ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

“Azəriqaz”dan hökumətə və əhaliyə “surpriz” - Büdcədən 500 milyon xərclənən sayğaclar niyə əvəzlənir?

Baxış Sayı:91

“Azəriqaz”dan hökumətə və əhaliyə “surpriz” - Büdcədən 500 milyon xərclənən sayğaclar niyə əvəzlənir?


"Azəriqaz” İstehsalat Birliyi bir müddətdir ölkə üzrə istifadəyə verilən smart tipli sayğacları mexaniki sayğaclarla əvəzləməyə başlayıb.

Artıq bir sıra rayon və qəsəbələrdə mexaniki sayğaclar əhalinin istifadəsinə verilib.

Atatv.az Cebhe.info a istinadən xəbər verir ki, "Azəriqaz” İstehsalat Birliyi yenidən mexaniki sayğac sisteminə keçidini isə bu cür izah edib:

“Azəriqaz” vəsaitlərinə qənaətlə yanaşmaq, gəlirlərini daha səmərəli istifadə etmək məqsədilə belə bir addım atıb. Bir smart-kart tipli sayğacın qiymətinə 3 mexaniki sayğac almaq mümkündür:

“Hazırda istifadə edilən Itron Gallus Pay.G4 NGPP (smart) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti 220-240 manat, G-4T (mexaniki) sayğaclarının komplektinin (sayğac, qutu, əymə, kran və s.) qiyməti isə 70-90 manat arasında dəyişir. Rəqəmlərdən də göründüyü kimi mexaniki sayğacların alınması dəyər baxımından daha sərfəlidir. Bundan başqa mexaniki sayğaclardan istifadə edən abonentlərin əvvəlki illərdən fərqli olaraq ödənişlərində hər hansı problem yaşanmır, bu da bu qurğuların tətbiqi işini optimallaşdırır. Bəzən abonentlər mexaniki sayğacların köhnə olduğunu irəli sürərək narahatlıqlarını ifadə edirlər. Bu heç də belə deyil, bu tip sayğaclar bu gün də məşhur alman şirkəti tərəfindən istehsal olunur. Smart-kart tipli sayğaclardan fərqli olaraq mexaniki tipli sayğaclarda daim qaz axını mövcuddur, onlayn ödəniş imkanlarından istifadə etmək olar. Digər tərəfdən istifadə olunan qaza görə ödəniş barədə bildiriş aldıqdan sonra həmin vəsaiti 30 gün ərzində ödəməyə vaxt verilir. Yəni 30 gün ərzində bu məbləğ abonent üçün borc hesab edilmir.

Amma məsələyə bir də fərqli rakursdan, əslində daha vacib olan prizmadan, büdcə vəsaitlərinin xərclənməsi baxımından yanaşmada fayda var. Qeyd edək ki, hazırda ölkədə qazdan istifadədə əhali sektoru üzrə abonentlərin sayı 2 milyon 225 mindən çoxdur. Bu isə elə ən az bu qədər, 2 milyon 225 min sayğac deməkdir. Yəni “Azəriqaz” İB-i smart-sayğacların tətbiq edildiyi zaman ən az bu qədər sayğac alıb. Qurumun özünün açıqladığı qiymətlərə istinad etsək, 1 ədəd smart tipli sayğac ölkəyə 220-240 manata başa gəlib. Bu isə o deməkdir ki, smart tipli sayğacların gətirilməsi üçün 489 milyon 500 min və ya 534 milyon manat vəsait xərclənib. Nəzərə alsaq ki, bu proses 2000-ci ildən başladılıb, vəsaitin necə dəfələrlə artığını hesablamaq elə də çətin deyil. Qeyd edək ki, sözügedən sayğaclar Fransanın "İtron-Gallus” şirkətindən alınırdı.

Bəs bu qədər vəsait xərclənən layihə niyə köhnə qaydaya qaytarılır? Mexaniki sayğaclar indi təqdim edildiyi (Əvvəl, yəni smart tipli sayğaclar gətirilən zaman mexaniki sayğaclar yeni dövrün tələblərinə cavab vermir deyilirdi – V.M) kimi üstün parametrlərə, keyfiyyətə və ucuz qiymətə malik idisə, niyə milyonlarla vəsait xərclənib smart tipli sayğaclarla əvəzləndi?

Yenə də “Azəriqaz” İB-nin rəsmi məlumatına istinad etsək, mexaniki sayğaclar 70-90 manata başa gəlir. Yəni smart tipli sayğaclardan 3 dəfə az vəsait xərcləməklə, zamanında da bu işi görmək olardı.
Daha bir maraqlı məqam ondan ibarətdir ki, ötən il “Azəriqaz” İB Almaniyanın "Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğaclar alıb. Bunun səbəbi isə çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğacların quraşdırılmasıdır. Qurum bildirib ki, mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir. Amma hazırda Suraxanı rayon Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binalarda smart tipli sayğaclar mexaniki sayğaclarla əvəzlənir. “Azəriqaz”ın bu yanaşmasında da bir qədər anlaşılmazlıq var. Belə görünür ki, qurum fərqli təqimat edir, amma layihəni başqa cür aparır. Hər halda zamanında milyonlarla büdcə vəsaiti xərclənən layihə yeni layihə ilə vəzələnirsə, qurum qaranlıq qalan bütün məqamlara aydınlıq gətirməlidir. Layihənin icrasına (əvvəl və sonra) xərclənən vəsaitlərin həcmi, bunun müqabilində əldə olunan gəlir, “smart sayğac” və indiki “mexaniki sayğac” layihələrinin xeyir və zərərləri açıq formada ictimaiyyətə təqdim olunmalıdır. Çünki bütün hallarda xərclənən vəsaitlər də əhalinindi (büdcə vəsaitləri), sayğaclardan da əhali istifadə edəcək.

Büdcəyə milyonlar hesabına başa gələn layihələr sonradan niyə effeksiz olur? Bu suala bütün qurumlar, xüsusilə də komunal xidmət göstərənlər cavab versə, ictimaiyyət üçün də baş verəcəklər “surpriz” olmaz.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR