atatv.az
atatv.az

Ərdoğan eyham vurdu: Rusiya müsbət cavab verərsə...

24-09-2018, 15:00

Ərdoğan eyham vurdu: Rusiya müsbət cavab verərsə...

Bu yaxınlaşmanın davamlı, ardıcıl olması Türkiyə üçün həyati, Rusiya üçün isə strateji dərəcədə vacibdir. Ona görə də Ərdoğan bu yaxınlaşmanın davam etməsini istəyir.

Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kommersant”a müsahibəsində Rusiya ilə bağlı fikirlərini şərh edən Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, bəzi mütəxəsislər Türkiyə-Rusiya münasibətlərindəki bugünkü yaxınlaşmanın Türkiyənin strateji xəttinə zidd olduğunu hesab edir:

“Bunu Türkiyənin NATO-nun üzvü olması ilə əlaqələndirirlər və Ərdoğanı bu siyasətinə görə ittiham edirlər. Amma bu sırf Ərdoğanın dövrünə xarakterik olan məsələ deyil. Türkiyə istər Osmanlı dövründə (hansı ki, Osmanlı dövründə Rusiya ilə daha çox müharibələr aparırdı), istər Cümhuriyyətin quruluş dövründə, istərsə də ən kəskin qütblərdə göründüyü Soyuq müharibə dövründə mütəmadi olaraq Rusiya (və SSRİ) ilə bu cür əməkdaşlıqlar edib. Adətən bu əməkdaşlıqlar Türkiyənin digər müttəfiqləri ilə yaşadığı problemlərdən qaynaqlanır. Osmanlı dövründə də, Soyuq müharibə dövründə də, Soyuq müharibədən sonrakı mərhələdə də bu belə olub. Türkiyə klassik müttəfiqlərindən arzu etdiyi dəstəyi ala bilməyəndə strateji məsələlərlə bağlı Rusiya ilə əməkdaşlıq edib. Soyuq müharibə dövründə Kipr problemi ilə bağlı ABŞ-ın mövqeyi Türkiyəni qane etməyəndə, məşhur “Conson məktubu” böhranı yaşanandan sonra Türkiyə SSRİ ilə yaxınlaşdı. İndi də Türkiyə ciddi təhlükəsizlik riskləri ilə üz-üzədir. Bunlardan ən başlıcası PKK terroru məsələsidir. Daha sonra İraq və Suriya böhranına görə ölkəsinin təhlükəsizliyinə təhdidin qarşısını almağa çalışır”.

Ekspert vurğulayıb ki, yenə də regional təhükəsizlik risklərində Türkiyə NATO-dakı müttəfiqlərindən arzuladığı dəstəyi ala bilmədiyi üçün Rusiya ilə daha yaxın münasibətlər qurur:

“Amma burada zaman-zaman yenə də yanlış dəyərləndirmə görürük. Türkiyənin artıq Rusiya ilə tam müttəfiq olduğuna dair fikirlər ortaya atılır. Bu doğru deyil. Ərdoğanın “Kommersant”a müsahibəsində dediyi kimi, Türkiyə Rusiyadan PKK və ona bağlı PYD və YPG terrorçu təşkilatlarına qarşı apardığı mübarizəyə dəstək gözləyir. Yəni Türkiyə Suriya problemi ilə bağlı Rusiya ilə müəyyən mənada yaxınlaşıb. Amma bu tam strateji müttəfiqlik demək deyil. Biz bunu sonuncu Astana prosesinin davamı olan Tehrandakı zirvədə də gördük. İdliblə bağlı fikir ayrılıqlarına dair Ərdoğan və Putin arasında əldə olunan razılığın tam uzunmüddətli olacağını düşünmürəm. Yəni Türkiyənin mövqeyi Rusiyanın mövqeyinə, Rusiyanınki isə Türkiyənin mövqeyinə müəyyən sahələrdə yaxınlaşıb. Yaxınlaşmanın davam etməsi Rusiyanın PKK və onun uzantılarına münasibətdə Türkiyənin arzuladığı nöqtəyə gəlməsindən asılıdır. Bu da asan məsələ deyil. Çünki Yaxın Şərqdə kürd məsələsində Rusiyanın özünə görə maraqları var. Bu maraqları birdən-birə kənara qoymaq mümkün deyil. Ərdoğanın “Kommersant”a müsahibəsi zamanı Rusiyaya çağırışında bu baxımdan haqlıdır ki, əgər Rusiya bu məsələlərdə Türkiyənin mövqeyinə yaxınlaşmasa, yenə Türkiyə və Rusiya arasında fikir ayrılığı, ciddi böhran yaşana bilər. Hətta iki ölkə arasındakı hazırki yaxınlaşma ortadan qalxa bilər. Bu baş versə, bundan hər iki ölkə zərər görəcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930