atatv.az
atatv.az

Ermənistana qarşı “ikinci cəbhə” - TƏHLİL

20-05-2020, 10:02

Ermənistana qarşı “ikinci cəbhə” - TƏHLİL

Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistanı təlaşda saxlayan genişmiqyaslı təlimləri davam edir. Xəbər verdiyimiz kimi, mayın 18-dən 22-dək, 4 gün çəkəcək əməliyyat-taktiki təlimlərə 10 min nəfərlik şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Budəfəki təlimlər zamanı döyüş hazırlığı, əməliyyatların planlaşdırılması və hərtərəfli təminatı, müxtəlif qoşun növləri və qismlərinin idarəetmə orqanlarının qarşılıqlı əlaqəsi, həmçinin təlimlərin şərtlərinə uyğun olaraq yaradılan zərbə qruplaşmalarının atəş və manevr imkanları yoxlanılır. Təlimlərin əsas hədəfi düşmənin əməliyyat düzülüşünün bütün dərinliyindəki müəyyən istiqamətlərdə qoşunların tətbiqi, kütləvi raket və artilleriya, aviasiya bomba-həmlə zərbələrinin endirilməsi, həmçinin silahlanmada olan yüksək dəqiqliyə malik vasitələrin istifadədir. Bundan əlavə, müxtəlif təlim mərkəzləri və poliqonlarda qoşunlarımızın praktiki fəaliyyətləri yoxlanılacaq. Hərbi manevrlər eyni vaxtda Naxçıvan Muxtar Respublikasında da keçirilir.

Dünəndən etibarən isə əməliyyat-taktiki təlimlərin planına uyğun surətdə döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılır.

*****

Azərbaycan coğrafi mövqeyi nəzərə alaraq, strateji əhəmiyyətli Naxçıvan bölgəsində özünün hərbi iştirakını artırmaqda, Əlahiddə Ümumqoşun Ordunu ən yeni, dağıdıcı və yüksək dəqiqlikli silah sistemləri ilə təchiz etməkdə davam edir. Bu barədə ABŞ-ın Ceymstaun Araşdırma Fondunun (“Jamestaun Foundation”) saytında dərc edilmiş məqalədə deyilir (Virtualaz.org).

Müəllif Can Kasapoğlu qeyd edir ki, Bakı Naxçıvandakı qüvvələrini gücləndirmək üçün genişmiqyaslı səylərə hazır olduğunu nümayiş etdirir. Bunun növbəti sübutu isə strateji əhəmiyyətli anklavda Türkiyədən alınan ən yeni və yüksək dəqiqlikli TRG-300 “Kaplan” 300-millimetrlik reaktiv yaylım atəşi sistemlərinin yerləşdirilməsidir. Həmin silahlar Azərbaycan Müdafiə Nazirliyinin YouTube kanalında mayın 2-də yerləşdirilmiş və Naxçıvan qarnizonunda silahların, hərbi texnikanın yay rejiminə keçirilməsi barədə süjetində gözə dəyir.

Müəllif bildirir ki, “Roketsan” şirkəti tərəfindən istehsal edilən TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemi Türkiyənin 300 millimetrlik reaktiv yaylım atəşi sistemlərinin son versiyasıdır. Bu sistem kifayət qədər yüksək dəqiqlikli raketlər buraxır. “Kaplan” raketlərinin hədəfdən ehtimal olunan dairəvi yayınması 10 metrdən də azdır. Raketlər GPS sistemi ilə dəstəklənir, 105 kiloqram ağırlıqlı döyüş başlığına malik olan “Kaplan” raketinin radiusu 120 kilometrdir. Lakin raketin daha dağıdıcı döyüş başlığına malik olan versiyası da var. Belə ki, 190 kiloqramlıq döyüş başlığı daşıyan “Kaplan” raketi 90 kilometrdən hədəfi vura bilir, bu zaman hədəfdən mümkün yayınma 80 metrə qədər çata bilər. Amma bu ehtimal olunan yayınmanı raketin yüksək dağıdıcı gücü kompensasiya edir.

