Britaniya bankı terrorçuları maliyyələşdirməyə kömək etməkdə ittiham olunur
dunya 5-06-2024, 08:47

Britaniya bankı terrorçuları maliyyələşdirməyə kömək etməkdə ittiham olunur

Böyük Britaniyanın ən böyük banklarından biri olan “Standard Chartered” bankı terrorçuları maliyyələşdirməyə kömək etməkdə ittiham olunur.

BBC telekanalına istinadla xəbər verir ki, Nyu-York məhkəməsinə təqdim edilən yeni sənədlərdə bankın 2008-2013-cü illərdə İrana qarşı sanksiyaları pozaraq 100 milyard dollardan çox dəyərində minlərlə əməliyyat həyata keçirdiyi iddia olunub. Həmçinin müstəqil ekspert bankın, ABŞ hökuməti tərəfindən terrorist qrupları kimi tanınan Hizbullah, HƏMAS, “Əl-Qaidə” və Taliban kimi qurupları maliyyələşdirən şəxslər və şirkətlərlə 9,6 milyard dollarlıq valyuta əməliyyatı apardığını müəyyən edib.

Qeyd edək ki, “Standard Chartered” bankı 2012-ci ildə ABŞ Ədliyyə Departamenti tərəfindən araşdırmaya məruz qalmışdı. Lakin 2012-ci ilin sentyabrında Devid Kemeron hökumətinin o zamankı maliyyə naziri Corc Osborn bankın adından məsələyə gizli müdaxilə etmişdi. Üç ay sonra ABŞ Ədliyyə Nazirliyi bankı mühakimə etmək qərarından yayınmışdı.

Hazırda yeni iddiaçılar bankın 2012-ci və 2013-cü illərdə ABŞ hakimiyyət orqanlarına təqdim etdikləri elektron cədvəlləri və sənədləri ekspertizadan keçirərək onların içərisində gizlənmiş məlumatları aşkar etdiklərini bildiriblər.

Qeyd edək ki, bank iki dəfə- əvvəlcə 2012-ci ildə, sonra isə 2019-cu ildə İrana və digər ölkələrə qarşı sanksiyaları pozduğunu etiraf edib və ümumilikdə 1,7 milyard dollardan çox cərimə ödəyib. Lakin bank “terrorçu” təşkilatlar üçün əməliyyatlar apardığı iddialarını qəbul etməyib.[/i]