ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR

Baxış Sayı:56

Eldar Mahmudov və London üzərindən “pul yuyan” digər Azərbaycan korrupsionerlərinə BƏD XƏBƏR

Böyük Britaniya hökuməti ölkənin hüquqi şəxslərin vahid Reyestrində islahatların aparılmasını nəzərdə tutan qanun layihəsini parlamentə təqdim edib. Virtualaz.org BBC News-a istinadla xəbər verir ki, qanun layihəsi Böyük Britaniyada qeydiyyatdan keçirilən şirkətlərə “feyk” direktorların təyin edilməsini qeyri-mümkün edəcək. Bu qanun layihəsi Böyük Britaniyanın Qeydiyyat palatasının qanqsterlər və dələduzlar tərəfindən uzun illərdir sui-istifadə edilməsi ilə bağlıdır. Dəyişikliyə əsasən şirkətlər direktorlarının kimliyinə dair bütün informasiyaları açıqlamalı və onların “feyk” olmadığını sübuta yetirməlidir.

Korrrupsiyaya və cinayətkarlığa qarşı mübarizə ekspertləri deyirlər ki, hər il milyardlarla funt sterlinq ölkənin Qeydiyyat palatasının zəif sistemi üzərindən qanunsuz olaraq “yuyulur”. Hərçənd bu qanun layihəsinin parlamentdə nə zaman qəbul ediləcəyi məlum deyil.

Böyük Britaniyanın Qeydiyyat palatası bu ölkədə qeydiyyatdan keçmiş hüquqi şəxslərin , onların direktorlarının və əsas səhmdarlarının vahid reyestridir. Reyestr qlobal biznesin mühüm tərkib hissəsidir, çünki hər gün milyonlarla adam Britaniya şirkətləri barədə məlumat almaq üçün bu sistemə baş vurur. Lakin mövcud sistem qeydiyyatdan keçən şirkətlərin direktorlarının kimliyinin açıqlanmasını və sübut edilməsini tələb etmir. Uzun illər tənqidçilər bildirirdilər ki, direktorların şəxsiyyətinin yoxlanılmasına dair elementar tələblərin olmaması qlobal kriminal şəbəkələrə Böyük Britaniyanı çirkli pulların yuyulması məntəqəsinə çevirməyə imkan vermişdi.

Belə ki, mütəşəkkil cinayətkar qruplaşmalar, korrupsioner məmurlar və oliqarxlar saxta direktorları olan şirkətlər təsis edirlər, onların gəlirləri həmin şirkətlər üzərindən “yuyulur”. Ancaq həmin pulların hara getdiyini təqib etmək mümkün olmur, çünki direktorların izinə düşmək baş tutmur. Yeni qanun layihəsinə görə isə, direktorların şəxsiyyəti Qeydiyyat palatası tərəfindən təsdiqlənməsə onların təyinatı mümkün olmayacaq.

Hökumət üzvləri deyirlər ki, bu sadə düzəliş cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyə şübhəlilərin izinə düşməkdə kömək edəcək. Korporativ məsuliyyət üzrə nazir Lord Kallanan bildirib: “Şəxsiyyətin mütləq qaydada yoxlanılması o demək olacaq ki, cinayətkarlar daha gizlənməyə yer tapmayacaqlar...və bu qayda insanların Böyük Britaniya bazarlarını özlərinin çirkli maliyyə mənfəətləri üçün manipulyasiya etməsinə imkan verməyəcək”.

Bildirilir ki, problemin qlobal miqyası üç il əvvəl aparılan irimiqyaslı araşdırma zamanı Azərbaycan və Rusiyadan olan korrupsioner məmurların Britaniya şirkətləri üzərindən nəhəng pullar “yumasını” üzə çıxarmasından sonra aydın olub. Həmin şirkətləri “feyk” direktorlar idarə edirdi.

“Transparency İnternational” bildirir ki, Böyük Britaniyada qeydiyyatdan keçən cə 137 milyard funt sterlinqdən çox vəsaitin yuyulmasında iştirak edən 1000-ə yaxın qurama şirkət aşkarlayıb.

Qeyd edək ki, son zamanlar bir çox keçmiş Azərbaycan məmurlarının, o cümlədən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun, keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun və digərlərinin Böyük Britaniyada qeydiyyatdan keçmiş çoxsaylı şirkətlər üzərindən yüz milyonlarla dollar çirkli pulları “yuması” faktları üzə çıxıb. Həmin pullar Avropa ölkələrində kommersiya təyinatlı daşınmaz əmlaka və digər aktivlərə yönəldilib.

Virtualaz.org

Oxşar xəbərlər
SON XƏBƏRLƏR