atatv.az
atatv.az

Politoloq: Merkelin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ümidləri artırır

27-08-2018, 12:00

Politoloq: Merkelin bəyanatı Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə ümidləri artırır

Almaniya Kansleri Angela Merkelin ölkəmizə səfəri, səfər zamanı ölkə Prezidenti cənab İlham Əliyevlə görüşü, iş adamları ilə bir araya gəlməsi, səsləndirilən fikir və bəyanatlar Azərbaycan-Almaniya münasibətlərinin, qarşılıqlı əlaqələrinin daha da möhkəmləndirilməsi və gücləndirilməsində öz sözünü deyəcək, müsbət töhfəsini verəcək.

Bunu Trend-ə hüquq elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının prorektoru Mehdi Abdullayev deyib.

O qeyd edib ki, Azərbaycanla Almaniya arasında illərdir davam edən xoş münasibətlər mövcuddur. Xüsusilə də Dağlıq Qarabağ məsələsində bu dövlət digər bir çox ölkələrlə müqayisədə daha ədalətli mövge sərgiləyir:

"Heç təsadüfi deyil ki, Almaniya parlament - Bundestaq səviyyəsində Ermənistan-Azərbaycan münaqişəsinə hüquqi-siyasi qiymət verən və Ermənistanın təcavüzkarlığını pisləyən azsaylı Qərb ölkələrindən biri və birincilərdəndir. Hətta uzun illər həm qardaş Türkiyənin, həm də Almaniyanın ATƏT-in Minsk qrupunun həmsədrliyinə cəlb edilməsi ilə bağlı fikirlər, təkliflər səsləndirilib və yenə də bu təkliflər gündəmdədir. Çünki Azərbaycan cəmiyyəti bu iki ölkənin ədalətli mövqe nümayiş etdirməsi səbəbi ilə onların həmsədrliyə cəlb edilməsində maraqlıdır və bunu da zaman-zaman dilə gətirib. Amma təəssüflər olsun ki, bizlərdən asılı olmayan səbəblərdən hələ ki bunlar təklif olaraq qalır. Ancaq şəxsən mən də hesab edirəm ki, əgər bu iki ölkə həmsədrliyə cəlb olunarsa, o zaman vasitəçilər missiyası tərəfindən ədalətli mövqe sərgilənməsi daha real və daha inandırıcı olar”.

M.Abdullayevin fikrincə, təsadüfi deyil ki, mətbuat konfransında A.Merkel Dağlıq Qarabağ münaqişəsinin həllində Almaniyanın da iştirakını arzuladıqlarını bəyan etdi: “Merkel “biz Dağlıq Qarabağ məsələsi ilə bağlı Minsk qrupunda fəaliyyətimizi davam etdirəcəyik. Mən bu dəfə hər iki ölkəyə səfər etdim və bununla da məsələnin təcili və necə həll olunması barədə bir daha aydın təsəvvür yarandı. Biz səylərimizi artıracağıq və bütün tərəflər də iştirak etməlidir ki, bir həll yolu tapılsın və biz buna töhfəmizi verəcəyik” - deyə bildirdi. Düzdür, bu günə qədər Qarabağ münaqişəsi ilə bağlı çox bəyanatlar səsləndirilib, isti mesajlar, vədlər verilib, amma reallıqda bunun nəticəsi görünməyib. Amma xanım Merkelin bu sözləri Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə ədalətli həlli prosesinə ümidlərimizi bir qədər də artırır. Yəni sülh, danışıqlar yolu ilə münaqişənin həlli limiti hələ tam tükənməyib. Bu baxımdan da çox istərdik ki, bunlar söz olaraq qalmasın və Qarabağ münaqişəsinin həlli prosesində öz müsbət rolunu oynasın”.

Politoloq vurğulayıb ki, Azərbaycan açıq, şəffaf ölkədir, hər bir ölkə ilə ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında maraqlıdır, hər zaman da bu yöndə öz niyyətlərini ortaya qoyub, lazımi addımları atıb:

“Azərbaycan zor, təhdid, təzyiq, diktə dilini sevmir, qəbul etmir. Yəni hər kəslə bərabərhüquqlu münasibətlərin qurulması tərəfdarı kimi çıxış edir və öz mövqeyində də israrlıdır. Odur ki, Azərbaycan hər kəslə səmimi, açıq əməkdaşlıqda maraqlıdır və qarşı tərəfdən də bunları gözləyir. Son olaraq, bir daha belə hesab edirəm ki, Merkelin səfəri səfər hər iki ölkə və xalqın maraqlarına xidmət edir və edəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930