atatv.az
atatv.az

Namiq Atabəyli və onun “Şirvanşahlar” saqası

29-05-2019, 19:57

Namiq Atabəyli   və  onun  “Şirvanşahlar” saqası
Bədii ədəbiyyatda elmi-texnoloji inkişafın sürəti ilə ayaqlaşmayan mühafizəkar ədəbi-metodoloji kriteryalar dəyişən dünyada dəyişməz maneələr kimi ortaya çıxmışdır. Çağdaş postmodern düşüncə tərzi ənənəvi dünya tarixi şüurunda bir sıra istiqamətdə dəyişikliklər tələb edir. Bu mənada, yazıçı Namiq Atabəylini radikal ədəbi və elmi yaradıcılığın ən kreativ nümayəndələrindən biri saymaq daha doğru olar...
Namiq modernizmdən postmodern yaradıcılığa keçid etmiş bir sənətkardır. Bildiyimiz kimi, modernizmin inkişafı dünyagörüşün tamlığına, kosmosa, dibsiz stixiyalara və ali mənəvi substansiyalara yönəlmişdir. Ona oppozisiya olaraq meydana çıxan postmodernizmdə isə mətn üçün kontekst gərək deyil. Çünki ideya-məzmun daha çox tektsdən kənardadır. N.Atabəylinin postmodern “Şirvanşahlar” trilogiyasının hələlik nəşr edilmiş iki romanında – “Şirvanşah Böyük Axsitan” (2018) və “Şirvanşah Şeyx İbrahim Dərbəndi”-də (2019) avanqard pradiqma, əsasən, “dünya”, kosmos və insanın özünün yenidən yaradılmasına yönəldilmişdir. Bəlkə də, yazıçı elə buna görə son romanına M.Y. Saltıkov-Şedrinin aşağıdakı fikrini ruscasında olduğu kimi Proloq seçmişdir: «Мне нет никакого дела до истории, и я имею в виду лишь настоящее». Vaxtilə, İ.İlin doğru qeyd edirdi ki, “Postmodernizm epoxasının gəlişi ilə sənətlə düşüncə arasındakı münasibətdə birmənalılıq aradan qalxır.” Tamamilə mümkündür ki, postmodernist mətn əks tərəfin də mövqeyinin eynibərabərli ifadəçisi olsun. Namiq bəy Şirvanşahlar bədii və elmi teması üzərindənki çoxəsrlik tabunu aradan qaldırmaqla, ənənəvi oxucular üçün mənəvi tariximizin Şirvanlılıq və Şahanəlik mövzusuna yeni bir QAYIDIŞ yolunu açmışdır. Baba Dağ Bakuvi Şirvani (933-1050) və İbrahim Əli oğlu Xaqani Şirvani (1120-1199), Şeyx İmadəddin Nəsimi (1367-1404) və Hacı Seyid Əzimlərin klassik yoluna yenidən işıq salmışdır. Bu, özünəməxsus bir intibah, dirçəliş sistemi deməkdir. N.Atabəylinin tarixi romanı yaradıcılığında Tarix ilə Müəllif arası münasibətdə birinci tərəf üstündür. N.Atabəyli , demək olar, yalnız Tarixin haqqını tanıyır. Biz romanın heç bir sətrində, epizodunda Onun özünü görmürük... Bu mənada, mətn mühitində müəllifin ölümü (yoxluğu) kimi bir qeyri-ənənəvi bədii-məntiqi vəziyyət yaranır...
Namiqin Tarixlə gözəgörünməz “dialoqu”, müəyyən mənada, ənənəvi tarixdən imtina etməsində özünü bariz büruzə verir. Hecə deyərlər, yazıçı Tarixi qarşıya qoyduğu problemin həllinə deyil, problemin özünə çevirməyə çalışımışdır. Onun postmodern dünya dərki və bədii prinsipləri ilə yazdığı “konfliktsiz” əsərləri 60-cı illər Azərbaycan ədəbiyyatının korifeylərindən sayılan Mehdi Hüseynin (“Abşeron”, “Yeraltı sular dənizə axır” və d. romanları) və Mir Cəlalın (“Açıq kitab” romanı) sınaqdan keçirdikləri və ədəbi tənqiddə birmənalı qarşılanmamış tarixi təcrübələrinə təkrar qayıdış kimi də görünür. Mən tam əminliklə deyə bilərəm ki, nə qədər amansız qarşıdurmalar, psixoloji və mənəvi ziddiyyətlərlə müşayiət olsa da, “Şirvanşahlar” epopeyası tarixə konfliktoloji yanaşmalardan uzaq bir əsərdir.
