atatv.az
atatv.az

Görkəmli aktyor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi açılıb

27-06-2019, 16:37

Görkəmli aktyor Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi açılıb

İyunun 27-də I Fəxri Xiyabanda görkəmli aktyor, rejissor, peşəkar teatr sənətinin banilərindən biri Hüseyn Ərəblinskinin qəbirüstü abidəsi açılıb.

AZƏRTAC xəbər verir ki, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev Hüseyn Ərəblinskinin ömür yolu və zəngin yaradıcılığından söhbət açıb: “Teatr sənətində öz adını qızıl hərflərlə yazmış elə şəxsiyyətlər var ki, həmin şəxslər qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq və onların adı daim böyük hörmət və ehtiramla yad olunacaq. Bu gün vəfatından 100 il ötən böyük sənətkar Hüseyn Ərəblinski belə şəxsiyyətlərdəndir. Belə bir təşəbbüs irəli sürüldü ki, onun adına layiq heykəl hazırlansın. Bu abidənin qoyulmasında məqsəd Ərəblinskinin nə qədər dahi insan olduğunu bir daha göstərməkdir. Bu böyük sənətkarın adı ilə Azərbaycan teatrının intibahı, inkişafı dövrü bağlıdır”.

Teatr sənətinin Azərbaycan xalqının tarixində özünəməxsus yer tutduğunu söyləyən nazir ölkəmizdə bu sənətin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə son illər aparılan islahatlardan danışıb. Bildirib ki, Azərbaycan teatr sənətinin, teatr xadimlərinin həm maddi, həm də mənəvi cəhətdən dəyərləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Belə ki, öz yaradıcılığı ilə fərqlənən sənət ustalarına Azərbaycan Respublikasının fəxri adları, Prezident mükafatları və Prezident təqaüdləri verilir, onların əməyi ölkənin ən yüksək mükafatlarına – orden və medallara layiq görülür. Bu gün açılışı olan Hüseyn Ərəblinskinin qəbirüstü abidəsinin hazırlanması da dövlətimizin teatr sənətinə verdiyi qiymətin göstəricisidir.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Xalq artisti Nurəddin Mehdixanlı, gənc teatrşünas Dağlar Yusif çıxışlarında Hüseyn Ərəblinskinin teatr sənətimizin inkişafındakı xidmətlərindən danışıblar.

Qeyd edilib ki, bir qayda olaraq o zaman hazırlanan tamaşaların rejissorluğunu Ərəblinski öz üzərinə götürüb. 1908-ci il oynanılan ilk milli operamız olan Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun”unun quruluşçu rejissoru Hüseyn Ərəblinski idi. Müxtəlif vaxtlarda Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu” operalarına, “Arşın mal alan”, “Ər və arvad”, “Məşədi İbad” operettalarına, Zülfüqar bəy Hacıbəyovun “Aşıq Qərib”, “Evliykən subay”, “Əlli yaşında cavan” əsərlərinə dəfələrlə quruluşlar verib.

Sonda qəbirüstü abidənin müəllifi, Xalq rəssamı Ömər Eldarov çıxış edərək dövlətimizin teatr sənətinə göstərdiyi diqqəti vurğulayıb və abidənin hazırlanması ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, abidə Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü ilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında hazırlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031