Azərbaycanda kredit borcuna görə daha heç kimi həbs edilməyəcək - QƏRAR

gundem / cemiyyet
23 iyul 2021
17:00
Azərbaycanda kredit borcuna görə daha heç kimi həbs edilməyəcək - QƏRAR

Bu gün Avropa İnsan Haqları Məhkəməsi (AİHM) borcunu ödəyə bilmədiyinə görə üç Azərbaycan vətəndaşının inzibati qaydada həbsini qanunsuz hesab etdi.

Atatv.az xəbər verir ki, bu barədə vəkil Əkrəm Həsənov məlumat verib.

Vəkil qeyd edib ki, Avropa Məhkəməsi Azərbaycanı borca görə qanunsuz həbslərə görə 10 min 800 avro cərimələyib: “Dövlətimiz qanunsuz həbs edilmiş hər vətəndaşa 3600 avro kompensasiya ödəməlidir. Vaxtında ödəməsə, bu məbləğin üzərinə faiz gələcək.

Hər kəs borcuna görə yalnız əmlakı ilə cavabdehdir. Əmlakı yoxdursa, borcu da ödəmir və buna görə heç bir məsuliyyət daşımır. Nə canı, nə də azadlığı ilə!

Lakin Azərbaycan borcunu ödəyə bilməyən şəxslərin həbs olunduğu yeganə Avropa dövlətidir. Borca görə həbs tarixən barbar cəmiyyətlərinə xas olub, ilk dəfə VII əsrdə müsəlman aləmində buna son qoyulub və XIX əsrdə Avropa da bu yanaşmanı qəbul edib.

Formal olaraq məhkəmələrimiz guya vətəndaşları borcunu ödəyə bilmədiklərinə görə deyil, borcun ödənilməsi haqda məhkəmə qərarını üzrsüz səbəbdən icra etmədiklərinə görə həbs edirlər. Amma bu zaman səbəbin niyə üzrsüz olduğunu hakimlərimiz əsaslandırmır. Faktiki olaraq əmlakı olmayan işsiz şəxsləri həbs edirlər.

AİHM şikayətlərimi təmin edərək bu həbslərin Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) pozduğunu təsdiq edib. Çünki məhkəmələrimiz borcluların təqsiri məsələsini araşdırmayıb. AİHM-in qənaətinə görə vətəndaş maddi imkansızlığını səbəb gətirərək borcunu ödəyə bilmirsə, bu faktı sübut etməli deyil. Əksinə, ittiham tərəfi (icra məmuru) əksini sübut etməlidir (yəni pulu var, amma ödəmir).

Şikayətlərimdə həmçinin Konvensiyanın 4-cü Protokolunun 1-ci maddəsinin (“Borca görə azadlıqdan məhrum etmənin qadağan olunması”) pozulduğunu göstərmişdim. Həmin maddədə deyilir: “Heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz”.

Xatırladaq ki, Azərbacyanda borclara görə həbslər 2016-cı ildən başlayıb.