atatv.az
atatv.az

"Mənim idealım hər zaman Alim Qasımov olub"

22-06-2018, 11:46

"Mənim idealım hər zaman Alim Qasımov olub"
Xalq onu “Muğam müsabiqəsi” ilə tanıdı və sevdi. Dünyanın müxtəlif ölkələrində Azərbaycan musiqisini layiqincə təmsil edən əməkdar artist, Prezident təqaüdçüsü Babək Niftəliyevin Moderator.az üçün verdiyi müsahibəni oxuculara təqdim edirik.

- Sənətinizdə hansı yeniliklər var?

- Bir çox gözəl bəstələrin müəllifi Ruslan Əhmədoğlu ilə yeni musiqilər üzərində işləyirik. Bununla yanaşı qədim xalq mahnılarını da ifa etmək fikrim var. Hal - hazırda bu mahnılar aranjiman olunur. İnşallah yaxın zamanlarda yeni gözəl ifalar dinləyicilərin sərəncamına veriləcək.

- Müxtəlif sənətkarlardan dərs almısınız. Bu sənətdə sizin idealınız kim olub?

- Müxtəlif zamanlarda müəyyən tədris ocaqlarında dəyərli sənətkarlarımız Sərdar Bağırov, Canəli Əkbərov, Arif Babayev və rəhmətlik Məmmədbağır Bağırzadə müəllimlərim olublar. Ancaq hər insanın hələ sənətə, yaradıcılğa meyli olan hər kəsin daxili aləmində, öz dünyasında bir idealı, pərəstiş etdiyi bir insan olur. Mənim də idealım hər zaman dünya şöhrətli sənatkarımız, dəyərli muğam ustamız Alim Qasımov olub.

- Musiqinin bir neçə janrında ifa edirsiniz...

- Haqlısınız, musiqinin bir neçə janrında ifa edirəm. Ozan sənətini çox sevirəm və bunun məktəbini bitirmişəm. Sazda aşıq musiqiləri ifa edirəm, eyni zamanda səsləndirirəm. Bununla yanaşı klassik bəstəkarların da mahnılarını ifa etməyə üstünlük verirəm. Eyni zamanda vokal, estrada janrlarını da bilirəm. Ancaq mənim tapındığım, ifa etməkdən zövq aldığım janr muğamdır. Mənim üçün muğam ilahi bir musiqidir.

- Bir tək Elnarə Abdullayeva duet ifa etmisiniz. Yeni duetlər gözlənilirmi?

- Bu yaxınlarda bir xanım ifaçı ilə duetimiz olacaq . Adını hələ ki, bildirmək istəmirəm, tezliklə siz də şahidi olacaqsınız.

- Bəzən muğamı rep və ya meyxana ilə sintez edirlər. Bunu necə qarşılayırsınız?

- İlk öncə qeyd edim ki, muğamın hər musiqi ilə sintezi alınır. Ancaq çalışmaq lazımdır ki, bu sintezi də uğurlu həyat keçirəsən. Ümumiyyətlə uğurlu, sanballı olan hər bir iş bəyənilir. Muğamın digər janrlarla sintezinə pis baxmıram, əsas odur ki, görülən iş gözəl, professional olsun.

- Eyni zamanda pedaqoji fəaliyyətlə məşğulsunuz. Xanəndə üçün vacib olan amil əsasən gözəl səsdirmi?

- Hal - hazırda muğam sənətinə böyük bir diqqət var. Dövlətimiz tərəfindən muğamın dəstəklənməsi, ona olan marağı daha da artırır. Artıq 4 ilə yaxındır ki, mən Sumqayıt Musiqi Kollecində müəllim işləyirəm. Yanıma çox uşaqlar gətirilir. Ancaq mən seçim edərkən ilk öncə səsə, ritm duyumuna və zənguləyə əhəmiyyət verirəm. Bununla yanaşı səs diapazonuna fikir vermək lazımdır. Xanəndənin səsi 2 oktava yarım olmalıdır ki, muğamın şöbə güşələrini ifa edə bilsin. Daha sonra isə görkəm lazımdır. Ancaq qeyd etdiyim kimi görkəm arxa planda durur.

- Efirlərdə az görünürsünüz...

- Ustadlarımız hər zaman qeyd edir ki, efirdə çox görünüb dinləyicini doyuzdurmaq olmaz. Dinləyici bir az tamarzı qalmalıdır. Mən də çalşıram efirdə çox tez-tez görünməyim. Düşünürəm ki, mən də efirdə qədərində görünürəm.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930