atatv.az
atatv.az

“Azərbaycanın siyasi sistemində dəyişiklik olacaq”

14-05-2020, 15:43

“Azərbaycanın siyasi sistemində dəyişiklik olacaq”
Yeni qeydiyyata alınmış partiyanın sədri: “Hazırkı idarəetmə sistemi ilə ölkənin inkişafı mümkün deyil”

Azərbaycanda iki yeni siyasi partiya dövlət qeydiyyatına alınıb. Cümhuriyyət Xalq Partiyası (CXP) ilə Yeni Zaman Partiyasının (YZP) rəhbərləri Ədliyyə Nazirliyinə dəvət edilərək, onların qeydiyyatla bağlı müraciətlərinin müsbət qarşılandığı, rəhbərlik etdikləri təşkilatların qeydiyyata alındığı bildirilib.

CXP-nin sədri Bədrəddin Quliyev AYNA-ya rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, gələcək planlarından danışıb.

- Partiyamız 2010-cu ildən təsis edilib. Həmin ildə Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət etmişdik. Qeydiyyat olmadığına görə, ölkədə keçirilən seçkilərdə iştirak edə bilmirdik, tərəfdarlarımız partiya adından namizəd ola bilmirdilər. 2010-cu ilin parlament seçkilərində üzvlərimiz bitərəf olaraq seçkilərə qatıldılar. Sonrakı seçkilərdə iştirak etmədik. İmtinada məqsəd də ondan ibarət idi ki, qeydiyyatımız yoxdur, partiya olaraq platformamızı ortaya qoya bilmirik. Qeydiyyatın olmaması hüquqi baxımdan bizə çətinlik yaradırdı. Həmçinin, qeydiyyatsızlıq xarici əlaqələrimizə təsir edirdi. Mənim xariclə, xüsusən də Türk dünyası ilə güclü əlaqələrim var. Həmin qüvvələrlə rəsmi əməkdaşlıq edə bilmirdik. Hesab edirəm ki, qeydiyyatdan keçməklə, bu problemlər aradan qalxdı.

“Azərbaycanın siyasi sistemində dəyişiklik olacaq”

- Partiyanın fəaliyyət istiqaməti necə olacaq?

- CXP millətçi bir təşkilatdır. Özünü türk sayan, milliliyi əsas xətt götürən toplumlarla ciddi əlaqələrimiz var. Bu əlaqələr daha da gücləndiriləcək. Əvvəldən də dünyadakı türk toplumları ilə əlaqələrimiz mövcuddur. Bundan sonra əməkdaşlıqlar daha da ciddiləşəcək. Qeydiyyata alınmağımızın əsas təşəbbüskarı ölkə başçısı İlham Əliyevdir. Onun siyasi iradəsi olmadan partiya qeydiyyatdan keçə bilməzdi. Yeni formalaşan Milli Məclisin açılışı nitqində Prezident açıq şəkildə dedi ki, iqtidar ölkədəki bütün siyasi qüvvələrlə əməkdaşlıqda maraqlıdır. Düşünürəm ki, bunun məntiqi nəticəsi, bizim və digər partiyaların qeydiyyat məsələsini aktuallaşdırdı. Qeydiyyat məsələsində dövlət başçısından tutmuş, kimin əməyi keçibsə, hamısına minnətdaram.

- Sonuncu parlament seçkilərində 4 seçki dairəsində nəticələr ləğv edildi. Həmin dairələrdə deputatlığa namizədlər irəli sürməyi düşünürsünüzmü?

- Hazırda pandemiya dövrüdür, 10 nəfərdən artıq yığışıb, müzakirə aparmağa icazə verilmir. Karantin müddəti bitəndən sonra CXP-nin Siyasi Şurasında müzakirə olunacaq. Siyasi Şura hansı qərarı verəcəksə, ona uyğun da addımlar atılacaq. Hələlik pandemiyadır, təkrar seçkilərin vaxtı bəlli deyil. Ona görə də, nəsə deməyə çətinlik çəkirəm.

- Yəni, ola bilər ki, ləğv edilmiş dairələrdən namizədləriniz olsun...?

- Seçkilərlə bağlı, ümumiyyətlə, düşünürəm ki, sistem dəyişməlidir. Referendum keçirilməlidir, ölkəni parlamentar idarəetməyə keçirmək lazımdır. Hazırkı idarəetmə sistemi ilə Azərbaycanın inkişafı mümkün deyil. İcra başçılarının həbsi, nazirliklərdə yüksək vəzifəlilərin əməllərinin üzə çıxması onu göstərir ki, bu idarəetmə özünü doğrultmur. Yeni sistem formalaşmalıdır, parlamentar sistemə keçilməlidir. Bələdiyyələr gücləndirilməlidir, onların səlahiyyətləri artırılmalıdır. Gedən son proseslər də göstərir ki, ölkənin siyasi sistemində dəyişiklik olacaq. Seçki Məcəlləsində də dəyişiklik labüddür. Biz çoxpartiyalı respublikayıqsa, proporsional seçki sistemi bərpa edilməlidir. Yəni CXP olaraq, ölkədə yeni idarəetmənin tətbiqini tələb edirik. Ondan sonra seçkilərə qatılmaq, uğur qazanmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930