atatv.az
atatv.az

“BU OĞRULARI SÜFRƏNİN BAŞINDA ƏYLƏŞDİRİRİK...” – "İlk növbədə qalanın dağıdılmasına ehtiyac var"

8-05-2020, 10:58

“BU OĞRULARI SÜFRƏNİN BAŞINDA ƏYLƏŞDİRİRİK...” – "İlk növbədə qalanın dağıdılmasına ehtiyac var"

Azərbaycanda korrupsiya və rüşxətxorluğa qarşı genişmiqyaslı tədbirlər davam etdirilir. Ölkə başçısı İlham Əliyevin rəhbərlik etdiyi bu mübarizə ölkə miqyasını əhatə edir. Həm dövlət qurumlarında aparılan struktur və kadr islahatları, həm də məmurların korrupsiya əməllərinin ifşa olunması cəmiyyətdə şəffaflığın yaranmasına, xalqın iradəsini əks etdirən sistemin formalaşmasına inamı artırır. Bu sahədə daha hansı zəruri addımların atılmasına ehtiyac var?

"Konstitusiya" Araşdırmalar Fondunun rəhbəri, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan üzrə koordinatoru Əliməmməd Nuriyev "AzPolitika.info"-ya şərhində bildirib ki, korrupsiya istənilən ölkədə yaxşı idarəetməyə mane olur, bütövlükdə yoxsulluğun səbəbi və nəticəsi kimi çıxış edir.

Onun sözlərinə görə, Azərbaycanda genişmiqyaslı islahatların davam etdiyi şəraitdə korrupsiya faktoru ona qarşı ciddi müqavimət ocağına çevrilir: "Azərbaycanda iqtisadi, siyasi, idarəetmə sahəsində genişmiqyaslı islahatlar həyata keçirilir. Bu islahatların gedişində şəffaflığın təmin edilməsi çox vacibdir. Bu barədə dövlət başçısı da çıxışlarında daim bildirir. Cənab Prezident yeni Baş prokuror Kamran Əliyevi qəbul edərkən də bu fikir səsləndirildi ki, biz korrupsiya və rüşvətxorluğun kökünü kəsməliyik. Xüsusən korrupsiyaya və korrupsionerə qarşı mübarizə çox vacibdir, onun infrastrukturu, yaradılan şərait aradan qaldırılmalıdır".

"İlk növbədə qalanın dağıdılmasına ehtiyac var"
Ə.Nuriyev bildirir ki, ölkədə indi korrupsiya infrastrukturu var və yerli icra hakimiyyətlərində baş verən hadisələr ölkədə korrupsiya institutunun olduğunu göstərdi.

"Ölkədə korrupsiya sxemləri mövcuddur, onların başında yerli icra başçısı durur. Başçının müavinləri, icra aparatı, yerli icra nümayəndələri, bələdiyyələr var. Burada pullar toplanır, bölüşdürülür, ötürülür və s. Elə bir dairə yaradılıb ki, bu, bütövlükdə qalaqurmaya oxşayır. Ona görə ilk növbədə bu qalanın dağıdılmasına ehtiyac var", - ekspert vurğulayır.

Son 5 ayda artıq 5-ci icra başçısının həbs olunduğunu xatırladan Əliməmməd Nuriyev, bu addımları korrupsiyaya qarşı mübarizənin bir istiqaməti hesab edir: "Ölkə başçısı çıxışlarında qeyd edir ki, korrupsiyaya qarşı mübarizə bizim şüurlu seçimimizdir. Bu barədə cənab Prezident hələ 2016-cı ildə konstitusiyaya dəyişikliklər zamanı bəhs etdmişdi. Bu dəyişikliklər isə idarəetmədə təkmilləşdirmə üçün hüquqi əsasların daha da genişləndirilməsinə gətirib çıxardı. Ötən prezident seçkilərindən sonra bu mübarizənin miqyası göstərilməklə ona start verildi, proses başlandı. Prezident Administrasiyasında, mərkəzi icra hakimiyəti qurumlarında struktur və kadr dəyişikliklərinin aparılması, növbədənkənar parlament seçkilərinin keçirilməsi bu prosesin əhəmiyyətli tərkib hissəsidir. Daha əvvəl, 2019-cu ilin aprelin 3-də məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı Prezidentin fərmanı oldu. Beləliklə, islahatlar ölkənin ictimai-siyasi həyatının bütün seqmentini əhatə edir".