N.Atabəylinin klassik janrlarda yazdığı “Vahidiyəm Azərbaycanın”, “Seyidəm ərseyi-eşq içrə...” və “O xəyalımdakı Şirvan” qəzəllər kitablarındakı ənənəvi “aşiq-məşuq” münaqişə və ziddiyyətləri sözü gedən qeyri-sinfi və postmodern planda qələmə alınmışdır. Üç klassik qəzəllər Divanı ilə o, keçmiş ilə gələcəyi özündə birləşdirən əbədi mövzular və personajlar aləminə qayıdaraq, müasir Azərbaycan ədəbiyyatına yeni innovativ dəyişikliklər etməyə çalışmışdır...
Müəllifin yenicə nəşr edilmiş növbəti tarixi romanı- “Şirvanşah Şeyx İbrahim Dərbəndi” (“EUROPA” publishing house, Bakı-2019) əsəri əvvəlki pomanı ilə müqayisədə xeyli konstruksiya- süjet-fabula dəyişikliyinə malikdir.
Əgər “Şirvanşah Böyük Axsitan”da ulduz sistemli kompozisiyanı - hadisələrin yalnız Baş qəhrəmanın ətrafında cərəyan edərək, əvvəl-axır gəlib onda birləşdiyini görürüksə, yeni romanda süjet-fabula üst-üstə düşərək birxətli düzən almışdır.
Yeni roman “Şirvanşahlar” saqasının “Dərbəndilər” bölməsini təşkil edir. İbrahim şah 1382-ci ildən 1538-ci ilədək hakimiyyət sürmüş sülalənin ulu öndəri və banisidir. Məhz onun oğlu Şirvanşah Xəlilullah 1428-ci ildə ölkə paytaxtını Şamaxıdan Bakıya köçürərək, XX Kəsrani hökmdarı Böyük Axsitanın (1160-1196) Bakımərkəzli siyasətini davam etdirmişdir. Yeri gəlmişkən, I Axsitan onun ilk tarixi romanının baş qəhrəmanıdır. Bu əsər barədə ilk ədəbi-tənqidi münasibəti isə çox hörmətli akademikimiz N izami Cəfərov “525-ci qəzet”də bildirmişdir. Bizim həmin deyilənlərə əlavə etməyə hələlik heç bir sözümüz yoxdur.
Son romanda əsas müsbət surətlər- qanuni vəliəhd, Dərbənd əmirzadəsi İbrahim ibn Sultan Məhəmməd Dərbəndi, ağdaşlı Moskva Kremlinin memarı boyar Kərəməli Şirvani, ərəb filosofu ibn-Xəldun, dahi Azərbaycan şairi Arif Ərdəbili, şirvanşah Keyqubad Adil, Moskva böyük knyazı Dmitri İvanoviç (Donskoy) və onun böyük bacısı, şirvanlı memarın həyat yoldaşı Anna İvanovna, Böyük knyagina Yevdokiya Dmitriyevna Moskovskaya, Bizans imperatoru V İoann Paleoloq, onun qızı Mariya Paleoloq, Dərbənd əmiri Sultan Məhəmməd, kazak qızı Frola, Məlhəm mədrəsəsinin müdiri İsmayıl İsmayılzadə və onun ziyalı ailəsi, Rusiyanın birliyi ideyasının əsas ideoloqu Moskva mitropoliti Aleksiy, Şirvan sarayının Baş mühafizi Musəddiq Zəngi və başqalarıdır. Mənfi surətlər sırasında isə əsasən, Şirvan sarayının Baş vəziri Ramz ibn Meho əl-Kakuyi, kazakbaşı Vsevolod, diokratik hökmdar Kavus ibn Keyqubad Adil, onun deyləmi-kəsrani baldızı Şəhrəbanu, knyaz Olqerd Qədiminoviç Litovski və başqalarını görürük.
