gundem / siyaset

İstanbul Baş Prokuroru Bakıda

İstanbul Baş Prokuroru Bakıda

Türkiyə Respublikası İstanbul şəhər Baş Prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti 23 noyabrda Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirib, məzarları üzərinə tər gül dəstələri qoyublar.
Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Görüş zamanı dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə uğurla inkişaf etdiyi xüsusilə qeyd olunub, tarixən xalqlarımızın milli köklərə söykənən bu münasibətlərin gələcək dövrdə də uğurla inkişaf etdiriləcəyi vurğulanıb.

Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.
18:24 | 23.11.2021
185