atatv.az
atatv.az

Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstində

4-07-2019, 20:56

Namiq Atabəyli
(yazıçı-publisist)

Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstində





















2019-cu il ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən Nəsimi İli elan olunmuşdur. Şirvan Azərbaycanımızın bəşəriyyətə bəxş etdiyi dahi oğullardan biri kimi Şeyx İmadəddin Nəsimi (1369-1404) poeziyası başdan-başa şər qüvvələrə qarşı mübarizə ideyası ilə zəngindir. Nəsimi də istilaçı Teymur ordularına qarşı aparılan mübarizədə bir yalnız öz xalqının deyil, bütün Şərqin ümumi azadlıq savaşının bir üzvü idi.-N.A.



Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstində
Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstində
Dahi sənətkarımız Səməd Vurğun əleyhinə gedən vulqar-sosioloji təhqirlərə qarşı ədəbi tənqidin büdcədən maliyələşən nümayəndələrinin son dövrlər ağzına su alıb susduğu tarixi şəraitdə mən öz etiraz səsimi gizlətməyi mümkün saymadım. Bir Avrasiyaçı-yazar olaraq, mövqe bildirməyi qərara aldım.
Əlbəttə, Comoluqmanın (Everestin) ucalığını kimə isə xüsusi sübut etməyin həmin ZİRVƏ üçün heç bir əhəmiyyəti yoxdur. XX əsr milli ədəbiyyatımızın korifeyi olaraq, Səməd Vurğun ucalığı da bu gün hər cür təhqirdən və tərifdən yuxarı durur, durub və duracaqdır!..
Bəxtiyar Vahabzadə “Səməd Vurğun” adlı kitabında rus tənqidçisi V.Oqnevin dilindən ölməz sənətkarımızın belə bir fikrini təkrarlayır: “Səməd Vurğun belə bir fikri təkrar etməyi sevirdi ki, qüvvətli adamın zəif cəhətləri də gərək onun gücünü göstərsin. Otellonun hər şeyə inanması onun böyük ürəyinin təmizliyindən doğur. Böyük şəxsiyyətlər olan Vurğun da, Dovjenko da qüvvətli hisslərin arzusunda idilər, çünki onlar böyük ideyalara inanırdılar. Geniş ürəklə yaşayırdılar… Onların bu aludəçiliyində bir nəciblik vardı, çünki onların məqsədləri alicənab və ümumbəşəri idi.”
Səməd Vurğun bütün Avrasiya xalqlarının azad kontinental taleyinə qanına və iliyinə qədər bağlı olan dahi şəxsiyyət idi. Onun mənəvi qüdrətini yalnız bu gün Azərbaycan respublikaçılığı ilə məhdudlaşdırıb, “Azərbaycan” şeiri, poemaları və dramları, fəlsəfi iris ilə bağlamaq çox gülünc hərəkət olardı. Elə çağdaş anti-Səməd Vurğunçu güruhun da əl atdığı əsas vasitə budur. Lakin Vurğun şəxsiyyəti qlobal əzəməti ilə onun əleyhinə qalxanların solğun simalarını cılız vəziyyətə salmaqda davam edir...
Səməd Vurğun sona kimi azərbaycanlı olduğu qədər də, həmçinin bir mükəmməl Avrasiyaçı münəvvər olmuşdur. Onun Rusiya xalqları, Moskva haqqında yazdığı şeirləri heç də amerikalı “Zəncinin arzuları” qədər az əhəmiyyət daşımır.
1991-ci ildə mənim şöbə müdiri olduğum “İlham” qəzetinin redaksiyasına göndərdiyi bir səhifəlik təbrik məktubunda 100 hərf səhvi buraxmış Biri-nin ədəbiyyatşünaslığımıza “Azərbaycan ədəbiyyatı tarixi” adlı “fundamental” cilidlər ərməğan etməsi indiki vəziyyətdə başa düşüləndir. Amma içərisində elmi nöqteyi-nəzərdən heç nə olmasa da, belə 1000 səhifəliklərin “müəlliflərinin” Səməd Vurğun əleyhdarlarına Ədəbiyyat postundan heç bir cavab verməməsi başa düşülən deyil. Azərbaycanın son ikiyüz illik kəşməkeşli taleyi onun Avrasiya ilə nə qədər sıx ilahi bağlılığını açıq-aşkar sərgiləyir. Qəti əminliklə bəyan edirəm ki, çağdaş anti-Səməd Vurğunçuluq anti-Avrasiyaçılığın əsl üzüdür. Bu, bir ideoloji müharibədir və cavabı verilməlidir.
Sovet dövrü ədəbi dahilərimiz əleyhinə yönəldilmiş iftira hərəkatının mənbəyi eynidir: birincisi, coğrafi yerlibazlıq, siyasi proteksionizm və total danabaşlıq. İkincisi, ədəbiyyatşünaslıq mövzuları altında gizlədilmiş anti-Avrasiyaçı ideoloji cəbhələşmə.
Rus xalqının dahi oğlu Puşkinin ölməz “Yevgeni Onegin” poemasını “Vaqifin şirin dilinə” çevirən Səməd Vurğunun müdafiəsi haqqında söz demək üçün əvvəla müəyyən “mənəvi səlahiyyətə” malik olmaq gərəkir. Amma bütün səmimiyyətimlə etiraf edirəm ki, mənim ADU-da müvəffəqiyyətli filoloji təhsilim və 30 illik bədi yaradıçılığım belə bir səlahiyyəti mənə vermir… Amma gələcək susanların deyil, danışanların haqqını tanıyır…
Bakı şəhərinin 1428-ci ildə ikinci dəfə Şirvan Azərbaycanımızın paytaxtı olaraq yenidən siyasi mərkəzə çevrilməsi kimi mühüm tarixi hadisəni 1944-cü ildə İkinci Cahan savaşının ən həlledici bir mərhələsində nəzərdən qaçırmamaq üçün anadan yalnız Səməd Vurğun doğulmaq lazım idi. “Bakının dastanı” poemasında Vurğun bugünümüzədək sürüb gələn 500 illik antişirvan güruhuna qarşı təkbaşına gedərək, Şirvanşahların tarixi qiymətini geri qaytarmaq cəsarətini göstərdi. Xalqımızın əbədi mənəviyyat qalası sayılan Bakımızın tarixi simasını poemada parlaq boyalarla canlandıran Səməd Vurğun böyük fəxarətlə yazırdı:
Beş yüz illik bu Sarayın ömrü vardır:
Yaratmışdır Şirvan şahı Xəlilullah.
Yazılardan gözə çarpır “BİSMİLLAH”,
O zər yazı bir rəssamdan yadigardır.

…Bakı adlı dünya görmüş bir limanda
O hökmdar qurdu Şirvan paytaxtını.
Qəsbkarlar axışdığı bir zamanda
Dönə-dönə o sınadı öz baxtını…

Bəli, o qəsbkarlardan biri də İran şahı Ağaməhəmməd Qacar olmuşdur. Səfəvilərin 1538-ci ildə siyasi varlığına son qoyduğu Şirvan Azərbaycanının tarixi əraziləri üzərinə ənənəvi yürüşlərinə heç bir zaman ara verməmiş qəsbkarlar əleyhinə dahi Səməd Vurğunumuzun sərgilədiyi açıq vətənpərvərlik mövqeyi onun bu günkü provinsiallıqdan çox-çox uzaq BAKILI qutsal mənəvi simasını təşkil edir.
Şirvanşahlar ölkəsinin tarixi parçası olan və ta qədimlərdə daha çox Arran kimi tanınmış Qarabağın öz əzəli gücündən qoparılıb, zəif salınması siyasəti Ərəb xilafətindən tutmuş, Şəddadilər, Sacilər, Rəvvadilər, daha sonra Monqol-tatarlar və Teymuri qəsbkarların ümumi dəsti-xətti olmuşdur. Odur ki, qədim Qafqaz ölkəsi olan Şirvan torpaqlarına yeni yürüş etmiş Qacarın vəhşi-qəsbkar xislətini yəğmaçının öz dili ilə ifşa edən Vurğun “Vaqif” pyesinin Dördüncü pərdə Səkkizinci şəkilində yazırdı:
Keçdi pəncəmizə gözəl Qarabağ,
Öpsün qılıncımı hər qaya, hər dağ.
Mən Qacar nəsliyəm, şahlar şahıyam,
Mən də Yer üzünün bir Allahıyam.

Gərək biz qoymayaq daşı daş üstə,
Atın yığın-yığın leşi baş üstə!
Mənim vicdanım da, qəlbim də qandır,
Dünya qan üstündə bir xanimandır!..
Gəlin onu da unutmayaq ki, tarixi Qarabağ ərazisindəki erməni məliklikləri (-indi onlara nə qədər alban adı verilsə də) yalnız Şirvanşahlar dövlətinin 1538-ci ildəki süqutundan sonra ortaya çıxarılmışlar. Bu gün o “alban” adlı kilsə əhli erməni xalqının ayrılmaz tərkib hissəsidir… Və Azərbaycanın cümhuriyyət coğrafiyasına qarşı ərazi iddeaları irəli sürür. Şirvanşahlığın süqutundan ötən 210 il ərzində qədim Qafqazın “Şir tinətlilər ölkəsində” (-İbrahim Əli oğlu Xaqani Şirvani) ağalıq edərək, bir-birini əvəzləmiş Səfəvi-Əfşar-Qacar iran sülalələrinin xalqımızın taleyində heç bir şanlı səhifəsi yoxdur. Heç şübhəsiz ki, Səməd Vurğun da ölməz “Vaqif” pyesində onların Qafqaz ölkəmizdəki bədnam fəaliyyətlərini özündən uydurub yaza bilməzdi...
Səməd Vurğun şəxsiyyəti ədəbiyyatımızda yalnız Məhəmməd Füzuli ilə müqayisə ediləcək mənəvi zirvədir. Ölməz şair mənim üçün Universitet müəllimlərim olmuş Mir Cəlal və Bəxtiyar Vahabzadə qədər dəyərli tarixi simadır. İndiyə qədər yazıb nəşr etdirdiyim dörd poemamda ən çox təsirləndiyim sənətkar da məhz Səməd Vurğundur. Xüsusilə, əsası dahi pedaqoq-şairimiz Seyid Əzim Şirvani tərəfindən qoyulmuş ilk milli-anadilli yeni məktəbimizin yaranmasının bu il (1869-2019) tamamlanmış olan 150 İlliyi münasibətilə 2016-cı ildə “Elm və təhsil” nəşriyyatında nəşr etdiyim “Müəllim” pedaqoji poemamın bütün mürəkkəb poetik arxitektonikası Vurğun sənətkarlığının üzərində qurulmuşdur. Mənim fikrimcə, Səməd Vurğunu ən azı Bəxtiyar Vahabzadə və Mir Cəlal qədər özümün Universitet müəllimim hesab etməyə hər cür haqqım çatır. Sözügedən poemaamda deyildiyi kimi:
Tarixə qılınclar, qalxanlar deyil,
Elm, mədəniyyət yol açacaqdır.
Bizi istilalar, tiranlar deyil,
Məktəblər, qələmlər yaşadacaqdır.

Bir sərgi deyildir məktəbin işi,
Zəhmətdir, rəncidir, alın təridir.
Elmlə fırlanır göyün gərdişi,
Məktəb kainatın tək məhvəridir.

