ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar

Baxış Sayı:54

Eldar Həsənov vətənə xəyanət şübhəsi ilə saxlanıb – səfirin həbsi ilə bağlı sensasion məlumatlar

Azərbaycan Xarici İşlər Nazirliyində aparılan antikorrupsiya əməliyyatlarının miqyası hər gün böyüməkdədir. Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində 1 aydan çoxdur apardığı əməliyyatlarla və həbslərlə bağlı son günlər bir-birindən maraqlı və sensasiyalı məlumatlar yayılmaqdadır.

Xatırladaq ki, DTX-nın XİN-də apardığı əməliyyatlar zamanı öncə nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə və Konsulluq İdarəsinin rəisi Faiq Bağırov da daxil olmaqla bir neçə əməkdaş saxlanılmışdı. İctimaiyyətdə belə bir fikir vardı ki, həbslər bundan o tərəfə getməyəcək. Lakin son günlər sürpriz isimlərin istintaqa cəlb edilməsi formalaşan bu fikrin doğru olmadığını göstərdi.

Avqustun 12-də Musavat.com mötəbər mənbəyə istinadla xəbər yaydı ki, xarici işlər nazirinin iki müavini – Ramiz Həsənov və Nadir Hüseynov XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırıblar və istintaq olunublar. Onların küllü miqdarda dövlət vəsaitlərini oğurladıqları haqda məlumatlar yayılıb. Yeri gəlmişkən, Musavat.com-a daxil olan mötəbər məlumatda bildirilir ki, Ramiz Həsənov avqust ayının 13-də də DTX-da saatlarla saxlanıb və sorğu-sual edilib.

İki nazir müavini ilə bağlı xəbərin ardınca isə daha bir səs-küylü həbs xəbəri yayıldı. Dövlət Təhlükəsizlik Xidmətinin rəsmi məlumatında bildirilirdi ki, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov saxlanılıb. Onun maliyyə pozuntusuna yol verdiyi, küllü miqdarda dövlət vəsaiti mənimsədiyi iddia olunur.

DTX-dan Musavat.com-a verilən məlumata görə, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.

Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulub.

Bu həbs xəbərindən sonra Musavat.com mötəbər mənbələrə istinadla daha ciddi bilgilər əldə edib. Həmin mötəbər qaynaqların məlumatında bildirilir ki, Serbiyadan Ermənistana silah satışının bəzi detalları üzə çıxmağa başlayıb. Həmin detalların bir birinə bağladıqda isə səfir Eldar Həsənovun silueti üzə çıxır...
Serbiyanın Ermənistana silah satması məsələsi ortaya çıxanda bir çoxları Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənovu fəaliyyətsizlikdə günahlandırdı. İyul ayının 12-dən başlayaraq Ermənistanın Azərbaycanın Tovuz rayonuna növbəti təcavüz cəhdi zamanı Serbiya silahlarından istifadə etməsi mətbuatda və cəmiyyətdə geniş müzakirələrə, o cümlədən də narazılığa səbəb oldu. Bu barədə ən müxtəlif versiyalar irəli sürüldü. Serbiya nümayəndə heyətinin ölkəmizə səfərindən sonra da bu məsələyə tam aydınlıq gətirilmədi. Azərbaycan-Serbiya dostluğundan, strateji müttəfiqlikdən gen-bol danışılaraq silah satışında hansısa mifik üçüncü ölkənin adı hallandırıldı.

Lakin Azərbaycan XİN-in platformasında olan qaynaqlardan gələn məlumatlara görə, Serbiyadan Ermənistana silah-sursat satışında səfir Eldar Həsənovun dolayısı ilə iştirakı olub. Mənbənin bildirdiyinə görə, bu işə Eldar Həsənovu pul qazanmaq ehtirası sövq edib.

İstintaq getdiyi üçün bütün məlum detalları yaya bilmirik. Lakin Eldar Həsənovun uzun müddət bu məsələ ətrafında susması və yalnız Serbiya nümayəndə heyəti ilə birlikdə Azərbaycana son səfəri zamanı mətbuata tələsik açıqlamalar verməsi, konkret suallardan yayınması, bəzi suallara qeyri-konkret cavablar verməsi də bu gerçəklikdən qaynaqlanır. Musavat.com əmindir ki, Eldar Həsənov barədə irəli sürülən bu dəhşətli iddialar istintaq araşdırmaların nəticələrində öz əksini mütləq tapacaq.

Sonda onu deyək ki, XİN sistemində həbslər davam edəcək. Bu həbslərin isə hazırda fəaliyyət göstərən nazir müavinləri də daxil olmaqla, ali rəhbərliyi, o cümlədən, səfir və konsulları da əhatə edəcəyi barədə səhih məlumatlar var.

Musavat.com bu məqamda yada salır ki, Eldar Həsənov yerli mediada hər zaman Rusiyaya bağlı məmur kimi təqdim olunub. Bu iddiaların əsaslı olması haqda siyasi dairələrdə ciddi inam var.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR