atatv.az
atatv.az

Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb

18-02-2019, 17:16

Din xadimləri Azərbaycan və Çeçen xalqlarını təxribatlara uymamağa çağırıb

Azərbaycanın din xadimləri fevralın 14-də Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla çeçen icmasının nümayəndələri arasında baş vermiş insidentlə bağlı narahatlığını bildirib.

Sonxeber.az xəbər verir ki, ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Hacı Şahin Həsənli bu məsələ ilə bağlı özünün Facebook profilində yaydığı videomüraciətində Azərbaycan və çeçen xalqlarının tarixən bir-biri ilə qardaş münasibətdə olduğunu, onları ümumi dil, inanc, tarixi dəyərlərin birləşdirdiyini qeyd edərək kriminal xarakterli son hadisələri kimlərinsə millətlərarası münaqişə kimi təqdim etmək istədiyini vurğulayıb.

Azərbaycan və çeçen xalqları arasında hər hansı münaqişəni istisna edən ilahiyyatçı xalqlarımızın isti münasibətinin siyasi əlaqələrdə də özünü göstərdiyini deyib. O bildirib ki, bu yaxınlarda Çeçenistan dövlət başçısının Azərbaycana səfəri, bu səfər zamanı hər iki dövlət rəhbərinin səsləndirdiyi fikirlər iki xalqın münasibətlərinin bundan sonra da inkişaf edəcəyindən xəbər verir.

Bu dostluq və qardaşlıq münasibətlərinin kimlərəsə sərf etmədiyini vurğulayan Ş.Həsənli azərbaycanlılara və çeçenlərə səslənərək onları hər iki xalqa ziyan gətirə biləcək təxribata uymamağa çağırıb: "Əminəm ki, Azərbaycan və çeçen xalqının dostluğu bu tarixi dövrü də keçəcək və gündən-günə möhkəmlənəcək".

Daha sonra o, Azərbaycanın həmişə islam həmrəyliyi mövqeyindən çıxış etdiyini, müxtəlif din və məzhəb təmsilçilərinin burada dinc, yanaşı yaşadığını xatırladaraq çeçen xalqının da eyni dəyərləri bölüşdüyünü bildirib: "Biz tarixin ən müxtəlif dönəmlərində bir-birimizə yardım əlimizi uzatmışıq, qardaşlıq münasibətlərini qoruyub saxlamışıq. Əminəm ki, heç bir üçüncü qüvvə çeçenlərlə azərbaycanlılar arasında hər hansı ixtilaf sala bilməz, onları hər hansı münaqişəyə cəlb edə bilməz. Bu, təbii ki, azərbaycanlıların və çeçenlərin məsuliyyətli mövqeyindən çox asılıdır. Son günlərdə Moskvada yaşayan azərbaycanlılar və çeçenlərin birlik çağırışları bu planların alt-üst olacağından xəbər verir".

İlahiyyatçı öz müraciətində azərbaycanlıların bütün Qafqaz xalqları ilə dini münasibətlərdə də birliyini qoruyub saxladığını deyir və əlavə edir ki, Şeyxülislam Hacı Allahşükür Paşazadənin Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilməsi də Qafqaz xalqlarının Azərbaycana göstərdiyi etimadın bariz nümunəsidir.

Hacı Şahin Həsənli sonda bir daha vurğulayır ki, azərbaycanlıların tarixən Qafqaz xalqları, o cümlədən çeçenlərlə mövcud qardaşlıq münasibəti bundan sonra da davam edəcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031