ÖMRÜN PAYIZ SEVDASI...

gundem / medeniyyet
28 noy 2020
22:59
ÖMRÜN PAYIZ SEVDASI...

Bu başlığı təsadüfən seçmədim. Haqqında söz açacağım söz adamı, çağdaş ədəbiyyatımızın parlaq və yaradıcılığı ilə sevilib - seçilən çox ədəbi - məhsuldar bir şairənin ürək çırpıntıları toplusu - ilk işıq üzü görmüş mübarək kitabının adıdır bu başlıq.
Bəli...

Tahirə xanım Həbibi.
Gözəl pedaqoq və şairə - publisist.
Abşeron Yazıçılar Birliyinin üzvü.
Tahirə xanım 20 - ci əsrin 60 - cı illərinin bir payız günü, Şirvan şəhərində ( keçniş Əlibayramlı ), neftçi ailəsində soyuq təbiəti öz isti nəfəsi, səmimiyyəti, ziyalılığı, dürüstlüyü, söz bütövlüyü, dünyaya təmiz baxlşı, zəkası və mehribançılığı ilə qızdırmağa gəldi.
Orta məktəb illərindən çox çılğın, cəsarətli, məsuliyyətli, hazırcavablığı ilə sinif yoldaşlarından seçilirdi. Tahirə xanım məktəb illərindən saza - sözə, aşıq musiqisinə, nənəsinin nağıllarına, elin toy - düyününə qəlbdən bağlılığı ilə, həssas diqqəti ilə böyüyüb bişdi həyat kürəsində.Acısı şirinindən çox oldu Tahirə xanımın.
Açılan hər sabahına bağladı ümidlərini...
BDU - nun, keçmiş ( ADU ) filologiya fakültəsinə qəbul olaraq azərbaycan dili və ədəbiyyat ixtisasına yiyələndi.
Şirvanda orta məktəb müəlliməsi kimi əmək fəaliyyətinə başladı. Elə onun ilk poetik yaradıcılığı da həmin illərə təsadüf edir. Tahirə xanım ilk şe( i )rlərini Tahirə Murad imzası ilə yazırdı.
Düşdüyü mühit və şərait nəticəsində onun neçə kitablıq poetik külliyatı fırtınalı həyat yolunda itirildi. O, yenə ruhdan düşmədi.
Yazdı - yaratdı, xalq tərəfindən qəbul olundu.
Təcrübəli pedaqoq poeziyamızı da paralel olaraq öz ixtisası qədər sevdi.
Bu poeziya sevgisi onu Tahirə Həbibi olaraq şairə kimi bir daha təsdiqlədi və xalqımıza tanıtdı.
Yaradıcılığı ilk olaraq şer toplusu olan almanaxtlarda, respublikanın dövrü mətbuatında dərc olundu. Mətbuatımızda dərc olunan şerləri Tahirə Həbibiyə yeni sevinc, hörmət, rəğbət bəxş etdi.
Onun poeziyaya tükənməz sevgisi və bağlılığı oxucuları tərəfindən alqışlandıqca daha da ruhlandı və müxtəlif mövzularda özünü bir daha cəsarət və qürurla təsdiq etməyə sövq etdi.
O pedaqoji sahədə zəhməti, bilik və ziyalılığı və mükəmməlliyi ilə müəllim yoldaşlarına nümunə göstəriləcək səviyyədə nəticə əldə etdi. Belə ki, təhsil verdiyi şagirdlərin ali məktəblərə qəbul faizləri 80% - dən yuxarı oldu.
Nəhayət iki il bundan öncə ( 2018 ) şairə - publisist Tahirə Həbibinin " Yeni poliqrafist" MMC mətbəəsi tərəfindən 279 səhifəlik " ÖMRÜN PAYIZ SEVDASI " adlı ilk şerlər kitabı işıq üzü gördü.
Azərbaycan nəşriyyatında kitabın təntənəli təqdimatı keçirildi.
Onun şerlərinin axıcılığı bəstəkar Elşən Nicatın da marağına səbəb oldu və onu tanımadan belə, Elşən müəllim onun sosial saytdan bir neçə şerini seçib götürdü.
Artıq o şerlərin birinə musiqi də yazılıb.
" Ömrün payız sevdası "...
Həə.. budur payız sevdası, Tahirə xanımın dünyaya gəldiyi payız günlərindən biri..
Sosial saytlarda yaradıcılığı ilə rekord oxucu sayı qazanmış sevimli şairəmizi biz də bu payız günlərində, kiçik bir yazımızla ruhunu isitmək istədik.
Bütün İXA TV ailəsi adından biz də sevimli şairə - publisist və pedaqoqumuzu səmimi olaraq təbrik edir, ona möhkəm can sağlığı, pedaqoji fəaliyyətində, poetik dünyasında və şəxsi həyatında Allahdan istədiyi uğurları əldə etməsini diləyirik.
Arzu edirik ki, bu ağbircək ana, pedaqoq, peşəkar qələm sahibi sosial ğayğı məngənəsində sıxılmasın.
Sözün əsil mənasınsa o indi də amansız həyatla mübarizəsini davam etdirir.
Kaş onun da özəl, sadə və kasıb bir daxması olaydı...
Heç olmasa yaşının ahıl çağında da olsa kirayələrdən canı qurtaraydı.
Bəlkə ayağımız düşərli oldu, bu yazımız hansısa xeyriyyəçi vətən oğlumuzun diqqətini çəkdi.
Belə olarsa, biz də özümüzü xoşbəxt qələm sahiblərindən sayarıq.
İndi isə sizləri Tahirə Həbibi yaradıcılığı ilə baş - başa buraxırıq.

