atatv.az
atatv.az

"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov

11-07-2020, 14:50

"Bütün KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulur" - Əflatun Amaşov


Məlum olduğu kimi Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyi ölkəmizdə geniş qeyd olunacaq. Yubiley tədbirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla reallaşdırılacaq. Eyni zamanda jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında mətbuatın inkişafında xüsusi xidmətləri olan jurnalistlər də mükafatlandırılacaq. Milli Mətbuatın 145 illik yubiley tədbirləri və jurnalistlərin təltifatı ilə bağlı təkliflər və siyahılar hazırlayan əsas təşkilatlardan biri Mətbuat Şurasıdır. Həm dövlət başçısının Sərəncamına münasibət öyrənmək, həm də qurumun hansı işlər gördüyünü və yubileylə bağlı layihələrini öyrənmək üçün Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxladıq. “Şərq”in suallarını cavablandıran Şura sədri milli mətbuatın yubileylərində jurnalistlərin mükafatlandırılmasının artıq ənənə halını aldığını söylədi. Ə.Amaşov rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə ciddi çalışdığını bildirdi.

- Əflatun müəllim, cənab Prezidentin milli mətbuatın 145 illik yubileyi ilə bağlı Sərəncamında mühüm məqamlar əks olunub. İlk olaraq dövlət başçısının sərəncamını, ölkə mətbuatına verilən bu dəyəri necə qiymətləndirirsiniz?

- Əvvəla, “Şərq” qəzetinin rəhbərliyini və əməksevər, sözə sadiq fədakar kollektivini nəşrin gündəlik yayımının bərpası münasibətilə ürəkdən təbrik edirəm. “Şərq” ənənələri olan nəşrdir, məktəbdir. Əminəm ki, öz statusunu qoruyaraq daha da inkişaf edəcək. Füsrətdən istifadə edib, “Şərq” qəzetinin kollektivini, ümumən əməksevər jurnalistikamızın təmsilçilərini qarşıdan gələn peşə bayramı, 145 illik yubiley münasibətilə ürəkdən təbrik edir, tutduğunuz yolda uğurlar arzulayıram. Prezident cənab İlham Əliyevin milli mətbuatın 145 illik yubileyinin keçirilməsi haqqında 30 iyun 2020-ci il tarixdə imzaladığı Sərəncam ilk növbədə dövlət başçımızın ənənələrə sadiqliyinin göstəricisidir. Ənənənin əsasını isə ümummilli liderimiz Heydər Əliyev 2000-ci ildə Azərbaycan milli mətbuatın 125 illik yubileyinin keçirilməsinə dair Fərmanı ilə qoymuşdu. Mətbuatımızın tarixinə, qarşıda duran vəzifələrinə fundamental baxışın ifadə olunduğu həmin Fərmanın həm siyasi, həm də mənəvi əhəmiyyəti var idi. Sənəd eyni zamanda jurnalist peşəsinə, söz və ifadə azadlığının demokratik cəmiyyət, hüquqi dövlət quruculuğundakı roluna verilən yüksək dəyərin nümunəsi idi. Cənab İlham Əliyev ölkə Prezidenti kimi bu dəsti-xətti daha da zənginləşdirmək yolu tutur. Yada salım ki, onun milli mətbuatımızın 130 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamı bölgələrdə və paytaxtda silsilə yubiley tədbirlərinin təşkili ilə yaddaqalan oldu. 2005-ci il iyulun 21-də Bakıda - “Gülüstan” sarayında keçirilmiş təntənəli mərasim çoxlarının xatirindədir. Həmin gün dövlət başçımızın jurnalistikada xidmətləri olmuş şəxslərin dövlət təltiflərinə layiq görülməsinə dair Sərəncamı oxundu. Müstəqillik illərində ilk dəfə media təmsilçiləri ali dövlət təltiflərilə mükafatlandırıldılar. Bunun özü ayrıca ənənənin başlanğıcıydı. Milli mətbuatımızın 135 və 140 illik yubileyləri də jurnalist əməyinə verilən yüksək dəyərin, ali diqqətin nümunəsi kimi yadda qaldı. Prezidentin 145 illik yubileylə bağlı Sərəncamı da bu baxımdan qiymətləndirilməli mühüm dövlət sənədidir.

