Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir

gundem
21 may 2024
14:00

Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir

İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə inşa edilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir.
İşlərin başa çatması ilə əlaqədar may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib.
Açılış mərasimində qeyd edilib ki, “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Keçirilən mərasim iki qonşu dövlət arasında dostluğun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda, gələcək planlarımızda özünü göstərəcək”.
Bu gün bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir. İran və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər. Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki dövlət bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətini, öz niyyətini ifadə edirlər.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq.
Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Daşımalar bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür. Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın, ölkələrimizin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və genişlənməsinə xidmət edəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir