atatv.az
atatv.az

“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” - Sahibə Qafarova

7-05-2020, 20:17

“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” - Sahibə Qafarova


Mayın 7-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin təşkilatçılığı ilə Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans keçirilib.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildiriblər ki, videokonfransda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi münasibətilə videokonfransın keçirilməsinin əhəmiyyətini qeyd edib, bu tədbirə dəvət üçün minnətdarlığını bildirib.

Sədr diqqətə çatdırıb ki, bu günlərdə hamımız üçün çox əlamətdar olan tarixi bir günü – Qələbə Gününü qeyd edirik:

"Biz öz ölkəsinin azadlığı uğrunda canlarından keçmiş insanları böyük minnətdarlıq hissi və ağrı ilə xatırlayırıq. Mənim ölkəmin, Azərbaycanın bu Qələbəyə verdiyi töhfəni dəyərləndirməmək mümkün deyil. Burada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin çıxışlarından birində söylədiyi fikir yada düşür: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın İkinci Dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”".
“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” - Sahibə Qafarova

Sədr xatırladıb ki, Sovet İttifaqında, haqlı olaraq, əsas yanacaq tədarükçüsü kimi tanınan Azərbaycan Qızıl Ordunun çox güclü yanacaq bazasına çevrilmişdi:

"Böyük Vətən Müharibəsində Azərbaycan cəbhəyə 75 milyon ton neft göndərib ki, bu da böyük Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb.

Azərbaycan milli diviziyaları alman-faşist qoşunlarının darmadağın edilməsində - 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında böyük rol oynayıb, məşhur 416-cı Taqanroq Azərbaycan milli diviziyası isə Qafqazdan Berlinədək şanlı yol keçib".

Sahibə Qafarova qeyd edib ki, 130-dan çox Azərbaycan nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görülüb:

"30 nəfər “Şərəf” Ordeninin hər üç dərəcəsi ilə, 170 min insan isə müxtəlif orden və medallarla təltif olunub. Bu statistik göstəricilər Azərbaycan xalqının qəhrəmanlığını bir daha təsdiqləyir. O illərdə Azərbaycan zəhmətkeşləri böyük fədakarlıq göstəriblər. Arxa cəbhədə, Azərbaycanın sənaye müəssisələrində 130 adda silah və sursat istehsal olunub. Əlbəttə ki, bu, Qələbənin qazanılmasına böyük töhfə olub".

Milli Məclisin Sədri təəssüflə onu da bildirib ki, son zamanlar bir sıra qüvvələr İkinci Dünya müharibəsində Hitler qoşunlarının darmadağın edilməsində Sovet İttifaqının rolunu inkar etməyə cəhd edirlər:

"Bu, qəbuledilməz və yolverilməzdir. Biz, siyasətçilər, o cümlədən dünya ictimaiyyəti həqiqətin qorunmasında əzmli olmalıyıq".

Sədr qeyd edib ki, bu gün neofaşist meyillərin güclənməsi haqlı narahatlıq yaradır:

"Axı, bizə elə gəlirdi ki, faşist ideologiyasına birdəfəlik son qoyulub və bir daha bu hal təkrarlanmayacaq. Ancaq təəssüf ki, biz tarixin saxtalaşdırılması ilə yanaşı, faşizmin və onun təhrikçilərinin qəhrəmanlaşdırılması prosesini müşahidə edirik. Məsələn, Ermənistan respublikasında nasist Qaregin Njdeyə milli qəhrəman kimi abidənin ucaldılması faktı bizi narahat etməyə bilməz. Biz hesab edirik ki, faşizm bütün bəşəriyyət tərəfindən qınandığına görə belə hallara dözümlülük göstərmək olmaz. Biz qəlbən inanırıq ki, bu müharibədə şərəfli döyüş yolu keçmiş əsgərlərin xatirələrdən silinməyən qəhrəmanlığı və şücaəti gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsi olacaq".
“Qaregin Njdeyə abidə ucaldılması bizi narahat etməyə bilməz” - Sahibə Qafarova

Sahibə Qafarova vurğulayıb ki, bizim ölkəmizdə İkinci Dünya müharibəsi veteranlarına diqqət və hərtərəfli qayğı dövlət siyasətinin prioritet istiqamətlərindəndir:

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müharibə veteranlarına qayğının göstərilməsi və onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı imzalanmış çoxsaylı sərəncamlar buna parlaq misaldır".

Parlamentin Sədri bu günlərdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi” yubiley medalının təsis edilməsi ilə əlaqədar qanunun qəbul olunduğunu vurğulayıb.

Sədr çıxışının sonunda tədbir iştirakçılarını yaxınlaşmaqda olan Böyük Qələbə Günü münasibətilə təbrik edib, ölkələrinə sülh və əmin-amanlıq arzulayıb.

Videokonfransda çıxış edən Belarus, Özbəkistan, Qırğızıstan, Moldova respublikalarının parlament sədrləri və digər iştirakçılar Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümü münasibətilə öz fikirlərini söyləyiblər.

Bununla da Böyük Vətən Müharibəsində Qələbənin 75-ci ildönümünə həsr olunmuş videokonfrans başa çatıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930