Namiq Atabəyli   və  onun  “Şirvanşahlar” saqası
Romanın əsas qayəsi Elmli mənəviyyat ilə Nadanlıq arasında bilikyönümlü cəmiyyət uğrunda gedən savaşda insanlığın Zəka cəbhəsini təmsil edən mütərəqqi qüvvələrin zəfər çalmasıdır. Namiq Qədim və Orta Əsrlər Şirvanşahların tarixinin Sufi mədəniyyəti ilə Bizans ellinizmi və Rus provaslaviyası arasındakı tarixi mənəvi bağları üzə çıxarararaq, Neoavrasiyaçı baxışların təntənəsini ifadə etməyə çalışmışdır. Məncə, bu məqsədinə tamamilə nail olmuşdur.. Elə ona görə də romanda Qədim Dərbənd şəhəri Şirvan şahlığının son səhifəsi olaraq, amansız MONQOLİST bədii “bu gün” üzərindəki ölümsüz Şirvanlılıq mənəviyyatının ezotrik tarixi Zəfərinin əsas ruporu kimi çıxış edir...
Namiq Atabəyli Azərbaycan Dövlət Universitetini (əyani) bitirən kimi keçmiş SSRİ-nin Hərbi Silahlı Qüvvələrində zabit olaraq həqiqi hərbi xidmət göstərmişdir. Onun xidməti Zaqafqaziya hərbi dairəsində Cənub sərhədlərimizdə keçmişdir. Bu, hərbi təcrübə onun tarixi trilogiyasında təsvir edilən müharibə səhnələrində, döyüş teatrlarında, hərbçilərin psixoloji obrazlarının bədii ifadəsində dərhal nəzərə çarpır. İlk növbədə, Şirvanşah I Axsitanın Şirvan (-Xəzər) dənizində varyaqlarla dəniz savaşlarının təsvirlərində bu xüsusiyyətlər aydın göründü. İkinci romanda Moskva böyük knyazlığının paytaxtı Moskvanın Litva knyazı Olqerddən müdafiəsində Dərbənd əmirzadəsi kimi İbrahim ibn Sultan Məhəmmədin “Ağ canavar” ləqəbi ilə göstərdiyi hərbi şücaətlərin təsvirində də müəllifin hərbi sahədə bilik və təcrübəsi diqqəti cəlb edir. Namiqin filoloji savadı çox yüksəkdir. Onun hələ tələbə ikən yazdığı “Azad şeir və onun poetikası” elmi işi respublika Tələbə-elmi konfransında Qızıl medala layiq görülüşdü. Müəllifin yeni roman yaradıcılığında baş verən innovativ dəyişiklər aydın surətdə göstərir ki, onun nəsr yaradıcılığı da durmadan inkişaf etməkdədir. O, bütün əqli yaradıcılığını dünyanın dəyişən siması ilə uzlaşdırmağa və çağdaş oxucunun virtual auditoriyasına doğma olmağa çalışır.
Mürəkkəb ədəbi əsərlər öz strukturuna görə Körpüyə bənzəyirlər: nəhəng quruluşlu Nyu-York, San-Fransisko körpüləri kimi! Onları çay üzərində quraşdırmaq üçün ən adi trosun belə funksional əhəmiyyəti nəzərə alınmalıdır. Tarixi roman asan yazılmır. Mixail Şoloxovun “Sakit Don”u kimi bir şedevri, heç şübhəsiz, Şumer çarlığında “Sakit Fərat” və ya Qədim Misirdə “Sakit Nil” olaraq yazıya almaq mümkün olmazdı. Çünki Quldar keçmişin sənətkarları M.Şoloxov kimi Avrasiyanın insanı deyildilər. Dahi rus ədibi “Sakit Don”u yaratmaq üçün Rus ədəbi tarixinin bütün təcrübəsini, rus ədəbiyyatşünaslıq düşüncələrini akkumilirə eləmişdir. “Sakit Don”a Puşkin, Qoqol, Tolstoy, Bulqakov və Bunindən keçərək gəlmişdir... Namiq Atabəylinin də, bu mənada, öz müəllim və mürşidləri vardır. İlk növbədə, o, açıq şəkildə Avrasiya yazıçısı olaraq, geopolitik mövqeyini bəyan etmişdir. Qədim Şirvan şahları, Dəmir Dərbənd əmirləri və Moskva Böyük knyazlarının tarixi obrazlarının bədii canlandırılması Atabəyli yaradıcılığının əsas xüsusiyyətlərini təşkil edir. Yəqin ki, elə buna görə yeni romanında geniş təsvir edilmiş Moskva böyük knyazlığı ilə qədim Şirvanşahlar dövlətinin müsbət tarixi əlaqələrini nəzərə alaraq, o, öz əsərini Rusiya prezidenti Zati-aliləri cənab Vladimir Vladimiroviç Putinə ithaf etmişdir. Kitabda oxucuya təqdim edilmiş e-resurslardan bəlli olur ki, yazıçı Rusiyanın rəhbəri ilə virtual dostluq əlaqələrinə malikdir və onun son prezident seçkisinə beynəlxal dəstək vermiş ziyalılardan biri olmuşdur.