Elm ilahinin nurudur! Sanma
Biriylə başlayıb, biriylə bitdi.
Bəşər yaranandan bəri daima
Məktəb sona çatmaz bir estafetdir…
Səməd Vurğunun hər iki oğulu dünyasını dəyişəndən sonra başladılmış mütəşəkkil anti-Səməd Vurğun təbliğatların arxa sırasında durmuş gizli “sima”ların özləri də artıq bu günlərdə üzə çıxmağa başlamışlar. Əlbəttə, onların unutduğu bir şey var: Səməd Vurğun məktəbi məhz öz parlaq tarixi missiyası ilə “sona çatmaz bir estafetdir.” Onu varissiz saymaq ən azı axmaqlıqdır.
Dahi şair “Rus şeirinin günəşi” məqaləsində Puşkinin özündən sitat gətirərək yazırdı:
-Yayılıb səsim tutar bu böyük Rusiyəni,
Hər tayfa öz dilində oxuyar məni. (S.Vuğun. Seç. əsərləri, 5 cilddə, V cild, Bakı-2013, Şərq-Qərb, səh.: 189).
Bəxtiyar Vahabzadə “Səməd Vurğun” kitabının Beşinci fəslini “İnqilabi-romantik poeziya” adlandırıb. Çox doğru qiymətləndirmədir. Amma bu inqilabilik xarakteri ilə o eyni zamanda milli ənənəyə, milli klassikaya ən çox baağlı olan şairimizdir. Vurğunun məqalələrindən biri elə belə də adlanır: “ Mən öz yaradıcılığmı ölənə qədər Füzulinin, Vaqifin üzərində aparacağam”. (Göst. cild, səh.: 72-74).
Bir şair ömrünün cəmi 50 yaşda tamamlanması daha çox, əlbəttə, təbiətin və cəmiyyətin günahıdır. Səməd Vurğunun qısa ömrü onun ölməzliyinə mane ola bilmədi. Odur ki, bu gün Səməd Vurğun əleyhdarları olan tənqidçi-baytarlar, akademik-mirzələr və i…-lər bir şeyi unutmasınlar ki, indi zəncilərdən tutmuş mədəni Avropaya qədər Səməd Vurğunu hər millət öz dilində oxuyur… Və oxuyacaqdır!
Dahi Məhəmməd Füzuli Bağdadda xilafətin baş qazisi Seyid Məhəmmədə yazıb göndərdiyi məşhur “Mənzumeyi-həsbihal” (Mən kiməm) qəsidəsində özünün çağdaş dövri-dunun sosial sürüsü içərisindəki qiymətinə belə məna vermişdi:
Mən kiməm?- Bir fəqiri-bisərü pa,
Kəmtərin bəndəvü kəminə gəda.
Sayiri-kargahi-səbrü sükun,
Saliki-şahrahi-fəqrü fəna…
Füzuli İslam dövlətinin İkinci adamına fikrinin davamı olaraq, açıq dillə söyləyirdi ki,
“Olmuşam eylə məhv kim, məsəla:
Mərkəzi-xaki etsə zirü zəbər,
Bulamaz gərdimi nəsimi-səba.”
Məncə, iki “şanlı türk hökmdarının” (Sultan Səlim və Şah İsmayılın) padşahlığı altında olan bir coğrafiyada ölməz sənətkarımızın bu acı tarixi Həsbi-halı dövrümüzün bir çox qəliz suallarının da cavabıdır. Əlbəttə, dahi Səmədin yüksək sənətkarlıq qiymətini yalnız qədirbilən xalqımız deyil, eyni zamanda onun ən kəşməkeşli tarixi Səməd Vurğun dühası: Avrasiyaçılıq kontekstindədövründə “hökmdarı” olmuş Mircəfər Bağırov da vermişdir. M.C.Bağırovun bu böyük tarixi xidmətini unutmağa haqqımız yoxdur. İstər Musavat Azərbaycanının rəsmi-dövlət qəzetinin Baş redaktoru olmuş ölməz bəstəkarımız Üzeyir Hacıbəyovun, istərsə də digər yaradıcı ziyalılarımızın müəyyən qisminin siyasi repressiyalardan qorunub saxlanılmasında ən yüksək tarixi rol məhz Mircəfər Bağırovunkudur. Bu gün Çingizxanların, Əmir Teymurların, Səfəvilərin və Osmanlının tərifində dil yoranların ölməz Füzulinin yuxarıdakı Qəsidəsini oxuması lazımdır: çünki bunsuz Səməd Vurğun dühasının qədr və qiymətini bilmək imkansızdır:
Bir diyar içindəyəm ki, xəlqindən,
Eyləməz heç kim mənə pərva.
Kimsə yox dərdim söyləyim izhar,
Eyləyim ondan iltimasi-dəva.
Ləlvəş daş içindədir vətənim,
Gül kimi xarı qılmışam məva.

