atatv.az
atatv.az

Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi Parısdə də keçirilib

29-05-2019, 10:30

Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi Parısdə də keçirilib

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 və Azərbaycan diplomatik orqanlarının yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib. Tədbir Azərbaycan və Fransa himnlərinin səsləndirilməsi ilə başlayıb.

AZƏRTAC xəbər verir ki, rəsmi qəbulda Fransa diplomatik orqanlarının, eləcə də UNESCO-nun yüksək səviyyəli nümayəndələri, Fransa Milli Assambleya və Senatının üzvləri, keçmiş nazirlər, bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri, analitik mərkəzlərin, KİV və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Mərasimdə Fransadakı səfirimiz Rəhman Mustafayev və UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri səfir Anar Kərimov çıxış ediblər.

Bildiriblər ki, Azərbaycan Respublika Gününün Parisdə qeyd edilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası ilk dəfə 1920-ci il yanvarın 10-da məhz Parisdə de-fakto tanınıb. Azərbaycan Parlamentinin birinci prezidenti, Paris Sülh Konfransında ölkəmizin diplomatik nümayəndə heyətinin rəhbəri, eləcə də digər üzvləri Paris yaxınlığındakı qəbiristanlıqda uyuyurlar. Azərbaycan müstəqilliyinin mənşəyi və rəmzi Parisdədir.

Azərbaycan-Fransa əlaqələrinə toxunularaq, cari ilin ilk 5 ayı ərzində reallaşmış, eləcə də yaxın gələcəkdə gözlənilən qarşılıqlı yüksək səviyyəli səfərlərdən, onların iki ölkə arasındakı tərəfdaşlığı əks etdirməsindən söz açılıb. Qeyd edilib ki, ölkəmiz təkcə mühüm ikitərəfli tərəfdaş kimi deyil, eyni zamanda regional əməkdaşlığın əsas amilidir. Bakı Avropa İttifaqını Qafqaz və Mərkəzi Asiya ölkələri ilə birləşdirən vacib layihələr reallaşdırıb. Ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolu vurğulanıb. Bu istiqamətdə həyata keçirilmiş böyük beynəlxalq layihələrdən danışılıb. Bildirilib ki, ölkəmiz regional təhlükəsizliyin əsas amilidir.

Bu gün bütün dünyanı parçalayan münaqişələr, gərginliklər, dinlər və mədəniyyətlərarası fikir ayrılığına toxunularaq, dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Avropa və İslam dünyası arasında dialoqa və əməkdaşlığa töhfə verdiyi diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunulub. Beynəlxalq təşkilatların çoxsaylı qətnamə və qərarlarına baxmayaraq, torpaqlarımızın hələ də işğal altında olmasının təəssüf doğurduğu bildirilib. Azərbaycanlıların etnik təmizləməyə məruz qaldığı diqqətə çatdırılıb. İnsan Hüquqları və beynəlxalq humanitar hüququn prinsipləri öz doğma yurdlarından didərgin salınmış Azərbaycanlı qaçqınların və məcburi köçkünlərin öz evlərinə qayıtmasını tələb edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sayəsində münaqişədə atəşkəs rejiminin əldə olunmasına nail olunduğu bildirilib.

Diqqətə çatdırılıb ki, bu gün Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin davamlı inkişafı təmin olunur. Azərbaycan son illərdə beynəlxalq aləmdə özünü etibarlı tərəfdaş kimi tanıdıb, regional inkişafa, təhlükəsizliyə, sabitliyə, eləcə də multikulturalizmə töhfə verib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930