Monqol-tatar əsarəti altında olan Rusiyanın azadlıq mübarizəsinə şirvan xalqının pozitiv tarixi münasibətini əks etdirən bədii parçaları şərh edən müəllif “Türkinfo.org” saytına 4.I.2019-cu il tarixində verdiyi Müsahibədə bildirir.
Sual: -Sizin yeni romanınızda şirvanlı memar Kərəməli Şirvani ilə Moskva knyaginası Anna İvanovnanın eşqi, müəyyən mənada, Baba Dağ Bakuvi-Şirvaninin (933-1050) qutsal ilahi məhəbbətini təkrarlayır. Bu nə dərəcədə məntiqidir?
N.A.:- Romanda Orta əsr şirvan ziyalısının bədii obrazıi olan Moskva memarı boyar Kərəm Əli Şirvani Şirvanlılığın dərin ümumbəşəri mahiyyətini əks etdirir. Kiçik bir epizodu xatırlatmaq istərdim. Moskva mitropoliti Aleksiy sui-qəsdlə öldürülmüş memarın öz xanımına yadıgar qoyduğu yeganə rəsmini ölkə rəhbərinə şərh edərkən söləyir: “Zati-aliləri! Rəhmətlik yeznəmiz ciddi eksfrasis bədiiləşməsi aparıb. Rəsm dünyəvi əsərdən daha çox ikonoqrafik sənət nümunəsidir. Burada Müzəffər Georginin İlan üzərindəki zəfərini Elmin cəhalət üzərində qələbəsi əvəz eləyib. Anna bacımızın simasında rəsm daha çox, Sinay monastırının VI əsrə aid əli kitablı “ Христос Пантократор ” ikonasını xatırladır. Annanın başı üstəki nimba onu “yer sərhəddindən” çıxarıb, “səma sferasına ” qovuşdurur. “Müqəddəs Anna” rəsmi Xlaskarımızın insani təcəssümünü (по-человическому естеству) əks etdirir...”
Namiq Atabəyli dünya və rus ədəbi ənənəsinə uyğun olaraq, bəzən intim səhnələrin geniş təsvirini vermişdir. Əlbəttə, burada Nabokovun “Lolita”sı ilə Mopassanın “Həyat”ı arasında ortaq hədd saxlanılmışdır. Amma Azərbaycan oxucusunun ənənəvi “oxu kodeksi” nəzərə alınmamışdır. Müəllifə yol göstərmək fikrində deyiləm. Hər halda ciddi tarixi planda yazılmış bir trilogiya üçün bu tənqidi iradlarımı onun gələcəkdə nəzərə almasını istərdim...
