atatv.az
atatv.az

Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?

13-12-2018, 15:23

Qalmaqal yaradan icra başçısı... - CƏZALANACAQMI?

Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovun avtomobil karvanı ilə rayonun Avşar kəndinə gəlməsi "Facebook” sosial şəbəkəsində geniş müzakirələrə səbəb olub. Yayılan videodan aydın görünür ki, icra başçısının kəndə gəldiyi avtomobil karvanını 1 polis və 10-a yaxın mülki avtomobil müşayiət edir. Kənd sakinlərinin bir qismi və bir çox sosial şəbəkə istifadəçisi icra başçısının avtomobil karvanı ilə hərəkət etməsi anormallıq kimi qiymətləndirib.

BakuPost məsələnin təfərrüatını dəqiqləşdirmək üçün Ağcabədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsa da, İcra Hakimiyyətində əlaqə telefonlarına cavab verən olmayıb.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmiş Aqil Abbas BakuPost-a açıqlamasında bildirib ki, Ş. Məmmədov həmin gün Avşar kəndinə yas mərasiminə gedib: "Mənim də yaxınlarımla bağlı yas mərasimi olub, Ağdamın, Bərdənin, Ağcabədinin İcra Hakimiyyəti başçıları yas mərasiminə gəliblər. İcra Hakimiyyətinin başçıları da yas mərasiminə gələndə tək gəlmirlər, 20-ə qədər insan gəlir, başsağlığı verirlər. Bu, rəhmətə gedənə, yası olan insanlara bir hörmət əlamətidir. Bunu şişirdərək "İcra Hakimiyyəti başçısı kartejlə gedir” kimi təqdim etmək yanlışdır. Mən Ağcabədinin və Füzulinin deputatıyam, İcra Hakimiyyəti başçıları ilə kəndləri gəzirik. Hər hansı kartej, filan da olmur. Mən və başçı gediriksə, bizi heç kəs müşahidə etmir. O videogörüntüyə mən də baxmışam. Rayonun idarə rəhbərləri, üzdə olan aktiv insanlar hörmət əlaməti olaraq İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla birlikdə yas mərasiminə gedirlər, 10-a qədər avtomobildir. Burada qeyri-adi heç nə yoxdur. Tək Ağcabədidə yox, respublikanın digər rayonlarında da yas mərasiminə belə gedirlər. Tutaq ki, birdən mən də Ağdamda yas mərasiminə gedirəm. Mənim də dostlarım, yaxınlarım var, 6-7 maşınla yas mərasiminə gedirik, yəni mən də kartejlə gedirəm. İcra başçılarının o qədər nöqsanları var ki, tapıb ondan yazsınlar, Qarabağ bölgəsindən olan bir deputat kimi mən də bir söz demərəm ”.




Hüquqşünas Ələsgər Məmmədli BakuPost-a açıqlamasında deyib ki, məsələyə məqsədəuyğunluq prizmasından yanaşmaq lazımdır: "Normal halda İcra Hakimiyyəti başçısı rayonda bir məmurdur. Əgər İcra Hakimiyyəti başçısının təhlükəsizliyi ilə bağlı operativ informasiya varsa ki, müəyyən təhlükə ola bilər, müəyyən tədbirlər görülə bilər. Amma İcra Hakimiyyəti başçısı əhali ilə görüşə, yaxud hər hansı iş üçün gedirsə, onu onlarla avtomobil müşayiət edirsə, bu, artıq anormallıqdır. Çünki biz inkişaf etmiş ölkələrdə, məsələn, Hollandiyada baş nazirin işə velosipedlə, yaxud İngiltərənin öncəki baş naziri işə ictimai nəqliyyatla işə gedib. Onları hər hansı avtomobil karvanı müşayiət etdiyini görməmişik. Prezidentin təyin etdiyi şəxs rayonlarda vətəndaşlarla yaxın olmalıdır. Həmin məmur özünü vətəndaşlardan ciddi surətdə fərqləndirib, özünü yüksəkdə tutub bu tip davranışlar ortaya qoymamalıdır. Əgər konkret operativ əməliyyat tədbirləri, təhlükəsizlik məsələsi yoxdursa, belə görüntülər normal qarşılana bilməz. Cəmiyyət onu idarə edənlərlə yaxın olmaq istəyir. Eyni zamanda bərabərlik hüququ Konstitusiyada əksini tapıb. İcra Hakimiyyəti başçısı da başqaları kimi işinə gedib gəlməlidir. Birinə onlarla adam təhkim olunub, digərinə təhkim olunmursa, bu, bərabərlik hüququnun pozulmasıdır. Qeyd etdiyim kimi, yeganə istisna hal təhlükəsizliklə əlaqədar, təxribatla bağlı operativ informasiya olduğu haldır. Amma İcra Hakimiyyəti başçısı daim belə avtomobil karvanı ilə hərəkət edirsə, bu, artıq ciddi şəkildə düşünməyə vadar edir. Yəni bizi düşündürməlidir ki, bizimlə bizi idarə edənlər arasında fərq nədir, cəmiyyətdən niyə qorxurlar ”.

Qeyd edək ki, bu, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı ilə əlaqədar yayılmış ilk qalmaqallı xəbər deyil. Bundan bir müddət əvvəl Ş. Məmmədovun Ağcabədidə özünə tikdirdiyi villanın qarşısında qoyduğu polis postunun görüntüsü yayılmışdı. Görüntü mediada yayıldıqdan sonra villanın qarşısındakı polis postu götürülüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031