atatv.az
atatv.az

DÖVLƏTDƏN OĞURLANAN PULLARI BU CÜR HAVAYA SOVURAN YÜKSƏK ÇİNLİ MƏMURLAR HƏR CÜR CƏZAYA LAYİQDİRLƏR

11-05-2020, 10:23

DÖVLƏTDƏN OĞURLANAN PULLARI BU CÜR HAVAYA SOVURAN YÜKSƏK ÇİNLİ MƏMURLAR HƏR CÜR CƏZAYA LAYİQDİRLƏR

ƏFLAN İBRAHİMOV:
"DTX-NIN HƏYATA KEÇİRDİYİ BU ƏMƏLİYYATLAR CƏMİYYƏT TƏRƏFİNDƏN DƏ YÜKSƏK QİYMƏTLƏNDİRİLİR, BUNA ŞƏRAİT YARATDIĞINA GÖRƏ, VƏTƏNDAŞLAR DÖVLƏT RƏHBƏRİNƏ XÜSUSİ MİNNƏTDARLIQLARINI ÇATDIRIRLAR"


Dövlət Təhlükəsizlik Xidmətinin bir neçə rayonun ardınca, respublikanın Mədəniyyət Nazirliyində də əməliyyat keçirməsi, ölkənin siyasi elitası qarışıq, bütün cəmiyyətdə böyük rezonansa səbəb olub. Bəzi icra başçılarının və rəhbər vəzifələrdə çalışan digər şəxslərin həbs olunmasından sonra, bu nazirlikdə aparılan sensasion əməliyyat ictimaiyyət arasında bu əməliyyatların davamlı olacağına inamı artırır. Çünki bu əməliyyatlarda ortaya çıxarılan korrupsiya, maxinasiya, saxtakarlıq və rüşvətlə bağlı dəhşət doğuran faktlar sakinlərin daha çox qəzəbinə səbəb olan cinayət epizodlarıdır. Elə, buna görədir ki, ayrı-ayrı rayonların, hətta paytaxtın sakinləri belə, DTX maskalılarını öz bəd əməlləri ilə ictimai narazılıq yaradan müxtəlif dövlət qurumlarında əməliyyat keçirməyə dəvət edirlər.


Məlumat üçün bildirək ki, bu məmurlardan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə) maddələri ilə ittiham irəli sürülməsi, nəticədə, hər iki yüksək vəzifəli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi ölkə siyasətçilərin də daha çox diqqətini cəlb edib. Məsələn, yuxarıda sadalananlar barədə, Müstəqil Xalq Partiyasının sədri Əflan İbrahimovun araz.az-ın redaksiyasına daxil olan açıqlaması da, ictimai maraqla uyğunluq təşkil edir. Partiya sədri həmin açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildə başlanılan və dövlət idarəçəliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institusional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət alaraq, 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlarla – dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali qruplarını narazı salmağa yönələn neqativ halların hələ də təkrarlanması faktları müşahidə olunur. Bu cür əməllərə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoyulmaması, ifşa olunan həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində, son olaraq, mövcud qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edib.
Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə, peşəkarlıq səviyyəsi daha da yüksəldilən Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Yevlax şəhərinin, eləcə də Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq, həbs edilməsi təmin olunub: "Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyatın səbəbi də, demək olar ki, oxşar qanunsuzluqların mövcud olması ilə bağlıdır. Yəni, burada da, söhbət rüşvət və korrupsiyadan gedir. Lakin nazir müavini Rafiq Bayramovla və xidmət rəisi Zakir Sultanovla bağlı məlumatlar, tamamilə fərqli istiqamətdədir. Çünki Mədəniyyət Nazirliyinə dövlət tərəfindən ayrılan pulları oğurlayıb, bu cür havaya sovurmaq, tariximizə xəyanət və mədəni irsimizi satmaq deməkdir.
Dövlət başçısı Azərbaycan Respublikasının yeni Baş prokurorunu vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən də, ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırdı və tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq bildirdi.
Bir sözlə, mayın 8-də Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, qeyd olunan nazirliyin yüksək vəzifəli şəxsləri -- nazir müavini Rafiq Bayramov və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq, istifadə edib, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol verdiklərinə görə, təqsirləndirilərək, barələrində həbs qətimkan tədbiri seçildi.
Azərbaycan xalqının yaşı minilliklərlə ölçülən zəngin mədəni irsinin qorunmasının, teatr, kino, kitabxanaçılıq, muzey və nəşriyyat işləri, xalçaçılıq və digər mühüm sahələrin etibar edildiyi bir nazirlikdə bu cür neqativ hallara yol verilməsi, ictimaiyyət tərəfindən haqlı olaraq, hiddətlə qarşılandı və ən kəskin tərzdə qınandı. Ermənistanın hələ də davam edən təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalan mədəniyyətimizin keşiyində durmalı olan məmurların xəyanət yolunu seçməsi həm hüquqi, həm də mənəvi baxımdan bağışlanmazdır və onlara qarşı qanunun ən sərt formada tətbiqi mütləqdir. Yalnız, Zakir Sultanovun bahalı içkilərin həvəskarı olduğunu, bu yolda böyük pullar xərclədiyini, ən maraqlısı isə, külli miqdarda vəsait hesabına özünün adına xüsusi növ konyak sifariş etdirməsi kimi iyrənclik, buna tam əsas verir.
Zakir Sultanov daha çox nazirliyin həyata keçirdiyi tikinti-təmir işlərinə nəzarət edərkən də, dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəməkdə ittiham olunur. Belə ki, bir sıra tikinti sifarişlərini yaxın adamlarına tapşıraraq, onlardan külli miqdarda “şapkalar” alıb. Hətta, tutularkən, o, özünü təqsirli bilərək, qeyd edilən pulları aldığını etiraf da edib.
İddia olunur ki, 2018-ci ildən mədəniyyət nazirinin müavini təyin olunan, əvvəllər də məsul vəzifələrdə çalışan Rafiq Bayramov nazirlikdə əsas söz sahibi olub. Beynəlxalq tədbirlərin təşkilatçılığı zamanı ayrılan büdcə vəsaitlərinə əli çatan və onu paylaşdıran yeganə məsul şəxs də, Rafiq Bayramov olub. Ölkəyə gələn qonaqların qalmaq, nəqliyyat və yemək xərclərinə, ekskursiyalarına nə qədər pul ayrılması, həmin pulların təyinatı üzrə xərclənib-xərclənməməsi nazirlikdə çox məhdud çərçivədə şəxsə bəlli olub. Bu istiqamətdə ayrılan pullar da onların əllərindən keçib. Elə, onlar arasında əsas sima da Rafiq Bayramov olub. Konkret desək, buradakı "örtülü bazarda" kim nə qədər istəsə, pul götür bilib. Bundan başqa, onun adamları hotellərdən, turizm şirkətlərindən də istədiklərini alıblar. Komissiya yaradaraq, bu adla həmin obyektlərə gedərək, yalançı yoxlamalar aparıblar. Guya, hotellərin və digər obyektlərin standartlara uyğunluğunu yoxlayıblar. Adi bir misal; hotel açılmamış, sahibinin 5 min ödəməsi mütləq imiş. Turizm şirkətinin sahibi üçün isə, bu rəqəm 3 min imiş. Sonra da, hotel və şirkətdəki qiymətlər kəllə-çarxa çıxanda, yaxalarını kənara çəkib, bunun səbəbini bazar iqtisadiyyatı ilə əlaqələndiriblər. Hotellərə ulduzlar da pulla verilib. 3 ulduzun bir, 4 ulduzun bir başqa, 5 ulduzun isə, böyük qiymətləri olub. Bir sözlə, ulduzların sayı artdıqca, rüşvətin miqdarı da qalxıb. Yeri gəlmişkən, onu da qeyd etmək vacibdir ki, Rafiq Bayramovun adı mətbuatda, korrupsiya cinayətlərinə qarışan vəzifəli şəxs kimi, əvvəllər də, çox hallanıb.
Yuxarıda qeyd olunanlar, hələ, ittihamların təxmini versiyasıdır və yəqin ki, əməliyyat-istintaq zamanı ortaya çıxacaq rəsmi məlumatlar bir müddət sonra açıqlanacaq və heç şübhəsiz ki, dəhşət doğuracaq. Bu yerdə onu da qeyd edək ki, ortaya, artıq, hamını düşündürən bir neçə sual çıxır: Bəs, nazirin özü istintaqa cəlb olunubmu?! Doğrudanmı, nazir Əbülfəs Qarayev ətrafını hörən korrupsiya şəbəkəsindən kənarda qalıb? Nəzərə almaq lazımdır ki, həmin şəxslər nazirin əsas kadrı və yaxın adamı hesab olunublar. Faktlar nazirin özünü də məsuliyyətdən kənarda saxlamır. Belə ki, ortada, nazirin özünün ətrafındakı ən yaxın və himayə etdiyi məmurların korrupsiyaya qurşanmasından xəbərsiz qalması ehtimalı olsa da, deməli, cənab Qarayev, bir nazir kimi, işinin öhdəsindən gələ bilməyib və Prezident İlham Əliyevin etimadını doğrulda bilməyib. Axı, 26 il istinasız və fasiləsiz mədəniyyət sahəsinə rəhbərlik edən birisinin ətrafında bu cür adamların olması, onun, birbaşa məsuliyyəti çərçivəsində olub!
Onu da qeyd edək ki, Azərbaycanın uzunömürlü nazirləri çox idi. Mətbuatın da yazdığı kimi, indi o siyahıda qalan azsaylı nazirlərdən biri, elə, Əbülfəs Qarayevdir. O, “dövlət tərbiyəsi” görmüş məmurlardandır. Yəni vəzifəyə bərkə-boşa çıxaraq gəlib. Müxtəlif məsul vəzifələrdə çalışmış nazir stajı az qala müstəqilliyimizlə yaşıddır. Bir sözlə, 26 ildir nazir işləyən Əbülfəs Qarayev haqda mediada sərt tənqidi yazıları da, xatırlamırıq. Mədəniyyət ölkənin vacib və spesifik sahəsi olduğu üçün, Əbülfəs Qarayev məşhur Qara Qarayevlər nəslinin nümayəndəsi kimi, bu ada olan hörməti ictimai davranışları ilə, sonadək qorumağa çalışmalıydı!..
Ümumiyyətlə, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq, istifadə edərək, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-istintaq tədbirləri həyata keçirməsi alqışlayiqdir".
Xatırladaq ki, Müstəqil Xalq Partiyası
Azərbaycanda partiyaların qeydiyyata alınmasındakı əngəllər aradan qalxdıqdan sonra, bu günlərdə dövlət qeydiyyatına alınmış dörd partiyadan biridir. Partiya sədri fürsətdən istifadə edərək, buna görə, bu açıqlamasında dövlət rəhbərinə öz təşəkkürünü də çatdırıb: "Azərbaycan prezidenti İlham Əliyevin ciddi göstərişi və onun öz şəxsi təşəbbüsü ilə, reaspublikamızda yeni siyasi modelin formalaşdırılması üçün, neçə illər idi ki, respublikamızda dövlət qeydiyatından keçmək üçün müraciət edən siyasi partiyalara yaradılan süni əngəllər artıq aradan qalxıbdır. Bu, siyasi təşkilatların, partiyaların, hərəkatların, içtimai birliklərin dövlət qeydiyatına alınmasında, artıq, ortada olan hər hansı bir süni əngəl qalmayıbdır. Partiyaların qeydiyata alınmasında onlara mane olan şəxslərin siyasi səhnədən getməsindən sonra, bu, mümkün olub. Bu, həm də ölkəmizdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yeni siyasi mühit formalaşdırmaq təşəbbüsünün bariz nümunəsi və bu istiqamətdə hazırlanan kompleks planın həyata keçirilməsindəki müsbət işlərin başlanğıcıdır. Fürsətdən istifadə edib, İlham Əliyevə, Mehriban xanım Əliyevaya və ədliyyə naziri Fikrət Məmmədova bir daha partiyamızın qeydiyyata alınmasında göstərdikləri müsbət münasibətə görə, çoxsaylı üzvlərimiz adından dərin təşəkkürmüzü bildirib, minnətdarlığımızı çatdırırıq".

Malik MİRZƏ,
araz.az xəbər portalının xüsusi müxbiri.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930