atatv.az
atatv.az

Həyatımızın ən yaxşı, ən uca və ən güclü xatirəsi

10-07-2020, 21:30

Həyatımızın ən yaxşı, ən uca və ən güclü xatirəsi


Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən, çətirin də yox,
Qalmısan bir qərib yağışın altda.
(M.Yaqub)


Mən bu yazımda insanın ictimai varlıq kimi mənəvi-bəşəri və insani duyğularından yazmaq istəyirəm. İnsan dünyaya göz açanda bir fərd kimi, kiminsə oğlu və ya qızı kimi gəlir. Amma o get-gedə bir neçə vəzifənin daşıyıcısına çevrilir. O, kiminsə oğlu, kiminsə qardaşı, kiminsə həyat yoldaşı, kiminsə atası, dayısı, əmisi, babası olur. O həm də bir vətəndaş, bir ictimai vəzifə daşıyıcısı, bir şəxsiyyət olur. Amma heç də hamı bu vəzifələrin öhdəsindən tam ləyaqətlə gələ bilmir, kimi yalnız birində, kimi ikisində, kimi isə üçündə mükəmməl ola bilir. Amma elələri də var ki, üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gələ bilir. Belə adamlar Tanrı tərəfindən seçilmiş insanlardır. Onlarda nə isə bir özəllik, bir ayrıcalıq, bir işıq, bir nur olur, ətrafı da nurlandırır, ziya saçırlar və bu işığın şəfəqləri də uzun zaman, hətta mən deyərdim, əbədiyyən qalır. Belə seçkin adamları Allah da sevdiyi üçün öz yanına tez aparır...
Yaşadığımız enişi və yoxuşu çox olan həyatımızda bəzi insanlar kitab kimidir: məzmunlusu, təsirlisi də var, məzmunsuzu, ideya-bədii cəhətdən zəifi də... Elələri də var ki, o kitabı oxuduqdan sonra sənə necə təsir edirsə, həyatı boyu o kitabı unuda, yaddan çıxara, təsirindən qurtula bilmirsən, lap Viktor Hüqonun "Səfillər" romanındakı Jan Valjan şamdanları oğurlayandan sonra həyatı, dünyagörüşü dəyişən kimi sən də dəyişirsən... Kitablar da var ki, oxuyub qurtarırsan, heç nə, elə oradaca yaddan çıxır. Elə kitablar da var ki, əlinə alan andan onun sehrli təsiri altına düşürsən,o sənin beyninə həkk olunur. Yarımçıq qalan kitablar da var. Belə kitabları heç, amma heç unuda bilmirsən...
İnsan ömrü də belədir, bəzən yarıda, yarımçıq qalır, nisgilli, həzin, təsirli, yanğılı insan ömrü...
Mən dünyaya gözümü müəllim ailəsində açmışam. Babamın da, atamın da müəllim olduğu qocaman bir ailədə. Atamın da atası dünyadan tez və qəfil köçmüşdü - 35 yaşında. Üş qardaş və bir bacı atamın öhdəsində qalmışdı. O vaxtlar atam əsgərlikdə olarkən nənəm də xiffətdən öldükdən sonra atamı əsgərlikdən yarımçıq geri çağırmışdılar, ailə başsız qalmasın deyə. Atam gənc yaşlarından öz müəllim əməyi ilə üç uşağı, bacı-qardaşlarını böyüdüb, oxudub ev edib. Bəlkə elə ona görə atamın başı vaxtından çox əvvəl ağarmışdı, bəlkə elə ona görə bir ömürdə iki ömürlük vəzifə yerinə yetirdiyi üçün atam vaxtından çox əvvəl bu dünyanı tərk etdi. Amma az ömründə üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəldi...
