çıxış edib. “Korrupsiyaya bulaşan, rüşvətlə insanları işə götürən, eləcə də öz yaxınlarına yüksək vəzifə verən nazirlər, komitə rəhbərləri var. Həmçinin. bəzi yüksək vəzifəli məmurlar tenderləri öz şirkətlərinə, eləcə də yaxın qohumlarına verirlər. Görünür ki, onlar bu çirkin əməllərindən əl çəkmək niyyətində deyillər. Bu kimi şəxslərin həbs ediləcəyi də qaçılmazdır”, - deyə YAP-çı deputat vurğulayıb.

Siyavuş Novruzovun bu bəyanatı təsadüfi sayıla bilməz. O, hakim partiyanın ən üzdə olan və bir çox hallarda iqtidarın atacağı addımlar barədə anons verən fiqurdur.

Onun açıqlamasında “öz yaxınlarına yüksək vəzifə verən nazirlər” fikri diqqət çəkir. Bu nazirlər icra başçılarını himayə edənlər olmaya?! Güman ki, Siyavuş Novruzov elə onları nəzərdə tutur. Beləliklə, yaxın vaxtlarda cəmiyyət daha yüksək vəzifəli məmurların həbsinə şahidlik edə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930