Romanı səhifələyərək, bu qənaətə gəldim ki, N.Atabəyli Şirvana Azərbaycanın deyil, Azərbaycana Şirvanın gözü ilə baxmışdır. Onun nə qədər haqlı və ya haqsız olduğunu deyə bilmərəm. Amma romana daxil edilmiş “əbədi obrazlar” sırasında Baba Dağ Bakuvi-Şirvani (933-1050) şəxsiyyətini görəndə müəllif mövqeyinin bəzən çox kəskin qoyuluşunu səbəbsiz hesab etmədim. Üç fəlsəfi traktat, 30 min hekayət və Allaha səcdə ilə yazılmış sufi Divanı ilə bizim bu ilk bakılı filosof-şairimizin ədəbiyyat tariximizdə yer almamasını, müəllifə qoşularaq, mən də təqdir eləmirəm. I Cahan savaşı başlarkən, 1914-cü ildə Parisdə nəşr edilmiş ilk kitab Baba Dağ Bakuvi-Şirvaninin əsərləri olmuşdur. Baba Dağ haqqında Orta əsrlərin “Təbəqat əs-sufiyya”, “Əsrar it-touhid”, “Şiraznamə”, “Kitab əl-ənsar”, “Tarix əl-İslam”, “Şədd əl-izhar” və digər onlarca abidəsində bəhs edilmişdir. Avropa və Rus alimləri- R.Nikolson, E.Braun, Q.Amedroza, Y.Bertels, V.Jukovski, A.Krımski onun şəxsiyyəti və yaradıcılığı haqqında yazmışlar. Onun barəsində eyni zamanda Nizami, Sədi, Hafiz, Ə.Cami, Nəsimi, Füzuli, Seyid Əzim... vəsflə dolu beytlər söyləmişlər. Görkəmli Azərbaycan səyyahı Zeynalabdin Şirvani ötən əsrdə Şiraza gedib, öz dahi eloğlusunun məzarını ziyarət eləmiş, məqbərəsində və ətraf ərazilərdə təmir və abadlıq işləri aparmışdır.
Namiqin yeni romanındakı bütün əsas tarixi hadisələrdə Baba Dağın başdan-başa müqəddəsləşmiş ruhu “iştirak edir”, yazıçının özünün etiraf etdiyi kimi, Moskva boyarı, memar Kərəm Əli Şirvani də, müəyyən mənada, Baba Dağ ruhunun daşıyıcısıdır. Namiq bu xətti romanın İkinci cildində İbrahim şah- İmadəddin Nəsimi olaraq davam etdirməyi nəzərdə tutmuşdur. Əlbəttə, bu da təqdirəlayiqdir.
N.Atabəyli bir illik ağır zəhmətin bahasına trilogiyanın İkinci kitabınının ilk cildini ortaya qoymuşdur. Heç şübhəsiz, əsas söz oxucunundur... Müəllifin virtual aləmdə böyük oxucu auditoriyası vardır. Məncə, N.Atabəylinin xalqları dostluq və qardaşlığa çağıran bu növbəti romanı cari ilin ədəbi uğurlarından sayılacaqdır.
Dərbənd əmirzadəsi və Şirvan taxtının qanuni vəliəhdi gənc İbrahimin vətənə geri dönüşü zamanı Moskva Böyük knyazlığında şahidi olduğu tarixi səhnəyə bir daha diqqət yetirmək istəyirəm:
“İbrahim irəli yeriyib, bağlamanı Annaya verdi.
Dmitri soruşdu:- Nədir o, Anna?
-Yevdokiyanın kasıb moskvalılar üçün detinetsdışı daş mənzillər, yeni rus slobodaları tikilməsi üçün memar Kərəməli bəyə verdiyi cehizlik qızıllarıdır.
-Məgər onlar həmin evlərin tikintisinə sərf edilməyibmi?
Anna yenidən üzünü Böyük knyaginaya tutub dedi:- Yevdokiya Dmitriyevna, bunu bilməyinizi istərdim ki, Moskva memarı mərhum ərim Kərəməli Şirvani indiyədək kasıb moskalların evlərini öz hesabından tikib, onlara pulsuz hədiyyə etmişdir.
Dmitri İvanoviçin gözləri yaşardı. Mitropolit Aleksiy onun qoluna girib, toxtaqlıq verməyə çalışdı. Ərinə baxıb, Yevdokiyanı da ağlamaq tutdu. Otağa daş kimi ağır bir sükut çökmüşdü. Böyük knyagina qarşısında qara geyinmiş baldızı Annaya baxaraq, ərindən qəmli-qəmli soruşdu:
-Böyük knyaz, biz moskallar dövrümüzün ən müqəddəs insanını itirdik. Allah Vsevolodun bəlasını versin, necə ki verdi! Memarın ölümü bundan belə bizim Rusiyamızın üzərində əbədi qara ləkə kimi qalmayacaqmı?..