*****

Qeyd edək ki, Azərbaycan bundan əvvəl Türkiyədən 300 millimetrlik “Kasırğa” reaktiv yaylım atəşi sistemləri alıb və həmin sistemlərdən bir qismini Naxçıvanda yerləşdirib. İndiki halda “Kaplan” raketlərinin Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına daxil edilməsi şübhəsiz ki, Naxçıvanda dislokasiya olunmuş ordu hissələrinin döyüş qabiliyyətini daha da gücləndirmiş olur. “Kaplan” raketlərinin hər iki variantı İrəvana və Ermənistan ərazisindəki strateji hədəflərə birbaşa zərbə endirməyə imkan verir. O cümlədən “Kasırğa” raket sistemləri də bu imkanı Azərbaycan Ordusuna yaradır.

Habelə Naxçıvanda “Smerç” reaktiv yaylım atəşi sistemləri də daxil olmaqla digər reaktiv sistemlər yerləşdirilib. O cümlədən Azərbaycanın İsraildən aldığı yüksək dəqiqlikli “Lora” əməliyyat- taktiki raketlərinin də Naxçıvanda yerləşdirildiyi məlumdur.

Can Kasapoğlu daha sonra yazır ki, Naxçıvan Qarabağda alovlana biləcək mümkün irimiqyaslı hərb əməliyyatlar zamanı hücum üçün ikinci istiqamət rolunu oynaya bilər. Belə ki, bu hücum iki mümkün variantda baş verə bilərdi. Azərbaycanın Naxçıvanda dislokasiya olunmuş Əlahiddə Ümumqoşun Ordusu Qarabağ istiqamətində erməni qüvvələrini yayındırmaq üçün Ermənistanın paytaxtı İrəvan istiqamətində hücuma keçə bilər. İkinci variant isə hücum Ermənistanla Qarabağdakı erməni qüvvələri arasında kritik əlaqəni kəsməyə hesablana bilər.

Müəllifə görə, 2016-cı ilə qədər belə ssenarilər olduqca az ağlabatan sayılırdı. Lakin həmin ilin aprelində baş vermiş ciddi toqquşmalardan sonra Azərbaycan Ordusu sübut etdi ki, 1990-cı illərin əvvəllərinə nisbətən indi daha effektiv hücum həyata keçirilməsini təmin edə bilər. Bu ssenarilər baxımından Türkiyədən alınan reaktiv yaylım atəşi sistemləri Naxçıvan istiqamətindən Ermənistan paytaxtına, yaxud daha düşünülmüş variantda Ermənistanı Dağlıq Qarabağla birləşdirən şoseyə zərbə endirmək üçün tətbiq edilə bilərdi.

Onu da qeyd edək ki, Türkiyə ordusu TRG-300 “Kaplan” reaktiv yaylım atəşi sistemlərini Suriyanın şimalında apardığı hərbi əməliyyatlarda uğurla tətbiq edib. İlin əvvəllərində qardaş ölkə ordusunun “Kaplan” raketləri ilə endirdiyi zərbələr Suriya ordusunun mövqelərini darmadağın etmişdi.

*****

Əlavə edək ki, İrəvan Naxçıvan sərhədindən cəmi 40-50 km-lik məsafədə yerləşir. Ermənilərin Naxçıvana da ərazi iddiaları olduğu və son vaxtlar açıq xarakter aldığı nəzərə alınarsa, muxtar bölgənin təhlükəsizliyinin hansı önəm daşıdığına şübhə qalmaz.

Sözsüz ki, qardaş Türkiyə Qars müqaviləsinə görə Naxçıvanın əsas varlıq qarantı olaraq qalır. Son illər Türkiyə ilə muxtar bölgə arasında hərbi əməkdaşlıqla yanaşı, iqtisadi-ticari, kommunikasiya əlaqələrinin də xeyli dərinləşməsi, o sırada Bakı-Tiflis-Qars dəmir yolunu Naxçıvanadək uzatmaq barədə Ankaranın qərarı sözsüz ki, Qarabağda bitməyən müharibə fonunda məxsusi önəm daşıyır və özünü yığışdırmaq üçün düşmənə çox ciddi siqnaldır. Yəni Azərbaycan ərazisində müharibəni xəyal edən İrəvan iki dəfə düşünməli olacaq.

Həm də o səbəbə ki, həmin dəmir yolu ilə bölgəyə təkcə ərzaq daşınmayacaq. Silah təchizatı da həyata keçiriləcək - Bakıdan və Türkiyədən. Odur ki, İrəvanın “2-ci cəbhə” təlaşı tamamilə əsaslıdır. Ondan qurtulmağın tək yolu isə Azərbaycan, Türkiyəyə ərazi iddialarına son qoymaqdır. Vaxt itirmədən...
“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930