Ümumən milli mətbuatımızın yubileylərinin keçirilməsi böyük azərbaycanlı, sözün əsl mənasında millət fədaisi, mütəfəkkir Həsən bəy Zərdabi ruhuna ehtiramımızdır. Millət o zaman var olur ki, keçmişini, tarixini qoruyur və yaşadır. Həsən bəy özlüyündə bir tarixdir. Onun miras qoyduğu irs bizi biz edir, tamlaşdırır, bütövləşdirir. Prezident Sərəncamı o irsə sahibliyimizin təntənəsidir.

- Sərəncama əsasən, 145 illiklə bağlı, yəni həm silsilə tədbirlər, həm də jurnalistlərin mükafatı ilə bağlı təkliflər hazırlanmalıdır. Mətbuat Şurası yubileylə bağlı hansı layihələri hazırlayır. Təklifləriniz nələr olacaq?

- Qeyd etdiyim kimi milli mətbuatın yubileylərində jurnalistlərin mükafatlandırılmaları artıq ənənə halını alıb. Sərəncamın 2.2 bəndinə əsasən Azərbaycan Respublikasının Prezidenti Administrasiyasına jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılmaları haqqında təklifləri dövlət başçısına təqdim etmək tapşırılıb. Azərbaycan Mətbuat Şurasına da istər bu günlərdə, istərsə də hələ Sərəncamdan əvvəl 145 illiklə bağlı mükafatlandırılmağa dəstək xahişilə çoxsaylı müraciətlər daxil olub. Biz bu müraciətlərin hər birini müəllifləri barədə məlumatların əksini tapdığı siyahıda ölkə rəhbərliyinə təqdim etmişik. Şura hər zaman çalışıb ki, ömrünü-gününü jurnalistikaya sərf etmiş, çoxillik xidmətləri ilə seçilmiş şəxslərin əməyi qiymətləndirilsin. Yenə mövqeyimizdə qalırıq. Yubileylə əlaqədar layihə və təşəbbüslərə gəlincə, Şura hər zaman mövcud istiqamətdəki proseslərdə fəal iştirak edib, dəstəyini göstərib. Bununla bağlı qurumun İdarə Heyətinin üzvləri ilə məsləhətləşmələrimiz olur. Konkret işlər müəyyənləşdiriləcək. Ümumən, 145 illik yubileylə bağlı tədbirlərimiz il ərzində gerçəkləşdiriləcək.

- Əfsuslar olsun ki, 145 illik yubiley koronavirus pandemiyası dövrünə təsadüf edir. Bu məqam milli mətbuatın 145 illiyi ilə bağlı tədbirlərin reallaşmasına necə təsir göstərəcək?

- Qeyd etdiyiniz məqam Sərəncamda da əksini tapıb. Əlbəttə, yaxşı olardı ki, tədbirlər əvvəllər olduğu kimi reallaşsın. Amma nə edək, mövcud şəraitlə razılaşmaq lazımdır. Hər bir halda düşünürəm ki, əsas olan niyyətdir. Niyyətimiz isə budur ki, milli mətbuatımızın 145 illik yubileyi mühüm ictimai institut sayılan mediamızın cəmiyyətə mesajı, Həsən bəy Zərdabi ruhuna ehtiram, “Əkinçi” ənənələrinə sahiblik ruhunun təntənəsi kimi yadda qalsın. Mən bu istiqamətdə hər bir media orqanını, jurnalist həmkarlarımı aktiv olmağa çağırıram. Təbii ki, pandemiya təhlükəsinə görə qoyulan tələblərə əməl etmək, tövsiyələri nəzərə almaq şərtilə.