Dmitri İvanoviç böyük knyaginanın ona uzatdığı gül naxışlı dəsmalla sifətindəki yaşı silib, nəzərlərini göz yaşları durmadan axıb gedən Şirvan gəlinindən kənara çəkməyə çalışdı. O, ətrafındakı boyar və knyazlara, ilk növbədə isə, Şirvan ölkəsi taxtının qanuni vəliəhdi əmirzadə İbrahim ibn Sultan Məhəmməd Dərbəndiyə tərəf baxaraq, etirazla dilləndi:- Xeyr, Knyagina Yevdokiya Dmitriyevna! Tarixdə dahi memar Kərəməli Şirvanin mənim xalqıma, Moskvama və bacım Annaya olan əbədi eşqi yaşayacaq!..”
XXI əsrdə xalqlar arasında bu cür dostluq və qardaşlıq çağırışları xüsusi əhəmiyyət daşıyır. “Şirvanşahlar” tarixi trilogiyası bu istiqamətdə yeni ədəbiyyatımızda atılmış müsbət addımlardan biridir. Mənim fikrimcə, Avrasiya xalqlarının tarixi keçmişindən götürülmüş belə müsbət hadisələrin yeni nəslə çatdırılması həqiqi vətənpərvərliyin ayrılmaz hissəsidir. İlk planda “konfliktsiz roman” kimi nəzərə çarpan son postmodern romanda N.Atabəyli elmli-informasiyalı cəmiyyətlə nadanlığı üz-üzə qoyaraq, Avrasiyayönümlü ilk milli Azərbaycan maaarifçiliyinin mövqeyində durduğunu sərgiləmişdir. Romanın Baş qəhrəmanı Şahdır: əski sosialist-realizmi ədəbi metodundan tamamilə uzaq yaradıcılıq yolu tutmuş yazıçının təsvirlərində sinfi düşmənçilik ideologiyası heç yerdə nəzərə çarpmır. Birinci cilddə hələlik uşaqlıq və gənclik çağları qələmə alınmış Şirvan şahı, ali məqamına uyğun olaraq, əsərdə yazıçının müsbət idealının daşıyıcısıdır. Bunu təqdir etməmək olmaz.
Əqli və izahedici fəlsəfələrin işığında elmi və texnoloji inkişafı əvvəlki anlamlardan fərqli mövqedən qiymətləndirməklə keçmişdən gələn məlumatlara (biliklərə) şübhə ilə yanaşılması, akademik zehniyyətə qarşı insan beynində planlı şəkildə boşluqlar yaratma cəhdi ağlın üstün dialektizminə yol açamaq, ehkamçılığa qarşı getməkdir. Əgər belə demək mümkünsə, yazıçı Atabəyli ənənəvi oxucunun şüurundakı tarixizmi alt-üst edən bir roman yaratmışdır. Bunun hamı tərəfindən birmənalı qəbul ediləcəyinə mən inanmıram...
N.Atabəylinin postmodernizmi bilim, texnoloji ve ideoloji sahədə toplanmış bütün əski modern dəyərlərə şüphə doğuraraq, XXI əsr milli ədəbiyyatımıza ənənəvi rasional, Nyutoncu kateqoriyalara qarşı yeni tənqidi bədii baxışlar sistemi gətirmiştir. Müəllif mövqeyinin əsas pradiqması da elə bundadır.
Romanın Şeyx İbrahim Dərbəndinin “Hökmdarlıq dövrü”nü əks etdirən əsas hissəsi bundan sonra yazılacaqdır. Bu il Respublikamızın prezidenti cənab İlham Əliyevin xüsusi Sərəncamı ilə ölkədə “Nəsimi ili” elan edilmişdir. Dahi şair İmadəddin Nəsiminin yeni bədii obrazının canlandırılacağı XIV əsr Şirvan gerçəkliyi, heç şübhəsiz, cəmiyyətimizdə maraqla qarşılanacaqdır. Ümüd edirəm ki, yazıçı “Şirvanşahlar” saqasının “Şamaxı” səhifəsini “Dərbəndilər” səhifəsinə çevirərək, onu tezliklə başa çatdırıb, tam şəkildə oxucularımıza təhvil verəcəkdir. AtaTv.az Saytı olaraq, oxucularımız və bütün izləyicilərimiz adından Namiq Atabəyliyə bir daha yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.


AtaTv.az saytının Baş redaktoru:
Rəsafil BAYRAMOV






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930