atatv.az
atatv.az

Bir ömrün yaddaqalan anları

9-05-2020, 14:59

Bir ömrün yaddaqalan anları

Bu gün bizi alman faşizmi üzərində tarixi Qələbənin əldə olunmasından 75 illik bir dövr ayırır. 01 sentyabr 1939-cu ildə Almaniyanın Polşanı işğal etməsi səbəbindən İkinci Dünya müharibəsi başlayır və 1941-ci il iyunun 22-də isə, Hitler Almaniyası SSRİ-yə hücum edir. Başlanan bu qanlı müharibə 1945-ci ilə kimi davam etsə də, həmin ilin 9 mayında - Berlindəki Reyxstaq binası üzərindən faşizm bayrağının endirilməsi ilə başa çatır. Sözsüz ki, həmin illərdə Hitler Almaniyası üzərində tarixi Qələbənin əldə olunmasına Azərbaycan Respublikası da mühüm töhfələrini bəxş edir. Yəni bu şanlı tarixi Qələbənin əldə olunması üçün, Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salır və təxminən onların yarısından çoxu döyüş meydanlarından geri qayıtmır. Bəşər tarixində bənzəri olmayan bu qanlı müharibədə göstərdikləri igidliklərə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülür, 170 mindən çox əsgər və zabitimiz isə, müxtəlif orden və medallarla təltif olunurlar. Ən əsası isə, azərbaycanlılardan formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və digər irili-xırdalı yüzlərlə yaşayış məntəqələri uğurunda rəşadətlə döyüşürlər. Hələ bu azmış kimi, onlar Polşa, Çexoslovakiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da qəhrəmancasına iştirak edirlər. Müharibənin ən gərğın çağlarında azərbaycanlıların düşmən qüvvələrinə qarşı apardıqları partizan hərəkatları da, heç bir halda unudulmur. Bəli, İkinci Dünya müharibəsinin gedişi zamanı Azərbaycan övladlarının heç vaxt yaddaşlardan silinməyən qəhrəmanlıqları və şücaətləri, bu gün də gənc nəsil üçün, sanki bir örnək hesab olunur. Alman faşizminə qarşı aparılan müharibədə azərbaycanlılar döyüş meydanları ilə bərabər, arxa cəbhədə də bənzəri olmayan əzmkarlıq nümayiş etdirirlər. Onu da unutmaq olmaz ki, İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Bakı nefti əvəzsiz rol oynayır və 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşür. Hətta, Berlinin alınması zamanı Almaniya səmasında uçan 7 mindən çox hərbi təyyarənin yanacaq təchizatını da həyata keçirir.

Alman faşizminə qarşı aparılan bu ölüm-dirim savaşında silaha sarılan, “Vətən mənim qürurumdur, hər birimiz onun hər qarış torpağını göz bəbəyi kimi qorumağa borcluyuq” deyib silaha sarılan qeyrətli və cəsur vətən oğullarından biri də, məhz Salmanov Əkbər Süleybər oğlu olur. O, 10 may 1923-ci ildə Füzuli rayonunun Alıxanlı kəndində anadan olur və dünyaya göz açdığı bu kənddə ilk təhsilini alır. Çox keçmir ki, təhsilini başa vuran Əkbər Salmanov həddi-büluğa çatır, o halda onun qəlbindəki Vətən sevgisi, xalqına bağlılıq duyğusu heç cür onu rahat buraxmır və o, 1942-ci ildə İkinci Dünya müharibəsinin ən şiddətli anlarında cəbhəyə yola düşür. 1945-ci ilin may ayına kimi müharibədə iştirak edən Əkbər Salmanov, Stalinqrad uğurunda gedən döyüşlərdə iştirak etməklə bərabər, hətta Berlinin ələ keçirilməsində də yaxından iştirak edir.İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Azərbaycana qayıdan və orta ixtisas təhsilini başa vurub mühasibatlıq ixtisasına yiyələnən Əkbər Salmanov, çox keçmir ki, əmək fəaliyyətinə başlayır. O, gənc yaşlarında olsa da, 1947-ci ildə və ondan sonrakı illər ərzində Fizuli rayonunun Alıxanlı kəndində keçirilən açıq cəsvermə zamanı, beş dəfə dalbadal kolxoz sədri seçilir. Əvvəllər rayonun Kürmahmudlu kəndi ilə Alxanlı kəndi bir sovetlikdə olsa da, 1968-ci ildə Alıxanlı kəndi Əkbər Salmanovun təşəbbüsü ilə ayrılır və o, bu kəndin sovet sədri olaraq, altı il bu vəzifəni layiqincə yerinə yetirir. 1974-cü ildə doğulub boya-başa çatdığı kənddə sovxoz həmkarlar təşkilatına sədr təyin olunan Əkbər Salmanov, 1993-cü ilə kimi bu vəzifəni daşımalı olur. Daha yaddaqalan hallardan biri də, adı çəkilən bu şəxsin hər zaman doğulub boya-başa çatdığı kəndin, rayonun ictimai işlərində fəallıq nümayiş etdirməsi, birbaşa onun təşəbbüsü ilə kənd klubunun, mədəniyyət evinin, xəstəxananın, təhsil müəssisəsini və s. inşa olunması olur. Bu kimi göstəriciləri özündə cəmləşdirən və sağlığında geniş xalq kütləsinin rəğbət hissini qazanan Əkbər Salmanov, Füzuli rayon Veteranlar və Ağsaqqallar Şurasının üzvü olmaqla bərabər, eyni zamanda Alxanlı kənd Ağsaqqallar Şurasının sədri vəzifəsini də daşıyır.
Bir ömrün yaddaqalan anları

