Azərbaycanda nazirlik əməkdaşları güllələndi - YENİLƏNİB

kriminal
28 yan 2021
12:48
Azərbaycanda nazirlik əməkdaşları güllələndi - YENİLƏNİB
“Ötən gecə Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması nəticəsində yaralanan üç şəxsin müalicəsi davam etdirilir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.

Onun sözlərinə görə, gecə saatlarında brakonyer Qızılağac Milli Parkının Kiçik Körfəz ərazisində qanunsuz balıq ovu üçün daxil olublar:

“Onlar əməkdaşlarımıza atəş açıb. Üç nəfər yaralanıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb”.

O qeyd edib ki, nazirliyin əməkdaşları hadisə baş verən əraziyə ezam edilib:

“Daha geniş məlumat veriləcək”.

11:51

Yanvarın 27-də Qızılağac Milli Parkının mühafizə yegerləri və mühafizə müfəttişinə qarşı zor tətbiq olunması ilə bağlı Lənkəran rayon prokurorluğuna məlumat daxil olub.

Lənkəran rayon prokurorluğundan verilən məlumata görə, araşdırmalarla 27 yanvar 2021-ci il tarixdə saat 23 radələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Qızılağac Milli Parkının mühafizə yegerləri Zahir Bəşirov, Ceyhun Mustafayev və mühafizə müfəttişi Natiq Rzazadənin qanunsuz ov edən şəxslərin müəyyən edilməsi məqsədilə qeyd edilən parkda xidməti vəzifələrini icra edərkən naməlum şəxs tərəfindən ov tüfəngindən atəş açaraq sonunculara xəsarət yetirilməsi müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.