Prezident İlham Əliyevin Türk Dünyasının Birliyi İçin Göstərdiyi Liderlik ve TÜRKPA'nın rolu

gundem
11 iyun 2024
10:04
Prezident İlham Əliyevin Türk Dünyasının Birliyi İçin Göstərdiyi Liderlik ve TÜRKPA'nın rolu

Prezident cənab İlham Əliyev Türk dünyasının birləşməsinə hər zaman böyük səy göstərib. Türk Dövlətləri Təşkilatının yaradılmasında da ölkə başçımızın böyük əməyi olmuşdur. Bu gün TDT dünyada nüfuzlu bir təşkilata çevrilməkdədir. Təşkilata üzv və müşahidəçi dövlətlərin parlamentləri arasında da ikitərəfli və çoxtərəfli əlaqələr sürətlə inkişaf etdirilir. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Türk Dövlətləri Parlament Assambleyası - TÜRKPA ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin gücləndirilməsinə böyük təkan verir.
Prezident cənab İlham Əliyev TÜRKPAnın növbəti plenar iclasının iştirakçılarını qəbul etdi və çıxışında Türk dünyasının birləşməsinin tarixi bir hadisə olduğunu və Azərbaycanın Türk dünyasının birliyinə, bütün sahələrdə əlaqələrin güclənməsinə böyük önəm verdiyini vurğuladı. TÜRKPA beynəlxalq təşkilatlarda vahid bir mövqedən çıxış edərək Türk dünyasının birliyinin möhkəm təməllər üzərində qurulduğunu nümayiş etdirir. Prezident cənab İlham Əliyevin "Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur" fikirləri Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Türk dünyasının birliyinin gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrin qurulması bunun ən bariz nümunəsidir. Ölkə başçımız TDTnin Zirvə görüşlərinin tez-tez keçirilməsinin əlaqələrimizin gücləndirilməsinə böyük təkan olacağını da vurğuladı.
Müasir dünyada mövcud geosiyasi vəziyyət, ümumiyyətlə dünyada siyasi proseslərin sürətli inkişafı həqiqətən də Türk dünyasının birliyinin gücləndirilməsini zəruri edir və Zirvə görüşlərinin tez-tez keçirilməsini labüd edir. Bir neçə gündən sonra Şuşada təşkil olunacaq TDTnin qeyri-rəsmi Zirvə görüşü də çox əhəmiyyətli olacaq. Görüşün mövzusunun nəqliyyat və iqlim məsələləri olması təbiidir. Türk dövlətləri arasında nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi çox aktual məsələdir. Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi Orta Dəhlizin potensialını daha da artıracaq. Azərbaycanın COP-29 konfransına ev sahibliyi etməsi və tədbirə hazırlıq ərəfəsində dost və qardaş dövlətlərlə bu məsələnin müzakirəsi böyük töhfələr verəcək.
Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi Türk dövlətləri tərəfindən böyük sevinclə qarşılandı. Ərazilərimizin yenidən qurulmasında Türkiyə şirkətləri çox yaxından iştirak edir. Xüsusi ilə nəqliyyat infrastrukturunun yenidən qurulmasında Türkiyə şirkətləri böyük layihələrlə çıxış edir. İşğaldan azad edilmiş torpaqlarda Özbəkistan və Qazaxıstan dövlətləri tərəfindən məktəbi və incəsənət mərkəzi inşa edilərək Azərbaycana hədiyyə edilmişdir. Qırğızıstan Ağdam rayonunda, Macarıstan isə Cəbrayılda öz vəsaitləri hesabına məktəb inşa etdirəcək. İşğaldan azad edilmiş ərazilərdə Türk dünyası birlik, qardaşlıq nümayiş etdirir. Türk dövlətləri coğrafi cəhətdən böyük bir ərazini əhatə edir və böyük potensiala malikdir. Digər tərəfdən dövlətlərimizin ərazisində zəngin təbii sərvətlər var və demoqrafik vəziyyət çox müsbətdir. Bütün bu potensialların birləşməsi
dünya miqyasında Türk dünyasını böyük gücə çevirəcək.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor