atatv.az
atatv.az

Prezident İlham Əliyev "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nı təsdiq edib

30-10-2018, 16:40

Prezident İlham Əliyev "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nı təsdiq edib

Prezident İlham Əliyev "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Atatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

İnsan kapitalının inkişafı hesabına davamlı iqtisadi tərəqqinin təmin edilməsi müasir dövrdə Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin əsasını təşkil edir. Ötən illər ərzində bu sahədə kompleks tədbirlər həyata keçirilmiş, yüksək nailiyyətlər əldə olunmuşdur.

Ölkədə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər olaraq müəyyən edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında mövcud demoqrafik meyillərə və inkişaf perspektivlərinə, ölkənin müəyyən olunmuş iqtisadi prioritetlərinə əsaslanmaqla səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətinin formalaşdırılması məqsədilə qərara alıram:

1. "2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" təsdiq edilsin (əlavə olunur).

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə əlaqələndirici orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, aidiyyəti dövlət orqanları və qurumları ilə birlikdə Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2019-2025-ci illər üçün Tədbirlər Planının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı görülən işlər barədə ildə bir dəfədən az olmayaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930