atatv.az
atatv.az

Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb

17-06-2019, 14:03

Görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb

Bu gün görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovun vəfatından 40 gün ötür.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə bəstəkarın sənət dostları və ailə üzvləri Fəxri xiyabanda gələrək Arif Məlikovun məzarını ziyarət edib, qəbri ütünə tər çiçəklər və əklil qoyublar.

Anım mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli Arif Məlikovu görkəmli bəstəkar, böyük insan və bənzərsiz şəxsiyyət kimi xarakterizə edib. Deyib ki, onun hər bir əsəri şedevrdir. O, xalq musiqisinə arxalanaraq böyük simfoniyalar, baletlər yaradıb.

Bəstəkarın “Məhəbbət əfsanəsi”nin zirvə əsəri olduğunu deyən F.Bədəlbəyli onun kamera əsərləri, mahnıları, romanslarının da bənzərsizliyindən söz açıb. O bildirib ki, Arif müəllim çox zəhmətkeş bir insan olub, hətta gecələr də işləyib. Bütün bunlarla yanaşı, böyük bir pedaqoq olaraq özündən sonra istedadlı bəstəkarlar yetişdirib.

Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, bəstəkarın tələbəsi Ceyhun Allahverdiyev və başqaları çıxış edərək Arif Məlikov sənətinin bənzərsizliyindən söz açıblar.

Bildirilib ki, Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir.

Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur musiqisevərləri öz cazibəsində saxlamaqdadır. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir.

Vurğulanıb ki, Dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi bütün səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib.

Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930