"Qanun dəyişməlidir, bələdiyyələr gücləndirilməlidir"
Ə.Nuriyev qeyd edir ki, yerlərdəki icra qurumlarında baş verən hadisələr təəssüf doğurmaqla yanaşı aparılan islahatların əks-sədasının bölgələrə hələ tam olaraq çatmadığını göstərir: "Bu da öz növbəsində yerli icra qurumlarında yeni bir islahat dalğasına başladılmasını zəruri edir. Bunun nəticəsi olaraq biz yaxşı idarəetmə prinsiplərini yerlərə gətirməliyik. Bu idaəretmə, əlbəttə ki, şəffaflıq, hesabatlılıqdır, əhalinin yanında, içində olmaq, onun ehtiyaclarını öyrənmək, qarşılamaq, sahibkarlara geniş imkanlar yaratmaqdır. İcra başçıları, başqa vəzifəli şəxslər məsul vəzifələrə təyin edilərkən onların qarşısında bir tələb qoyulur: xalqın yanında olun, onun ehtiyaclarını öyrənin, problemlərini həll edin. Eyni qaydada sahibkarlığın inkişafına kömək edin, pul tələb etməyin, biznesinə şəriklik qatmayın. Bu cür tapşırıqlar vəzifəli şəxslər, o cümlədən icra başçıları üçün bir yol xəritəsi rolunu da oynaya bilərdi. Çox təəssüf ki, bəzi məmurlar bu tapşırıqlardan ibrət götürmədi və zaman onların taleyinin necə dəyişdiyini göstərdi".

Ə.Nuriyev yerli icra hakimiyyəti ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsini zəruri sayır. Onun sözlərinə görə, xüsusən yerli idarəetmədə paralelliyin aradan qalxması çox vacibdir.

"Ərazi icra nümayəndələri bu gün bələdiyyələrlə faktiki eyni funksiyaları yerinə yetirir. Düşünmək lazımdır, bu böyük strukturlara, ştatlara ehtiyac varmı, onların saxlanması böyük xərclər tələb edir. Biz idarəetmənin daha çevik, daha səmərəli formasını seçməliyik. Bələdiyyələr hüquqi təbiətinə görə bu kateqoriyaya uyğun gəlir. Bələdiyyənin modelinə də baxmaq lazımdır, ola bilər, bu idarəetmənin Türkiyə, yaxud Fransa modellərindən birini seçmək olar. Hər halda bu istiamətdə ciddi düşünmək lazımdır", - ekspert vurğulayır.

Əliməmməd Nuriyev təklif edir ki, yerli idarəçiliyin səviyyəsini artırmaq lazımdır: "Söhbət ondan gedir ki, idarəçiliyin rayon səviyyəsindən regional səviyyəyə keçmək vacibdir. Bu, həm idarəetməni optimallaşdıra bilər, həm də daha yaxşı nəzarət sisteminin yaradılmasına imkan yarada bilər. Problemlərdən biri kimi onu qeyd etmək olar ki, məsuliyyət məsələsi görünmür, ona görə də cavabdehliyi artırmaq lazımdır. Yerli icra başçıları rayonlara öz feodal malikanələri kimi baxır və orada bütün davranışları özləri müəyyənləşdirirlər. Bu da özlüyündə ağa-nökər münasibətlərini xarakterizə edir. Bu modeldən imtina etmək çox vabidir".

"İndiki idarəçilik qalsa belə..."
Ekspert həmçinin qeyd edir ki, indiki idarəetmə modeli qalsa belə, rotasiya qaydasının təşkili, düzgün tətbiq olunması çox vacibdir. "Bəzi hallarda görürük ki, vəzifəli şəxslər 5, 10 il və daha artıq müddətdə eyni vəzifədə qalırlar. Şübhəsiz ki, bu hal onların korrupsiyalaşmasına əlavə bir şərait yaradır. Onlar sabit əlaqələr qururlar, qohumlar, dostlar vasitəsi ilə qalaqurmalar həyata keçirirlər və s.

Ümumiyyətlə, onların yeniliklər etmək barədə düşünmək imkanları belə məhdudlaşır. Bu da təbii ki, idarəetmənin keyfiyyətini olduqca pisləşdirir. Bundan başqa bir çox icra başçıları müasir çağırışlara cavab verə bilmir. Ona görə yeni nəslin idarəçiliyə cəlb olunması da çox vacib bir məsələdir. Bu istiqamətdə də hərəkətə keçmək lazımdır. Vəzifəli şəxslərin fəaliyyətini də nəticələrə uyğun olaraq qiymətləndirilməsi çox mühümdür.