Yazımızın əvvəlində dahi şairimizin kommunist ideyalarına “alicənab” səmimi inamı ilə bağlı V.Oqnevin fikirlərini sitat gətirmişdik. Əlbəttə, Vurğunun romantik-inqilabi poeziyasından kommunizm ideoloji rənglərini yox etmək, şairin misralarını “retuşlamaq” niyyətimiz yoxdur. Buna heç ehtiyac da görmürəm. Çünki S.Vurğun bu ideyalara səmimiyyətilə inamışdır. Məncə, açıq etiraf etməyin zamanıdır ki, bu ideyaya elə bizim də əksəriyyətimiz uzun illər beyət etmişik. Mənim “kommunist biletim” olmasa da, komsomol biletim vardı. Şairin “Komsomol poeması” ən çox sevdiyim əsər idi. Amma bu gün həmin qırmızı biletləri ayaqlar altına ataraq, əcdadlarından “xan” və “şah” düzəldənlərin arasında yer almadığım üçün özümü daha xoşbəxt sayıram. Çünki “Atabəyli” ləqəbim mənim gerçək “atabəylikdən” gələn tayfa mənşəyimdir. Bu fakt Q.Qeybullayevin 1994-cü ildə nəşr edilmiş “Azərbaycan toponimləri lüğəti“ kitabının “Atabəyli” şərhində Sığırlı kəndinin Atabəyli məhəlləsi şəklində verilmişdir. Mən əcdadlarımdan imtina edə bilmərəm. Çox əlamətdar haldır ki, dahi Səməd Vurğunumuzun da nəsil mənşəyi məhz bir Bəy ailəsinə bağlı olmuşdur. Məhz bu “bəylik” şəcərəsi deməyə əsas verir ki, Monqol titulu sayılan “xan” titulundan fərqli olaraq, Vurğunun nəsil şəcərəsi onu Qıpçaq türklüyünə bağlayır. Məhz qədim bir Qıpçaq ərazisi olaraq tanınan Borçalı və Şəmsəddin mahalları Vurğun poeziyasının bədii mayasını təşkil edir. Bəxtiyar Vahabzadə şairin ana təbiətə bu tarixi bağlılığının genezisinin araşdırarkən maraqlı açıqlamalar vermişdir: “Şair təbiətə müstəqim mənada sadəcə daş-torpaq, ağac, qaya, dağ kimi baxmır, onda “insan kamalını”, “insan əməllərinin təcəssümünü”, “çırpınan ürəklərin həyəcanlarını” axtarır”. Tamamilə doğru fikirdir.
Bununla belə, şairin haqlı bir əndişəsi də var:
Kür qırağı… Qarayazı… Göy çəmən…
Qoşa palıd, tüstülənən od-ocaq,
Saç ağarıb, unutmadım sizi mən.
Hansı şair sizi bir də yazacaq?..

Bu gün anti-Səməd Vurğun cəbhəsi yaradanların cəhdləri Sovet hakimiyyətinin ilk illərindəki anti-Füzuli, anti-Nizami cəbhəçilərin ambissiyalarını xatırladır. Anti-Füzulilər dahi sənətkarımızı Saray-feodal ideologiyasının nümayəndəsi hesab edirdilər, anti-Səməd Vurğunçular isə onu “kommunizmin mübəlliği” sayırlar. Füzulinin şeir sənətkarlığı dövrün ən populyar vəznində- Əruzda olduğundan ədəbiyyat diletantlarımız klassik şeir texnologiyasını “feodalizm ünsürü” adlandırıb, “daloy Füzuli” bağırırdılar, Vurğun poeziyasındakı inqilabi-romantikanı da onun oppozisyonerləri kommunizm ideologiyası sayaraq, əleyhinə qalxmışlar. Bu, əlbəttə, çox acınacaqlı bir haldır. Bir zamanlar Füzulinin, Nizaminin Allah, peyğəmavərlər və şahlar üçün yazdığı tərənnümləri rədd edib, irsindən çıxaranlar, indi də Vurğunun kitablarının təftişinə girib, onu inqilabi-romantikadan məhrum etməyə üz qoymuşlar. Nə üçün?!
Başa düşmək lazımdır ki, Səməd Vurğunun faşizm üzərində bəşəriyyətin 9 May (1945-ci il) qələbəsinə həmin gün yazdığı “Zəfər bayramı” şeiri millətimizin millətlər içərisində görünən ən Böyük imzasıdır. Qarşıdan həmin tarixi zəfərin 75-ci İldönümü gəlir. Bu Qələbənin naminə mənim də babalarımdan biri antifaşist cəbhədə çox gənc yaşında həlak olmuşdur. Anam atasız böyümüşdür. Böyük Avrasiyamızın azadlığı yolunda şəhid olmuş babalarımızın tarixi qəhrəmanlığına dahi Səməd Vurğunumuzun aşağıdakı qızıl beytlərindən yüksək qiyməti kim verə bilər?!
Yazılsın tarixə bir qızıl xətlə
45-ci ilin Doqquz May Günü.
Başlansın şeirlə, sazla, söhbətlə
Bu ellər bayramı, ellər düyünü.