Gözümü dünyaya açandan evimizdə otağımızın birində böyük kitab şkafı, çoxlu kitab görmüşəm. Divara hörülmüş kitab şkafında babamın ərəb əlifbası, latın qrafikalı kitabları- bunlar çox nadir kitablar idi, onların arasında Sədinin "Gülüstan"ı, "Bustan"ı , A.Bakıxanovun "Gülüstani-İrəm"i, Ş.İ.Xətainin "Nəsihətnamələr"i digər qədimi və tarixi əhəmiyyətli kitablar da var idi.
Bir başqa böyük kitab şkafında isə atamın kiril əlifbası ilə çap olunmuş qiymətli kitabları var idi (təəssüf ki, evimiz, yurdumuz kimi o kitablar da ermənilərin əlinə keçdi). Atam indiki ADPU-nun filologiya fakültəsini bitirmişdir. İsmayıl Şıxlının ən sevdiyi tələbələrindən biri olmuşdur. O, institutu bitirsə də, İsmayıl Şıxlı məktublar vasitəsi ilə atamla əlaqə saxlamış, ona təhsilini aspiranturada davam etdirməsi tövsiyəsini vermiş, faydalı məsləhətlərini əsirgəməmişdir. Atam əvvəlcə ədəbiyyat müəllimi işləmiş, sonradan isə bir neçə məsul vəzifələrdə çalışmışdır. O zamanlar kitab yazana da, kitab oxuyana da, kitab mağazasına da, kitab satıcısına da daha böyük hörmət qoyulan zamanlar idi. Az qala atam hər gün evə çörəklə, qəzet-jurnalla yanaşı, kitab da alırdı. Ağdamlıların yaxşı yadında olar, Ağdamda məşhur "Çay evi"nin yanında Sabir bağının yanında bir kitab mağazası var idi, balaca olmasına baxmayaraq, qarşısında həmişə növbə olardı. Düz yadımdadırsa, satıcının da adı gərək ki, Sabir idi (ağdamlıların yadındadır, yəqin ki). Ağ saçları olan nurani, dolu bir kişi idi -mən onu S.Vurğuna oxşadırdım, saçları dalğalı ağ idi - atamın da yaşının çox olmamasına baxmayaraq, saçı ağappaq idi və mənim də atamın adı Sabir idi. Bu satıcı Sabir mənim atam Sabir müəllimin Sabir bağındakı kitab mağazasında kitabını həmişə piştaxtanın altında saxlardı. Balaca vaxtı atamla o kitab mağazininə bir neçə dəfə gedəndə görmüşdüm. Başqalarına təzə çıxan hər hansı kitabın olmadığın söylədiyi halda, atamın kitab payın mütləq saxlayardı, atam daimi alıcısı və kitab əhli olduğu üçün. Və kitabı hər dəfə ürəklə atama uzadıb "kitabı ver kitab qədri bilənə" -deyərdi. Məxrəz, uzun sözün qısası, kitaba, kitab oxumağa maraq məndə hələ lap balacalığımdan başlayıb.
Bədii ədəbiyyatla yanaşı, "Antik ədəbiyyat", "Ədəbiyyatşünaslıq terminləri lüğəti", "Ədəbiyyatşünaslığa giriş", "Ədəbiyyatşünaslığın əsasları", "Dilçiliyə giriş", "Müasir Azərbaycan dili", "Füzuli sevir", "Füzuli düşünür", "Ədəbiyyat və sənət məsələləri ", "Sənətkar və zaman", "XIX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycan sovet ədəbiyyatı", ,,Aristotelin "Poetika" əsəri, Bualononun "Poeziya sənəti", Çernişevskinin "Sənətin varlığa estetik münasibəti " və s. elmi -tənqidi kitablarla hələ orta məktəbdə oxuyarkən tanış idim. İlk dəfə "Dilçiliyə giriş" adlı kitabın adın höccələyə-höccələyə oxuyanda oxumağıma atamın sevinməyini və məni qucağına alıb başının üstünə qaldırmağını, sən böyük alim olacaqsan, kitab yazan olacaqsan,- deməyini heç unutmuram... O anın donmasını, zamanın o anda dayanıb qalmasını elə ürəkdən arzulamışam ki, Allahın səsimi eşitməməsinə hələ də heyrətlənirəm !...
Atam təkcə bizi deyil, bacı-qardaşlarını da mənəvi qida ilə daim təmin etmiş, onlarda da kitaba, kitab oxumağa sevgi yaratmışdı. Əmilərimin, bibimin oxumadıqları kitab yox idi.
Atamın öz həyatı da elə yarımçıq qalmış məzmunlu və dolğun bir kitabı xatırladır.
İsti bir yay günündə, iyulun 9-da həyata qəfil "əlvida" deyən atamdan - sələfimiz olan bir müəllimin həyatından danışdım sizə...
O, dünyasını dəyişəndə müəyyən vəzifələrdə işləməsinə baxmayaraq, dürüst, haqsevər, insanlara kömək etməyi sevən biri olduğu, vəzifəsindən sui-istifadə edən olmadığı üçün elə də var-dövlət qoyub getməmişdir. Amma atam bizə elə böyük mənəvi sərvət, elə bir tərbiyə qoyub getmişdir ki, bu zənginlik heç bitib-tükənmədi, bizə ömrümüz boyu yetdi və yetəcək... Atam bir dil- ədəbiyyat müəllimi, məsul vəzifələrdə halallıqla, məsuliyyətlə, ədalətlə işləyən bir insan idi. Özündən sonra onun qoyduğu mənəvi sərvətə yiyələnən iki özü kimi dürüst, elmli, ədalətli oğul, altı müəllim qız övladı qaldı.
Atamın son oxuduğu kitab "Qılınc və qalxan" kitabı idi. Son dərəcə qalın olan bu kitaba marağım olsa da, atamın oxuyub qurtara bilmədiyi yarımçıq qalmış bu kitabı mən əlimə alıb oxuya bilmirəm... O kitab kimi atamın da ömrü başa çatmadı, yarımçıq qaldı...
Yenə yuxarıda yazdığım fikrə qayıdıram; İnsan dünyaya bir fərd kimi- kiminsə oğlu və ya qızı kimi gəlsə də, sonradan o bir ictimai varlıq kimi həyatda bir neçə vəzifənin daşıyıcısı olur.
Birinə oğul, birinə qardaş, birinə ata, birinə əmi, dayı və baba olmaqla yanaşı, cəmiyyətdə də özünə bir mövqe tutar. Çox az adam tapılar ki, bu vəzifələrin hamısının öhdəsindən layiqincə gələ bilsin. Mənim atam isə həm yaxşı oğul, həm qardaş, həm həyat yoldaşı, həm dayı, əmi, həm də ən yaxşı bir müəllim idi. Bir ictimai varlıq kimi üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gələn biri idi. Tək bir baba ola bilmədi mənim atam!...Vaxtsız əcəl imkan vermədi. Amma bu az ömründə atam bizə öz şəxsi nümunəsi ilə çox şey öyrətdi.
Həzrəti-Əlinin (ə) belə bir sözü var, övladlarınıza tərbiyə verməyin, özünüzü tərbiyələndirin, onsuz da onlar sizə bənzəyəcəklər. Biz də atamızdan dürüst, zəhmətkeş, alnıaçıq, üzüağ, vicdanlı, mübariz olmağı, mərd yaşamağı öyrəndik...
Allah insana bəzi seçim haqları versə də, ata-ananı biz seçmirik, onları bizə qadir Allahımız bəxş edir. Əl açıb Allahıma bizə bu cür ata-ana bəxş etdiyi üçün təşəkkür və şükür edirəm. Nə yaxşı ki, bizim atamız sən olmusan. Ata
Sən bizim üçün həyat məktəbi oldun, örnək oldun! Atamı xatırlayanda Corc Herbertin "Bir ata yüz müəllimə əvəzdir" fikrinin nə qədər doğru olduğunun fərqinə daha yaxşı varıram, həqiqətən də, ata-ananın övladlarına verdiyi tərbiyəni heç bir məktəb verə bilməz.
Sən özün hamımız üçün böyük bir tərbiyə ocağı, şəxsi nümunə, bir məktəb idin - Əliyev Sabir Cabir oğlu!

Əliyeva Gülyaz Sabir qızı


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31