atatv.az
atatv.az

“Cinayətkar məmurların cəzalanmasıyla paralel profilaktik tədbirlərə də üstünlük verirdik...”

5-05-2020, 22:00


“Bu gün bir neçə cəbhədə mübarizə aparmalı olan Prezidenti yaxşı anlayıram...”

“Cinayətkar məmurların cəzalanmasıyla paralel profilaktik tədbirlərə də üstünlük verirdik...”

Son günlərin olayları göstərir ki, Azərbaycan koronavirusla yanaşı, on illər ərzində çox mürəkkəb mutasiyalara uğramış rüşvətxorluq, korrupsiya viruslarının genişmiyqaslı epidemiyasıyla da üz-üzə qalıb. Təbii ki, bu ictimai-siyasi mərəz hələ sovet dövründə və müstəqilliyimizin bərpasının ilk illərində də canımıza mübtəla olub.

Bəs o illərdə belə bəlalara qarşı necə mübarizə aparılıb, hansı tədbirlər görülüb?
Və bu gün həmin xəstəliyin kökünün kəsilməsi əvəzinə, daha da pik həddinə çatmasının əsas səbəbləri nələrdir?..

Bu mövzuda Moderator.az-a açıqlama verən Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibov Azərbaycanda rüşvətxorluq və korrupsiyaya qarşı mübarizənin əsasən 1969-cu ildən bəri başlanan tarixini qısaca xarakterizə edib.

“Öncə onu vurğulamaq yerinə düşər ki, 25-30 il əvvəlki dövrlə bu dövr arasında xeyli fərqlər var... Sovet dönəmində də, müstəqilliyin ilk illərində də məmurların, rayon rəhbərlərinin vətəndaşlara qarşı özbaşınalıq halları, eləcə də rüşvətxorluq və korrupsiyaya yol verməsi indiki qədər kütləviləşməmişdi. Bu gün belə neqativ halların çoxalmasına əsas səbəb bir sıra rəhbər şəxslərin öz çirkin fəaliyyətlərini demokratiya adı altında pərdələməsidir. Və korrupsiya, məmur özbaşınalığına qarşı dövlət səviyyəsində ciddi mübarizə çoxdan gözlənilən idi. Dövlət başçısı İlham Əliyevin bu yöndə müəyyən etdiyi ciddi daxili siyasi mübarizə xətti təqdirəlayiqdir və müsbət nəticələri, cəmiyyətdəki əks-sədası göz qabağındadır...

Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda sovet dövründə də rüşvətxorluq və korrupsiya hallarına qarşı sərt mübarizə aparılıb. Mərkəzi Komitə və yerli rəhbərlik qarşısında bu istiqamətdə ciddi tələblər qoyulub. Məsələn, tarixə nəzər salsaq, 1969-cu ilin məşhur avqust plenumunda Azərbaycanın o vaxtkı rəhbəri Heydər Əliyev neqativ hallara qarşı ciddi bir mübarizə proqramıyla çıxış etmişdi. Və həmin proqrama uyğun olaraq 1970-ci illərdə də ölkəmizdə partiya və təhlükəsizlik qurumlarının xətti ilə rüşvətxorluq və korrupsiya ilə mübarizədə yaddaqalan, SSRİ miqyasında əks-səda doğuran tədbirlər görülüb. Bu gün də müstəqil dövlətimizin daxili siyasəti çərçivəsində Prezident İlham Əliyev bəhs edilən hallara qarşı mübarizəni uğurla davam etdirir. Bunun da nəticələri özünü göstərir...”

Ayaz Mütəllibov cəza tədbirləriylə yanaşı, dövlət və hökumət qurumlarındakı mənfi hallara qarşı mübarizədə profilaktik tədbirlərin də önəmini vurğulayıb.

“Onu da xatırlatmaq istəyirəm ki, bizim rəhbər olduğumuz illər keçid dövrü idi, dövlət yenicə bərpa edilirdi. Və biz neqativ hallara qarşı ciddi mübarizə aparsaq da, mən çalışırdım ki, məsələni dövlət başçısı olaraq yalnız hansısa vəzifəli şəxsi həbs etməklə həll etməyək, belə halların qarşısını önləyici, profilaktik tədbirlərlə də alaq. Yəni vəzifəyə təyin olunmuş hər bir məmurun dövlət, xalq qarşısında məsuliyyətini dərk edərək nəticə çıxarıb işində dönüş yaratmasına önəm verilirdi. Amma təbii ki, konkret faktlar indi yadımda qalmasa da, işdə yol verdikləri ciddi nöqsanlara görə vəzifədən azad olunma halları bizim dövrdə də olub. Və sözsüz ki, əməlində cinayət tərkibi olanlar məsuliyyətə də cəlb edilib. Bir sözlə, müvafiq qanunlara, şəraitə arxalanaraq tələbkarlığımızı nümayiş etdirmişik...

Xülasə, çox gərgin bir ictimai-siyasi dövrdə dövlət başçısı olmuş bir şəxs kimi mən bu gün bir neçə cəbhədə mübarizə aparmalı olan Prezidenti yaxşı anlayıram. Bir yandan işğal altındakı torpaqların azad edilməsi məsələsi, digər yandan iqtisadiyyatı möhkəmləndirmək, bu biri tərəfdən də dünyanı cənginə almış məlum pandemiya ilə mübarizə... Cəmiyyət də, müxtəlif siyasi güclər də bu ciddi durumu nəzərə alaraq konkret addımlarla dövlət başçısına dəstək olmalıdır...” –deyə sabiq dövlət başçısı mövcud mürəkkəb durumda ölkədəki bütün qüvvələrə həmrəylik çağırışı edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930