Mən də haqq eşqinə, İnsan eşqinə
Günəşi qaldırdım piyalə kimi.
Şəhidlər ömrünün saf türbəsinə
Şeirim ətir saçır bir lalə kimi…

…Gül, ey nazlı Vətən!- Odlar torpağı!
Duz-çörək hazırla qəhrəmanlara.
Böyük bir ordunun zəfər bayrağı
Günəş tək yayılır asimanlara.
2019-cu il ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən Nəsimi İli elan olunmuşdur. Şirvan Azərbaycanımızın bəşəriyyətə bəxş etdiyi dahi oğullardan biri kimi Şeyx İmadəddin Nəsimi (1369-1404) poeziyası başdan-başa şər qüvvələrə qarşı mübarizə ideyası ilə zəngindir. Nəsimi də istilaçı Teymur ordularına qarşı aparılan mübarizədə bir yalnız öz xalqının deyil, bütün Şərqin ümumi azadlıq savaşının bir üzvü idi. Bu poeziya ilk növbədə vahid bölünməz Avrasiya birliyi ideyasının təməl daşlarından olmuşdur. Və olaraq qalır! Böyük Nəsimi bütün mütərəqqi insanlığı Yaxşılığı əldə Bayraq tutaraq ümumi Şərə qarşı mübarizədən bir addım belə geri çəkilməməyə səsləyirdi. Ümumbəşəri əqidəsi və azadlıq ideyası yolunda həyatını qurban vermiş bu dahi şirvanlının mənəvi siması onu 1945-ci ildə Faşizm üzərində qələbə çalmış babalarımızın 9 Mayını qutlayan dahi Səməd Vurğunumuzla doğmalaşdırır, eyni nəsil bağında birləşdirir və əbədiləşdirir…
Nəhayət, bədii ədəbiyyatımızda gələcək Vahid Avrasiya birliyimizin son azadlıq ruporu olmuş Səməd Vurğuna qarşı cihad edən qaragüruhlara cavab kimi, Şeyx Nəsimi İlimizlə əlaqədar olaraq, sözümü dahi şirvanlı eloğlumuzun Fars Divanından (-“Sirlər dəryası” ndan) aşağıdakı beş beytlə bitirirəm.

Əzəl gündən Allah birdir, bir olaraq qalacaq da,
İnsan ruhu- Haqqın nuru, insan ağlı bir Peyğəmbər.

Zər eşqilə Allah eşqi sığışmaz bir saf ürəyə,
Heç bir ölkə abad olmaz, iki şahı olsa əgər.

Bir mədəndən çıxarırlar poladı də, dəmiri də,
Biri safdır ayna kimi, digərindən nal düzələr.

Arif işin dürüst tutar, nadan daim eyb axtarar,
Nöqsan gəzməz pak könüldə əsli gövhər ər oğlu ər.

İnsan özün dərk edərsə, dərk eləyər Allahı da:
Əməlində, imanında YAXŞILIĞI tutar rəhbər!..


AtaTv.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031