atatv.az
atatv.az

Təbiət hadisəsini fəlakətə çevirən məmur-oliqarxlar

5-06-2018, 10:08

Təbiət hadisəsini fəlakətə çevirən məmur-oliqarxlar
Vəzifəlilərin qanunsuz fəaliyyəti həm əhaliyə, həm dövlətə zərər vurur

Göyçayda sel sularının yuduğu körpü bəzi məmurların fəaliyyətinin xalqa və dövlətə, həmçinin də təbiətə vurduğu daha bir zərəri üzə çıxartdı. Məlum oldu ki, bir sıra məmurlar qazanc əldə etmək üçün yüz illərlə formalaşmış təbii məcraları dəyişdirməkdən çəkinmirlər.

Xatırladaq ki, son 10-12 il ərzində sabiq nəqliyyat naziri Ziya Məmmədovun 2 şirkəti, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun 1, sabiq icra başçısı Mübariz Ağayevin 1 və xüsusilə ATF adlı bir şirkət Göyçay çayının axarında çınqıl-beton zavodu tikiblər. Bu zavodların fəaliyyəti nəticəsində çayın məcrası 30 metrədək dərinləşdirilib. Halbuki Göyçay çayının məcrası 2000-ci illərin əvvəllərinədək 3-4 metr, bəzi yerlərdə 5-6 metr dərinliyində olub. 2005-2018-ci illər ərzində məcrasının talan edilməsi üzündən çayın dərinliyi körpü ətrafında 4-5 metrdən 20-22, bəzi yerlərdə 30 metrədək artıb.

Qeyd etmək yerinə düşər ki, yalnız Göyçayda deyil, digər regionlarda da çay yataqlarında qum-çınqıl istehsalı baş alıb gedir. Böyük əksəriyyəti məmurlara məxsus olan karxanalar çay yataqlarındakı möhkəm suxurları, daşı kütləvi şəkildə çıxardaraq milyonlarla manat qazanc əldə edirlər. Bir çox rayonlarda çay yatağının dərinləşdirilməsi kənarlarda yaşayan əhalini su problemi ilə üz-üzə qoyub. Camaatın belə problemlərlə bağlı müraciətləri isə bir qayda olaraq nəticəsiz qalır.


Onu da qeyd edək ki, məmurların qanunsuz biznes fəaliyyəti, yaxud elə öz postlarındakı fəaliyyətsizliyi ilk dəfə deyil ki, fəlakətlərə zəbəb olur, əhaliyə, dövlətə zərər vurur. 2010-cu ildə Kür və Araz çaylarında suyun artması nəticəsində baş verən böyük daşqın fəlakətində də məmur biznesinin ciddi təsirləri vardı. Kürqırağı ərazilərdə yaradılan balıq vətəgələrinə görə çayın kənarlarında yetərincə sahil bərkitmə işləri aparılmamışdı. Eyni zamanda Kürün Xəzərə töküldüyü ərazidə – deltada dibtəmizləmə işləri də vaxtında həyata keçirilməmişdi. Bütün bunların nəticəsində Kür məcrasından çıxdı, 20 mindən çox ev su altında qaldı, 300-dən çox ev dağıldı, 50 min hektara yaxın ərazini su basdı. Bu zərərin aradan qaldırılması üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait sərf olundu.


Fəaliyyətləri ilə xalqa fəlakət, dövlətə zərər gətirən məmurların vəzifədən alınması həmişə təqdir olunur. Gözləntilər yaranır ki, onların biznesinin zərərli nəticələrinin də qarşısı alınacaq. Bir çox hallarda bu gözləntilər özünü doğruldur, qanunsuz biznesin qarşısı alınır. Lakin bəzi hallarda biznes, sadəcə, əl dəyişir, yenə öz fəaliyyətini davam etdirir. Bu isə Göyçayda olduğu kimi, təbiət hadisələrinin fəlakətə çevrilməsinə gətirib çıxarır…

“Yeni Müsavat”






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930