Məmurlar gəlir bəyyannamələrini açıqlamalıdırlar
Ekspert daha bir vacib məsələ kimi şəxslərin vəzifələrə təyin olunarkən gəlir bəyannaməsini açqlamasını qaldırır: "2005-ci ildən bizdə belə bir qanun var ki, vəzifəyə təyin olunan şəxslərin maliyyə xarakterli məlumatları tərtib edilməlidir. Bu qanunun icrası prosesinə başlamaq lazımdır. Gəlir bəyannaməsinin formasını tezliklə hazırlayıb, qəbul edib işə keçməyin vaxtıdır. Hesab edirəm ki, bu qanuna da çox ciddi dəyişikliklər edilməlidir. Məlumatların elektron qaydada tərtib edilməsi, açıqlıq məsələləri öz əksini tapmalıdır. Hazırki qanun bu tələblərə cavab vermir".

Ekspert yerli icra qurumlarının etik standartlara uyğun fəaliyyət göstərməsini də zəruri sayır: "Bir çox rəhbər şəxslər öz fəaliyyətlərində bunu rəhbər tutmurlar. Halbuki qanunvericilik var, ölkə başçısı da vətəndaşlara nəzakətli xidmətin göstərilməsini tövsiyə və tələb edir. Ağa-nökər yanaşması həmin vəzifəli məmurlara öz tabeçiliklərində olan şəxslərə, habelə vətəndaşlara münasibətdə etik davranış nümayiş etdirməyə imkan vermir. Ona görə də məmurlar hər şeydən əvvəl etik davranışlarla bağlı treyninqlərə cəlb olunmalıdırlar. Bu cür treyninqlər icra qurumlarında davamlı olaraq keçirilməlidir və prosesə vətəndaş cəmiyyətinin ekspertləri də cəlb olunmalıdır".

"Məmurların maaşları yüksəldilməlidir"
Əliməmməd Nuriyev vəzifəli şəxslərin dövlət və ictimai resursların üzərində sərəncam vermək hüququ olduğunu da xatırladaraq, belə kateqoriyalı məmurların əmək haqlarının az olmasına diqqət çəkir: "Məmurların maaşları 800-2000 manat arasında dəyişir. Əlində külli miqdarda dövlət vəsaitləri olan məmurların tamahı bu zaman işə düşür. Ona görə də məmurların əməkhaqqının artırılması da gündəmdə olmalıdır. Çünki daha yaxşı maaş, daha kefiyyətli iş tələb etməyə imkan verir. Bu da idarəetmədə mühüm seqmentlərdən biridir".

Ekspertin sözlərinə görə, korrupsiyaya qarşı mübarizə kompleks xarakter daşımalıdr. "Həm korrupsiyaya şərait yaradan hallar aradan qaldırılmalıdır, həm də inzibati üsullardan istifadə olunmalıdır. Əgər, korrupsiya hadisəsi varsa, onu törədən şəxsin məsuliyyətə cəlb olunması vacibdir. Əks halda, bu cavabdehliyin itirilməsinə gətirib çıxarır. Ona görə də ölkə başçısının apardığı bu prosesdə, onun dediyi kimi, bütün korrupsionerlərə vahid yanaşma olmalıdır. İstənilən vəzifədə çalışan şəxsin cinayətlərə qarşı immuniteti olmamalıdır. Yəni qorunma altına alınmamlıdırlar. Bu, çox vacib məsələdir, vəzifəli şəxslərin şəffaf iş prinsipləri ilə işləməsini təmin edəcək əlavə motovasiyadır".

"Korrupsiya milli təhlükəsizliyi təhdid edir"
Əliməmməd Nuriyev deyir ki, yeni Baş prokurorun təyinatı zamanı da Prezident bir məsləni xüsusi ilə vurğuladı: "Həm prokurorluq oraqanlarında islahatların dərinləşməsi, korrupsiyaya qarşı mübarizədə yeni nəsil kadrların gətirlməsi önəmlidir. Hesab edirəm ki, yeni Baş prokuror Kamran Əliyev bu istiqamətdə çox yaxşı təcrübəyə və intellektə, peşəkarlığa, mədəniyyətə malik insandır. Bu yüksək keyfiyyətləri o Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəhbər olaraq göstərdi. Mən əminəm ki, bu prses davam edəcək. Həmçinin son hadisələrdə prokurorluq orqanları da öz sözlərini deyəcəklər".

