Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

gundem
25 may 2024
15:10
Azərbaycanın Müstəqillik Günü Pakistanda qeyd olunub

Azərbaycanın Pakistandakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə İslamabad şəhərində rəsmi qəbul keçirib.

Səfirlikdən bildiriblər ki, tədbirdə hər iki ölkənin himni səsləndikdən sonra Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov 106-cı ildönümü qeyd olunan və müsəlman Şərqində ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi müstəqillik yolundan danışıb. Səfir Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində əldə etdiyi uğurlardan söz açıb, onun demokratik ənənələrin və milli dövlətçiliyin formalaşmasındakı mühüm rolunu vurğulayıb, ölkənin gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını deyib. O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi olan müstəqil Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini bərpa edib və öz suverenliyini Azərbaycan xalqı və dövləti qarşısında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyevin sayəsində qoruyub saxlaya bilib. Azərbaycan Ulu Öndərin siyasi varisi olan Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda özünün inkişaf dövrünü yaşayır.

Ölkəmizin beynəlxalq aləmdə keçdiyi inkişaf prosesindən danışan Xəzər Fərhadov Azərbaycanın BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və digər bir çox mühüm qurumlara uğurla sədrlik etdiyini deyib. Bildirib ki, Azərbaycan bütün ölkələrin yekdil dəstəyi ilə COP29-a növbəti ev sahibliyi etmək hüququ qazanıb. Bu, Azərbaycanın iqlim dəyişikliyinin milli, regional və qlobal miqyasda həllində liderliyinin və səylərinin tanınmasını nümayiş etdirir.

Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə əlaqələndiricisi xanım Romina Xurşid Aləm Azərbaycan hökumətini və xalqını Müstəqillik Günü münasibətilə təbrik edib. O, iki ölkə arasındakı əlaqələrdən danışaraq bildirib ki, Pakistan müstəqilliyinin ilk günündən Azərbaycan ilə qardaşlıq əlaqələrini yüksək qiymətləndirir.

Ölkəsinin Azərbaycana həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində ənənəvi olaraq hərtərəfli dəstəyini davam etdirdiyini vurğulayan xanım Romina Xurşid Aləm, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu bildirib.

Tədbir zamanı Azərbaycana aid videoçarxlar nümayiş etdirilib.