♡♡♡♡♡♡♡♡

Tahirə Həbibi

MƏNİM SEVGİ ŞEİRLƏRİM

Gecikmiş eşq səyyadıdı,
Sınıq könül imdadı,
Küskün baxtın fəryadıdı,
Mənim sevgi şeirlərim.

Kür suyundan içib gəlib,
Mil-Muğandan keçib gəlib,
Abır-ismət seçib gəlib,
Mənim sevgi şeirlərim.

Bir gəlindi tər duvaqlı,
Lalə yanaq, bal dodaqlı,
Bir saraydı gen otaqlı,
Mənim sevgi şeirlərim.

Gecə qızı ay-yıldızdı,
Yar səsləyən bir yalqızdı,
Qan ağlayan "Səsli qız"dı,
Mənim sevgi şeirlərim.

Doğmaca ev-eşiyində,
Tənha durdum keşiyində,
Boğulubdu beşiyində,
Mənim sevgi şeirlərim.

Bülbülündən küsən güldü,
Yaz ağlayıb, payız güldü,
Dən bağlamış bir sünbüldü,
Mənim sevgi şeirlərim.

Həbibini dilə saldı,
Yolun eldən-elə saldı,
Xəyal ilə qanad çaldı,
Mənim sevgi şeirlərim.
♡♡♡♡♡♡♡♡♡
V A R
Ömür gedir gündoğandan qüruba,
Yoxuşu var, enişi, sağ-solu var.
Qismət olsa, keçər hər bir fəsildən,
Taleyində qar-yağış var, dolu var.

Ömür gedir bəxtimizin çiynində,
Bu dünyanın hesabı var beynində,
Qara bəxtin dümağ donu əynində,
Nə yaxası, nə düyməsi, qolu var.

Ömür gedir arxasına baxmadan,
Şah saraydan, fəqirlər də daxmadan,
Bəxt ulduzu asimandan axmadan,
Ta beşikdən məzaracan yolu var.

Ömür keçər min qovğada, davada,
Yaşayarıq hərəmiz bir havada,
Sonda kömək etməz dərman-dava da,
Hər dövranın əvvəli var, sonu var.

Nə yamanlıq, nə yaxşılıq itəndi,
Savab əməl bir gün dada yetəndi,
Ömürün də sonu vardır, bitəndi,
Kim deyir ki, daim yaşıl kolu var.

Həbibi də kaş cənnətə üz qoya,
Arxasınsa kitab-kitab söz qoya,
El yaşada, könüllərdə iz qoya,
Hər kimin ki mərifətdən donu var.
♡♡♡♡♡♡♡♡♡
VAR MƏNİM

Ölüncə qələmi yerə qoymaram,
Hələ deyilməmiş sözüm var mənim.
Vətən sevgisindən əsla doymaram,
Mil-Muğan, Şirvantək düzüm var mənim.

Nəzmin ümmanında salmışam lövbər,
Məna dənizində gəzirəm gövhər,
Sözümün mayası cövhərdi, cövhər,
Təbi alışdıran közüm var mənim.

Nizamla düzülər şeirimin sətri,
Oxuyanı bihuş eyləyər ətri,
Qoşma, gəraylının əzizdi xətri...
Məclisə çıxmağa üzüm var mənim.

Ruhuma təb verir ulduz sayrışı,
Şairə güc verər elin alqışı,
Kaş ki tələsməsin ömrümün qışı,
Hələ neçə fəsil güzüm var mənim.

Güvə düşmüş dərdim coşub-çağlayır,
Bir gözüm güləndə, biri ağlayır,
Həbibi qəm yüklü divan bağlayır,
Sənət zirvəsində gözüm var mənim.
♡♡♡♡♡♡♡♡♡
X Ə Y A L L A R I M

Xəyallarım çapar oldu,
Gecə-gündüz uca dağda.
Nə yoruldu, nə usandı,
İlham pərim solda, sağda.

Qələm eşqə könül verdi,
Şeir adlı meyvə dərdi,
Ağ varağlar üstə sərdi,
Şamamadı sanki tağda.

Misralarım dürr-incidi,
Ürəyimin sevincidi,
Hərdənbir yardan incidi,
Boynubükük qaldı bağda.

Qafiyələr düzüm-düzüm,
Hərəsi bir salxım üzüm,
El içində açıq üzüm,
İbadətlə əlim haqda.

Misraları bənd edərəm,
Səni sözə bənd edərəm,
Ağzı noğul-qənd edərəm,
Oxunaram hər bir çağda.

Yazıram aşıq sayağı,
Sözlərim olmaz bayağı,
Yerbəyerdi baş-ayağı,
Tarix yaşar hər varağda.

Həbibinin sazı yoxdu,
Çəkiləcək nazı yoxdu,
Xəzan yetib, yazı yoxdu,
Güllər açmaz tər buxaqda.
♡♡♡♡♡♡♡♡♡
PAŞİNYANA MƏKTUB

Mən Tomris nəvəsi, Həcər, Nigaram...
Sinəmdə qövr edir Xocalı yaram...
Mən dünən var idim...bu gün də varam...
Azəri-türk adı çəkilir qoşa,
Bu birlik söykənir minillik yaşa.

Yağı zənn etməsin yalqızam, təkəm,
Tarixdə iz qoymuş həmən Göytürkəm,
Odlar yurdu kimi tanınır ölkəm,
Düşmənin ümidi çıxacaq boşa,
Məkrli niyyəti dəyəcək daşa!

Erməni köpəyi axtarır arxa,
Rus gah nala vurur, gah da ki, mıxa...
Paşinyan özünü çəkir çarmıxa,
Saqqallı hələ də düşmür ki başa,
Onu barmağına dolayır Saşa...

Aç kar qulağını, eşit, Paşinyan,
Çox da gəl eləmə sən oyan-buyan,
O murdar leşini tapılmaz yuyan,
Gömərik torpağa səni birbaşa,
Andranik baban edər tamaşa.

Çıx get torpağımdan sən üzüsulu,
Sonra bax gec olar, tapmazsan yolu,
Əskərim başına yağdırar dolu,
Siçovultək onda düşüb təlaşa,
Deşik axtararsan sən, əbləh "paşa".

Gah Fransadasan, gah ABŞ-san,
Harda "qonaqlıq" var, orda başdasan,
Unutma türk ilə haqq savaşdasan,
Bədbəxt, ümid etmə Trampa, Buşa,
Kimsə sahib çıxmaz səntək bayquşa.

Bax Şanlı Ordumdan qurtuluşun yox!
Dovşantək qaçırsan, heç duruşun yox!
Torba tax boynuna bir quruşun yox!
Qoy alsın qoynuna səni Nataşa,
Paşinyansan, dönüb olarsan Pàşa.

Bu məktubu sənə yazdı Həbibi,
Qələmlə qəbrini qazdı Həbibi,
Şəhidlərim deyir: "Azdı, Həbibi,
Zəfər tariximi yazdırın daşa,
Deyim, ey millətim, yaşa, min yaşa!"
♡♡♡♡♡♡♡♡♡
GÖZÜN AYDIN, A KƏLBƏCƏR

Gözün aydın, "qara köç"lü,
Sevinc yaşın axan gündür.
Qəm-kədəri taxtdan salıb,
Şadlıq taxta çıxan gündür.

Gözün aydın, a Kəlbəcər,
Durnaların yurda köçər,
İgidlərin candan keçər,
Bozat şahə qalxan gündür.

Zaman verdi öz fərmanın,
Milli ordum baş sarbanın,
Çıxsın yola köç karvanın,
Xeyir Şəri yıxan gündür.