Ekspert həmçinin korrupsiyanın dövlətin milli təhlükəsizliyini təhdid etdiyini vurğulayır: "Bu bəlanın yox edilməsi, vaxtında minimuma endirilməsi çox vacibdir. Bu, kütləvi qanunsuzluqlara, insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulmasına gətirib çıxarır. Bu təhdid dövlətə qarşıdır. İş o yerə gəlib çatıb ki, onlar humanitar yardımlara belə əl qoyurlar. Bu, vicdanszılıqdır, Allahsızlıqdır. Mən əminəm ki, ölkə başçısı tərəfindən aparılan islahatlar nəticə göstərir və göstərəcək. Bu proses bütövlükdə idarəetmə prosesinin təkmilləşdirilməsinə gətirib çıxaracaq. Hakimiyyətin bütün qollarında səmərli idarəçiliyin təmin olunmasına, sahibkarlığın inkişafına, dövlət vəsaitlərindən səmərəli istifadəsinə gətirib çıxaracaq. Hazırda dövlət resurslarından istifadə çox vacib bir məsələdir. Hesablama Palatasının sonuncu auditində göstərilir ki, 70 milyon manat səmərəsiz xərcləmələr aşkar olunub. Vəzifəli şəxslərin qeyri-qanuni hərəkətləri nəticəsində mənimsənilən 21 milyon manat vəsaitin büdcəyə qaytarılması təmin olunub. 5 halla bağlı prokurorluq orqanlarına müraciət olunub. Hazırki pandemiya şəraitində hər bir manatın çox qənaətlə istifadə olunmasına nail olmalıyıq.

Eyni zamanda dövlət satınalmalarının, tenderlərin şəffaflaşdırılması istiqamətində çox ciddi proses getməlidir. Bizim təşkilat da satınalmalarla bağlı mühüm bir layihə üzərində işləyir. Bu sahədəki vəziyyətlə bağlı təhlil aparılır. Bu zaman olduqca xoşagəlməz hallar meydana çıxır. Ona görə də bu istiqamətdə tamamilə yeni yanaşma tətbiq olunması vacibdir. Şəffaflıq, hesabatlılıq artırılmalı, elektron sistem tərtib olunmalıdır".

Korrupsiyaya qarşı bir orkestr kimi çalışmaq lazımdır
Ə.Nuriyev korrupsiyaya qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsinə ciddi ehtiyac olduğunu deyir: "Xüsusən, vətəndaş cəmiyyətinin bu prosesə cəlb olunması olduqca zəruridir. Prezidentin bu sahəyə verdiyi önəmi daha yaxşı təmin etməyə çalışmalıyıq.

Bizim ABŞ-da yaşayan, Azərbaycanda bir sıra layihələrdə işləyən bir dostumuzun bir qeydini həmişə xatırlayıram. O deyirdi ki, korrupsiya "Tanqo" rəqsinə bənzəyir. Burada rüşvət alan və verən arasında elə mübhəm münasibətlər baş verir ki, onlar arasından informasiya çıxması mümkün deyil. Ona görə də bu mübarizə çoxtərəfli, genişmiqyaslı əməkdaşlıq çərçivəsində olmalıdır".

Ekspert korrupsiyaya qarşı mübarizənin həm də bir orkestrin ifasını xatırlatdığını vurğulayır: "Onun hər bir üzvünün öz rolu əvvəldən müəyyən olunub. Bir tərəfdən dövlət orqanları, vətəndaşlar, media və beynəlxalq qurumlar öz töhfələrini verməlidir və bu şəraitdə korrupsiyaya qalib gəlmək mümkündür. Bu, həmçinin korrupsiyaya qarşı sıfır tolerantlığın yaranmasına gətirib çıxara bilər.

Korrupsiya həm də oğurluqdur, bu əməl sahiblərinə münasibət cəmiyyətdə olduqca mənfidir, amma böyük-böyük pullar oğurlayan şəxslərə hörmət göstərir, süfrənin başında əyləşdiririk. Bu yanaşma da aradan qalxmalıdır. Bu stereotipi məhv edəriksə, korrupsiyanın meydanını daralda biləcəyik".

AzPolitika.info






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930