Bütün bunlardan əlavə, Əkbər Salmanov İkinci Dünya müharibəsinin ən qızğın çağlarında göstərdiyi nümunəvi xidmətlərinə görə 1944-cü ildə Kommunist Partiyasının sıralarına qəbul olunur və ona müharibə başa çatdıqdan sonra veteran statusu verilir. İkinci Dünya müharibəsinin 40 illiyi tamam olan zaman isə, Əkbər Salmanova Azərbaycan Kommunist Partiyası Füzuli rayon Partiya Komitəsinin birinci katibi Ə.C.Əhmədzadənin və Füzuli rayon Müharibə Veteranları Şurasının sədri İ.H.İsayevin imzası ilə təsdiq olunmuş təbrik teleqramı çatdırılır. Elmi cəhətdən kifayət qədər hazırlıqlı olan və özündə cəmləşdirdiyi göstəricilərinə görə əksər şəxslərdən tamamilə fərqlənən, atdığı addımları ilə rayon rəhbərliyinin diqqətini cəlb edən Əkbər Salmanov, həmin illərdə rayonun birinci katibi tərəfindən verilmiş tapşırığı da şərəflə yerinə yetirir. Belə ki, o, Ə.C.Əhmədzadənin verdiyi tapşırıq əsasında rayonun həmkarlar təşkilatlarına üzv olanlara iki həftəlik kurs keçib, hər kəsin həmkarlar təşkilatının rolu və funksiyası haqda məlumatlı olmalarına səbəb olur. Bundan əlavə o, Böyük Vətən Müharibəsində Qələbənin 55 illiyi ilə əlaqədar 2000-ci ildə Azərbaycan Respublikasının mərhum prezidenti Heydər Əliyevin imzaladığı Sərəncam əsasında “1941-1945- illər müharibəsi veteranı” döş nişanı ilə, 27 aprel 2005-ci il tarixdə isə, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam əsasında “1941-1945- illər Böyük Vətən Müharibəsində Qələbənin 60 illiyi” yubiley medalı ilə də təltif olunur. Onu da qeyd edək ki, 1994-cü ildən başlayaraq Azərbaycanda 9 May - Qələbə Günü qeyd olunur.

İkinci Dünya müharibəsinin gedişi zamanı şərəfli həyat yolu keçən, həyatın ən ağrılı-acılı anları ilə üz–üzə qalan, amma hər bir çətinliyə qorxmadan, çəkinmədən sinə gələn Əkbər Salmanov, 1992-1993-cü illərdə erməni faşistlərinin ölkəmizə qarşı başladıqları hücümların qarşısının alınmasında, hətta Füzuli rayonu ərazisinə atılmış, amma partlamamış mərmilərin zərərsizləşdirilməsində də çox böyük rol oynayır. Elə ki, 23 avqust 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən ələ keçirilir, o halda bir çox füzulilər kimi Əkbər Salmanov da, ailə üzvləri ilə birlikdə Bakı şəhərinə pənah gətirməli olur. Gənc yaşlarından halal zəhmətə alışan, ömür yollarında hər zaman dövlətinin, xalqının gələcək taleyini düşünən, bir sözlə zəhmət çəkib ailəsini dolandırmağa çalışan bu şəxs məcburi köçkün həyatı yaşasa da, o, pənah gətirdiyi Bakı şəhərində də əmək fəaliyyəti ilə məşğul olur. Belə ki, 1995-ci ildən “Azəriqaz İstehsalat Birliyi” Səbail rayon Qaz İstismarı İdarəsinin Bayıl qəsəbəsində yerləşən filialında texniki işçi olaraq əmək fəaliyyətinə başlayan Əkbər Salmanov, 2006-cı ilə kimi daşıdığı vəzifəsini layiqincə yerinə yetirir.

Həyat nə qədər şirin olsa da, insan nə qədər yaşayıb-yaratmaq eşqi ilə çalışsa da, son anda hər kəsin qovuşduğu bir ünvan var, o da əbədiyaşarlıq dünyasıdır. Bəli, Əkbər Salmanov da 14 mart 2006-cı ildə ömrünün 83-cü baharında əbədiyaşarlıq dünyasına qovuşdu. Amma o, özü ilə o dünyaya bir nisgili, ağrı-acını-Füzuli itgisini apardı. Nə qədər çətin olsa da, ömrünün son anlarında doğulub boya-başa çatdığı Alıxanlı kəndini heç bir halda unutmadı və övladlarına vermiş olduğu vəsiyyət əsasında, həmin kəndin qəbristanlığında da dəfn olundu. Allah rəhmət eləsin!

Hazırladı: Kamal MİRZƏ

Bir ömrün yaddaqalan anları






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930