Mübarəkdi qayıdışın,
Ocağında bişsin aşın,
Çox bəlalar çəkdi başın,
Tanrı sənə baxan gündür.

Get sahib çıx yurd-yuvana,
Həsrət idin dağ havana,
Günəş doğsun el-obana,
Dost əlini sıxan gündür.

Xəzinəni xərclə özün,
Qaynar bulaq sənin gözün,
Naz-nemətdir dağın, düzün,
Arzum qanad taxan gündür.

Həbibi, haqq sərvərimiz,
Mübarəkdi səfərimiz,
Bax dünyaya zəfərimiz,
Şimşək kimi çaxan gündür.
♡♡♡♡♡♡♡♡♡
ÜRƏYİN YANMASA...

Şeirimin sətrindən dərd-qəm süzülür,
Qarşımda Şəhidlər boy-boy düzülür,
Ana fəryadından canım üzülür,
Yoldan ötən məgər ayaq saxlamaz?!
Ürəyin yanmasa, qələm ağlamaz.

Məğrurluq hissini geyib əyninə,
Oğul tabutunu alıb çiyninə,
De hansı daş ürək almaz eyninə?!
Dərd şahə qalxmasa, təbin çağlamaz,
Ürəyin yanmasa, qələm ağlamaz.

Gör neçə ailənin söndü ocağı,
Dərdə qolun açdı ana qucağı,
Gəlinlər dul qaldı gəlinlik çağı,
Daha al-yaşıllı tirmə bağlamaz,
Ürəyin yanmasa, qələm ağlamaz.

Əsgəri dönməyən necə kirisin?
Tapmayır oğ(u)lun ölü-dirisin...
Vücudu az qalır dərddən ərisin...
Yuxu ərşə çıxar, gözü yux(u)lamaz...
Ürəyin yanmasa, qələm ağlamaz.

Mən sazı qəm köklü dəli ozanam,
Nə qərib yolçuyam, nə yol azanam...
Dərddən qəm püskürən qaynar qazanam...
Zülmün daş dirəyi niyə laxlamaz?
Ürəyin yanmasa, qələm ağlamaz.

Könlümün bağçası su içdi qəmdən,
Qəlbimin dərd aşı bezmədi dəmdən,
Həbibi bülbülü oxuyur bəmdən,
Avazı məgər ki sinə dağlamaz?
Ürəyin yanmasa, qələm ağlamaz.
♡♡♡♡♡♡♡♡♡
DAHA MƏNƏ İNSAN DEMƏ

Mən torpaqdan yoğrulsam da,
"İnsan!"-deyə çağrılsam da,
Zaman-zaman doğrulsam da,
Mən "həqq" deyib bağırsam da,
Haqq boğuldu qundağında ,
Səsi dondu dodağında.

Daha mənə insan demə,
Doğru varkən yalan yemə,
İnsan çiy süd əmə-əmə,
Yalanla gəldi gündəmə,
Yalan boğdu insanlığı,
Qəbul etdi "ehsan"lığı.

Daha mənə insan demə,
Dövran məni salıb qəmə,
"Uyu!"-deyir, qoyub dəmə,
Qılınc çəkir lal kölgəmə,
Başa çəkir nadanlığı,
Rüşvət alıb insanlığı.

Sözə sahib çıxan hanı?
Ağ yalanlar alır canı,
At oynadır bəyi, xanı,
Verməz əldən bil yaxanı,
Əlindədir divan-dərə,
Lap istəsə çəkər nərə.

Ömür gedir qışa sarı,
Baharıma çəkib barı,
Gül dərilib, qalıb xarı,
Yeyilməz heyvası, narı,
Bostanında tağım ağlar,
Qəm dənizi təbim çağlar.

Haqqım əgər tanınmırsa,
Zalım əgər qınanmırsa,
Kimsə mənə inanmırsa,
Ədalət bir gümandırsa,
Solsun gülüm, solsun kolum,
Qoyun yenə torpaq olum...
Qoyun yenə torpaq olum...
♡♡♡♡♡♡♡♡♡

ABİL İSLAM
İCTİMAİ XƏBƏR AGENTLİYİNİN
direktor müavini
Prezident təqaüdçüsü
16.01.2021
11:48
Metro bağlı olacaq
16.01.2021
11:14
Salonlar açılır
15.01.2021
18:34
ANAMA ləğv edildi