- 145 illik çox böyük bir dövrü əhatə edir. Mətbuat dövrlərinin bütün mərhələlərinə indiyə qədər geniş qiymət verilib. Mətbuatın 140-dan 145-ə qədərki 5 ilini siz necə dəyərləndirirsiniz? Ötən 5 il mətbuatın inkişafına hansı töhfələr verdi?

- İndi Azərbaycan mediası cəmiyyətlə daha çox iç-içədir. Bu nə deməkdir? Diqqət yetirək, hazırda sosial şəbəkələr informasiya yayıcısı qismində çıxış edirlər. Beş il öncə onlar hazırkı qədər aktiv deyildilər. Belə olan durumda medianın fəaliyyətində iki başlıca məqamı görürəm. Birincisi, sosial şəbəkələrlə ayaqlaşmaq. Yəni jurnalistika elə davranmalıdır ki, sosial şəbəkələrin informasiya operativliyinə uduzmasın. Buna görə cəmiyyətə sıx olmaq, hər bir cəmiyyət üzvünün istək və arzularına bələdçilik, ümumən fəaliyyəti cəmiyyət amilini daha çox nəzərə alaraq qurmaq mühüm şərtdir. Əks halda rəqabətdə uduzma labüddür. İkincisi, media çalışmalıdır ki, sosial şəbəkələrdə yayılan informasiyaları bir növ, cilalasın. Nəzərə alaq ki, ikincilər heç də həmişə etibarlı, dürüst informasiya yayıcısı olmurlar, mövcud müstəvidə cəmiyyətə zərərli təsirlər ötürülür. Bu təsirlərin qarşısını almaq şərtdir. Hesab edirəm ki, məsələ kütləvi informasiya vasitələrimiz tərəfindən kifayət qədər dərk edilir və dərk edildiyi üçün də media cəmiyyətə daha yaxındır. Bir daha deyim, ötən 5 ildə medianın əldə etdiyi ən böyük uğur məhz budur. Cəmiyyətlə yaxınlıq istər-istəməz etimad və inam deməkdir. Mediaya etimad varsa, demək ki, inkişaf olacaq. Nəticə etibarilə Azərbaycan jurnalistikası insanları düşündürən, maraqlandıran mövzulara daha həssas və çevik yanaşması ilə seçilir. Həm ictimai missiya, həm də peşə borcu baxımdan bu, son dərəcə vacib məqamdır. Digər tərəfdən, hesab edirəm ki, ötən beş ildə bir sıra problemlərin hələ də qalmasına baxmayaraq, Azərbaycan mediası inkişafda olub. Qeyd etdim ki, mətbuat fəaliyyətini cəmiyyətdən gələn mesajlara, sosial sifarişlərə əsasən qurub. Əslində bu gün dövlətin də eyni missiyanı daha ardıcıl və sistemli həyata keçirdiyini görürük. Söhbət Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilməkdə olan genişmiqyaslı islahatlardan gedir. Mediamız islahatların böyük dəstəkçisidir. Bu, yalnız dövlət başçısının yeritdiyi kursa sadiqlik nümunəsi deyil, eyni zamanda medianın cəmiyyəti yeniliklərə səsləmə mahiyyətinin göstəricisidir. Yəni media irəliləyişi, inkişafı təbliğ edən, əhalini maarifləndirən təbiətə malikdir. Bu, 145 il öncə dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş ənənədir ki, bütün dövrlərdə də aktuallığını saxlayıb. Eyni zamanda onu da deməliyəm ki, medianın özündə də islahatların getməsi vacibdir. Bu, yalnız problemlərin mövcudluğuna görə deyil, prinsip etibarilə gedilməsi müstəsna əhəmiyyət daşıyan yoldur. Jurnalistikamız yeni dövrün çağırışları ilə ayaqlaşmalıdır.

- Heç şübhəsiz, mətbuatımızın uğurları ilə yanaşı, müəyyən problemlər hələ qalmaqdadır. Sizcə, medianın hazırda daha ciddi problemləri nələrdir və onların həlli üçün lazımi addımlar atılırmı?

- Bəli, inkişafa rəğmən problemlərimiz də kifayət qədərdir. Media bazar münasibətlərində daha aktiv təmsil olunmalıdır. Bunun üçün reklam mühitinə yenidən baxılmalıdır. Biz vaxtilə təklif etmişdik ki, dövlət elan və reklamları KİV-lərdə bölüşdürülsün. Bununla bağlı Türkiyə təcrübəsini öyrənmişdik...
Bu gün media işi ilə hər bir kəs məşğul ola bilir. Əlbəttə, söz və ifadə azadlığı baxımından bu, çox vacibdir. Ancaq media sahəsindəki əlçatanlıq təsadüfi adamlara meydan verməməlidir. Buna görə KİV-lərin təkrar qeydiyyatına ehtiyac duyulmaqdadır. Təsəvvür edin ki, ölkədə 5 mindən artıq KİV dövlət reyestrindən keçib. Bu, kifayət qədər böyük rəqəmdir.

Ancaq onların hamısı jurnalistika prinsiplərini bir kənara qoyuram, heç qanunvericiliyin KİV üçün tələb olunan normalarına əməl etmirlər. Təkrar qeydiyyat bu sayaq halların aradan qalxmasına gətirəcəkdir. Hazırda ictimai rəyin əsasən internet üzərindən yayımlanan KİV-lər vasitəsilə formalaşması günümüzün reallığıdır. Ancaq bu məkan ciddi tənzimlənmir. Əsla demirəm ki, qadağalarla tənzimləyək. Sahəyə sistemli yanaşılmalıdır.

Buna görə ilk növbədə internet medianın hüquqi statusu müəyyənləşdirilməlidir, meyarlar, yanaşmalar tətbiq olunmalıdır. Əlbəttə, söhbət qanunla nəzərdə tutulacaq yanaşmalardan gedir. Qanuni mexanizm həm də KİV-lərin vahid elektron bankının formalaşdırılmasını rəhbər tutmalıdır. Dəqiq bilinməlidir ki, ölkədə KİV-lərin və jurnalistlərin sayı nə qədərdir. Daha yaxşı olar ki, bu, “ASAN Xidmət”ə inteqrasiya edilmiş sistem olsun. Həmçinin kütləvi informasiya yayıcılığının ənənəvi ilə yanaşı, yeni subyektləri də nəzərə alınmalıdır. Blogerlik və frilans fəaliyyətin informasiya yayıcılığı missiyasına həssas yanaşılmalıdır. Bölgələrimizdəki yerli media orqanlarının iş intensivliyinin artırılması şərtdir. Nəzərə alaq ki, dünyanın bir çox ölkələrində yerli qəzetlər ciddi informasiya mənbəyi sayılırlar.

Vaxtilə bizdə də elə idi. Ancaq indi mövcud sahədə vəziyyət heç də ürəkaçan deyil. Biz jurnalist təhsili məsələsinə fundamental yanaşmalıyıq. Jurnalistikada ixtisaslaşmanı dərinləşdirməliyik. Paralel olaraq jurnalist təhsilinin strukturunun yenilənməsinə diqqət yetirməliyik. Nəzəri biliklərin praktik situasiyalarla əlaqələndirilməsi vacibdir. Bunun üçün tədris vəsaitləri ilə yanaşı, maddi-texniki baza da yenilənməlidir.
Ümumən, sadaladığım bütün məsələlərin həlli günümüzün tələbidir. Bunlara media sahəsində aparılacaq islahatların tərkib hissəsi, tezisləri kimi də yanaşmaq mümkündür. //sherg.az//






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31