Sərhədçi kursantlar "Rəngin poetikası, şeiriyyətin rəngi” adlı sərgi ilə tanış olublar
gundem 10-06-2024, 11:23

Sərhədçi kursantlar "Rəngin poetikası, şeiriyyətin rəngi” adlı sərgi ilə tanış olublar

Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasında Sumqayıt Dövlət Rəsm Qalereyasının və Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsinin birgə təşkilatçılığı ilə sərhədçi kursantların asudə vaxtlarının səmərəli təşkili və bədii-estetik zövqlərinin formalaşması məqsədilə "Rəngin poetikası, şeiriyyətin rəngi” adlı sərgi-tədbir keçirilib.

Tədbir müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sərgidə Sumqayıtın peşəkar rəssamları Ellada Həsənova, Tofiq Əhmədov və Sevil Mahmudovanın əsərləri nümayiş olunub. DSX Akademiyasının komandir və pedaqoji heyəti və akademiyada təhsil alan kursantlar rəsm əsərlərinə tamaşa etməklə yanaşı, rəssamlıq peşəsi, bu peşənin incəlikləri, gözəllikləri və insan psixologiyasına təsirləri barədə, habelə rəsm əsərlərinin insanlarda vətənpərvərlik hisslərinin formalaşdırılmasında, əsl vətəndaş kimi yetişməsində oynadığı rol barədə fikir mübadiləsi aparıblar.

Tədbir tanınmış şair və yazıçıların iştirakı ilə davam edib. Çıxış edənlər, Gülnarə Camaləddin, Əvəz Mahmud Lələdağ, professor Rafiq Yusifoğlu, Hafiz Ataxanlı, Rauf Ağakişiyev bədii ədəbiyyatın, incəsənətin estetik dəyərlərindən danışıblar, yurd sevgisini, dövlətçilik təfəkkürünü özündə ehtiva edən poeziya nümunələri səsləndiriblər.

Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi, general-mayor Azər İbrahimov layihənin gerçəkləşməsində verdikləri dəstəyə görə yaradıcı sumqayıtlılara öz minnətdarlığını bildirib. O, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyimizə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsində əhəmiyyətli rolunu qeyd edib.

Sonda qonaqlara Akademiyanın fəxri fərmanı təqdim edilib.